AnalitikaManşetSiyasət

İlham Əliyevdən Kremlə xəbərdarlıq: NATO və Avropa Birliyi mesajları

Azərbaycanın xarici siyasət (milli təhlükəsizlik) yanaşması 2008-ci ildən öncəki vəziyyətə qayıdırmı?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün Latviya Respublikasının Prezidenti Egils Levitslə birgə mətbuat konfransında səsləndirdiyi fikirlər Rusiyaya mesaj ya da xarici siyasət yanaşmasında 2008-ci ildən öncəki duruma qayıdışın önəmli mesajı xarakteri daşıya bilər. Azərbaycan liderləri uzun müddətdən sonra ilk dəfə bu qədər açıq şəkildə Avropa Birliyinin və NATO-nun adını eyni kontekstdə bu qədər müsbət şəkildə çəkirlər. Prezident İlham Əliyev Pribaltika ölkələrinin AB və NATO üzvü olaraq uğurla inkişaf etdiklərini, Cənubi Qafqaz ölkələrinin isə müharibələr, terror və s. içində geridə qaldığını vurğulayıb. Cənubi Qafqaz ölkələrinin Baltik ölkələrinin yolu ilə gedə biləcəyini (açıqca NATO üzvlüyü və s. vurğusu etmədən) bildirib.

Xatırladım ki, 2007-ci il tarixli Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasında Azərbaycan özünü “Avro-Atlantik təhlükəsizlik arxitekturasının ayrılmaz bir halqası” kimi xarakterizə etmiş, Avro-Atlantik siyasi, təhlükəsizlik, iqtisadi və digər strukturlara inteqrasiya Azərbaycanın strateji hədəfi kimi qeyd edilmişdi.
Sadəcə olaraq Qərbin Qarabağ məsələsinə qüsurlu yanaşmasından, eləcə də Türkiyə-Ermənistan münasibətlərinə dair təzyiqlərindən (yəni, Qərbin Azərbaycanın məsələlərinə qüsurlu yanaşdığına dair inancın güclənməsindən) və 2008-ci ilin avqust müharibəsində Gürcüstana dəstək barədə qətiyyətsiz mövqeyindən (yəni, Qərbə inteqrasiya arzusunun praktikada işə yaramadığına və nəticə yaratmadığına dair inancın güclənməsindən) sonra Azərbaycan rəsmi olaraq konsepsiyanı dəyişməsə də praktikada xəttini dəyişdi. Qərb daha çox tənqid obyekti oldu, NATO-nun adı müsbət şəkildə o qədər də çəkilmədi. İndi isə sanki əvvəlki mənzərəyə qayıdışın işarələri var. Digər səbəblərlə yanaşı bunun Azərbaycan ərazilərində müvəqqəti yerləşmiş Rusiya sülhməramlılarının beynəlxalq hüquqa zidd davranışlarından (əslində, Rusiyanın mövqeyindən narazılıqdan və bu mövqeyin dəyişməyəcəyinə dair inancın güclənməsindən) qaynaqlanma ehtimalı da var. Bizi əvvəlkindən daha mürəkkəb və maraqlı proseslər gözləyir.

Qeyd 1 (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günkü açıqlaması): Biz gələcəyə baxmalıyıq və sülh şəraitində yaşayan Cənubi Qafqazı qurmalıyıq. Biz Baltik ölkələri arasında sıx əməkdaşlıq və inteqrasiyanın faydasını görürük. Biz uzun illər eyni ölkədə bir yerdə yaşamışıq. Onlar sıx əməkdaşlığın qurulmasına müvəffəq oldular. Hazırda uzun illərdir ki, onlar Avropa İttifaqının və NATO-nun üzvləridir. Onlar uğurla inkişaf edirlər. Əfsuslar ki, Cənubi Qafqazda fərqli vəziyyətdir. Bizdə müharibələr, separatizm, terrorçuluq, ekstremizm olub. Hazırda buna son qoyulmalıdır və əgər bu baş tutarsa, onda keçmiş SSRİ-nin Baltik ölkələri kimi Cənubi Qafqazın da dinc və çiçəklənən inkişaf şansı olacaq.

Qeyd 2 (Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasının müvafiq hissəsləri)

1. TƏHLÜKƏSİZLİK MÜHİTİ

Qərb və Şərq dünyalarının qovuşduğu coğrafi məkanda yerləşən Azərbaycan Respublikası bir çox sivilizasiyaların müsbət məqamlarını özündə cəmləşdirmişdir. Avropanın mütərəqqi dəyərlərini paylaşan və Avro-Atlantik təhlükəsizlik arxitekturasının ayrılmaz bir halqası olan Azərbaycan Respublikası bu məkanın təhlükəsizliyinə öz töhfəsini verməkdədir.

4.1.2. Avropa və Avro-Atlantik strukturlara inteqrasiya

Azərbaycan Respublikası Avropa və Avro-Atlantik siyasi, təhlükəsizlik, iqtisadi və digər strukturlara inteqrasiya strateji məqsədini güdür. Azərbaycan Respublikası Avro-Atlantik strukturlarla tərəfdaşlığı bütövlükdə Avro-Atlantik məkanda ümumi təhlükəsizliyə, iqtisadi inkişafa və demokratiyaya dəstək verəcək vasitə kimi görür. Azərbaycan Respublikası Avropa və Avro-Atlantik məkanda qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında NATO ilə birgə işləyir və təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğrafi və siyasi ayrı-seçkilik olmadan Avropa və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü bölüşmək əzmindədir.

Araz Aslanlı, politoloq

Bənzər yazılar

Back to top button