Siyasət

‘Sülhməramlılar danışıqları ləngitməyə çalışan Rusiyanın əlində ziyanlı alətdir’

Azərbaycan Müdafiə Nazirliyi (AMN) martın 7-də açıqlama yayaraq iki gün əvvəl silahlı insident baş verən Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda yenidən hərbi təyinatlı daşımaların olduğunu bildirib. Vurğulayıb ki, “Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin bu yoldan hərbi təyinatlı daşımaları həyata keçirmək məqsədilə növbəti dəfə istifadə etməsi texniki müşahidə vasitələri ilə qeydə alınıb”.

Ermənistanın Müdafiə Nazirliyi isə bu məlumatı “dezinformasiya” adlandırıb.

Bütün bunlarla belə, AMN-in bu məsələlərdə Rusiya sülhməramlılarını ittiham etməsi bəzi müşahidəçilər üçün gözlənilməz olub. Çünki bundan əvvəl Azərbaycan prezidenti Rusiya prezidenti və bu ölkənin başqa rəhbər şəxsləri ilə görüşlərində sülhməramlılarının fəaliyyəti ilə bağlı, əsasən, müsbət fikirlər dilə gətirirdi.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbasın “Turan”a bildirməsinə görə, yəqin ki, Azərbaycan və Rusiya prezidentlərinin görüşlərinin mətbuat üçün açıq olmayan hissəsində bu məsələlər müzakirə olunur, Putinin diqqətinə çatdırılır: “Amma bunun dəqiq olub-olmadığını deyə bilmərəm. Bunun üçün Müdafiə Nazirliyi var və Müdafiə Nazirliyi bəyanat verib. Yəqin ki, tədbirləri də görür”.

Deputatın sözlərinə görə, sözügedən yoldan çoxdan istifadə olunur: “Dəfələrlə Qarabağı yaxşı tanıyan adamlar, keçmiş döyüşçülər belə bir yolun mövcud olduğunu Müdafiə Nazirliyin nəzərinə çatdırmışdılar”.

Komitə üzvü qeyd edib ki, sülhməramlıların maşınlarla daşıdıqlarına nəzarət imkanı yoxdur: “Gündə sülhməramlıların onlarla maşınları keçir. Onun içində nələr gətirdiklərinə nəzarət etmək imkanı varmı? Yox. Onlar da ya pul müqabilində, ya da öz məqsədləri üçün silah daşıya bilərlər. Hər halda üçtərəfli bəyanatının şərtlərinə əməl etməlidirlər, amma etmirlər. Belə getsə, bunun axırı yaxşı olmayacaq”.

Bu fikirlərə, hələlik, Rusiyanin Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb. Amma rəsmi Moskva da Qarabağda vəziyyətin gərginləşməsindən narahatlıq ifadə edib.

Siyasi şərhçi Zərdüşt Əlizadə isə AzadlıqRadiosuna bildirib ki, diplomatiya dili həqiqətləri kifayət qədər pərdələmək üçündür: “Yəni heç vaxt diplomatlar narazılıqlarını dilə gətirib açıq demirlər. Bəzən öz arxalarında kifayət qədər güc hiss edəndə deyirlər, bəzən isə zərurət olmadan hansısa hadisəni müsbət dəyərləndirirlər. İlham Əliyevin Putinlə görüşdə Rusiya sülhməramlılarının fəaliyyətini yüksək qiymətləndirməsinin sadə dilə tərcüməsi ondan ibarətdir ki, Azərbaycanın sülhməramlıları bölgədən çıxarmağa hələ gücü yoxdur”.

Bununla belə, ekspertin fikrincə, həqiqətən, müharibənin dayandırılmasında, atəşkəsin bərpa olunmasında Rusiya sülhməramlılarının müəyyən xidməti olub: “Amma indi sülhməramlılar sülh danışıqlarını ləngitməyə çalışan Rusiyanın əlində ziyanlı bir alətdir. Azərbaycan bunu dərk edir, amma bunun qarşısını almaq üçün imkanları kifayət qədər deyil. Ən azı zamana ehtiyac var. 2025-ci il yaxınlaşdıqca Azərbaycanın təsir mexanizmləri daha artır”.

Bənzər yazılar

Back to top button