İqtisadiyyatManşet

İşdən çıxarılan 70 yaşlı nazir müavini hansı işlə məşğul olacaq? – Turizm şirkətləri, icarəyə verilən obyektlər…

Bu ilin mart ayının 1-də Vaqif Əliyev mədəniyyət nazirinin müavini vəzifəsindən azad edildi.

Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildən başlayaraq 30 ilə yaxın müxtəlif vəzifələrdə çalışmış Vaqif Əliyev oliqarx məmurlar siyahısına da daxil ola bilib.

1994-cü ildən 2003-cü ilə kimi gənclər, idman və turizm nazirinin birinci müavini, 2003-2011-ci illərdə Sumqayıt şəhr İcra Hakimiyyətinin başçısı, 2011-ci ildən 2023-cü ilə qədər mədəniyyət nazirinin birinci müavini vəzifəsində çalışan Vaqif Əliyev ixtisasca fizikdir.

İndi hər kəsi bir sual maraqlandırır: Uzun illər məmur kimi fəaliyyət göstərmiş 70 yaşlı Vaqif Əliyev bundan sonra hansı işlə məşğul olacaq?

Redaksiyamıza daxil olan məlumata görə, Vaqif Əliyev 3200 manatdan artıq təqaüd alacaq. Həmçinin, sabiq nazir müavinin Türkiyədə və Bakıda turizm şirkəti, Sumqayıtda ticarət obyektləri də var. Hazırda onların bir çoxunu icarəyə verib.

Bununla yanaşı, keçmiş birinci müavinin milyonluq mülkləri, Nərimanov rayonunda “milyonerlər məhəlləsi” kimi tanınan ərazidə villası da var.

Vaqif Əliyev nazir müavini olduğu dövrdə qohum-əqrabasını da unutmayıb. Onları da müxtəlif dövlət vəzifələrinə yerləşdirməyi bacarıb.

Keçmiş müavinin qaynı Talıbov Fikrət Fərəc oğlu Fövqəladə Hallar Nazirliyinin (FHN) hüquq idarəsində rəis müavindir. Fikrət Talıbov bundan əvvəl ləğv edilmiş Milli Təhülkəsizlik Nazirliyində (MTN) polkovnik-leytenant rütbəsində müxtəlif vəzifələrdə çalışıb.

Daim dəbdəbəli həyatı ilə medianın gündəmində olan Vaqif Əliyevin oğlu Qədir Əliyev həm məmur, həm də biznesmendir. Belə ki, Qədir Əliyev hazırda Fövqəladə Hallar Nazirliyində idarələrin birində çalışır, bununla paralel olaraq atasına məxsus şirkətləri idarə edir.

Yeri gəlmişkən Vaqif Əliyev tədbirlərin birində “Azərbaycan Asiya ölkəsidir, bizim gənclər Qərb mədəniyyətindən və Qərb həyat tərzindən uzaq olmalıdır, onlar bizim gəncləri pozur” məzmunlu səs-küylü çıxış etmişdi.

Bu bəyanatdan bir müddət sonra Qədir Əliyev “Instagram” hesabında paylaşdığı fotolarla gündəmə gəldi. Məlum oldu ki, “Qərb mədəniyyətinə, Qərb həyat tərzinə” qarşı olan Vaqif Əliyevin oğlu elə Qərb həyat tərzində yaşayır. Bahalı avtomobillər sürməyi, bahalı geyimlər geyinməyi, ən bahalı Avropa otellərində dincəlməyi xoşlayır…

Bənzər yazılar

Back to top button