Siyasət

Politoloq: “Ermənistanın müdafiə naziri ATƏT nümayəndəsinə yalvarırdı”

“Ermənistanın müdafiə naziri David Toroyan ATƏT sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Anjey Kaspşik ilə görüşdə az qala diplomata yalvarıb ki, Azərbaycan-Ermənistan sərhəddi boyunca və qoşunların təmas xəttində atəşkəsə riayət olunmasına nəzarət etsin. David Toroyan deyib ki, İrəvan atəşkəsin intensiv şəkildə pozulmasından narahatdır”.

Bunu “MediaPost”a “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu Ermənistanın müdafiə naziri David Toroyanın martın 12-də İrəvanda ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik ilə görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, işğalçı ölkənin müdafiə naziri ATƏT rəsmisinə başqa bir məsələ ilə bağlı da yalvarıb: “Erməni nazirin sözlərinə görə, bölgədəki çətin vəziyyətə dünyada ağırlaşan iqtisadi və epidomoloji (koronovirusu nəzərdə tutur) durumu da əlavə etsək, təmas xəttində vəziyyətin gərginləşəcəyini gözləmək olar. David Toroyan demək istəyir ki, guya Azərbaycan Ordusu dünyada və bölgədə koronavirusla bağlı yaranan durumdan fürsət kimi istifadə edərək hücum əməliyyatı həyata keçirə bilər. Buna cavab olaraq Anjey Kaspşik təmas xəttində gərginliyin azalması üçün səylərini maksimum artıracağını bildirib”.

E.Şahinoğlu vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi mütəmadi pozur. O deyib ki, belə olanda Azərbaycan Ordusu cavab atəşi açır, düşmən itki verir: “Bundan sonra İrəvan əl-ayağa düşür və beynəlxalq vasitəçiləri köməyə çağırır. Azərbaycan Ordusu əməliyyat keçirmək istəsə, Anjey Kaspşik bunun qarşısını ala bilməyəcək. Ona görə də İrəvanda gərək ATƏT nümayəndəsinin “təmas xəttində gərginliyin azalmasına çalışacam” kimi boş vədinə inanmasınlar. Əgər Anjey Kaspşiki bölgəyə göndərən təşkilat Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə özünün hazırladığı “mərhələli həll” planını İrəvana qəbul etdirmək istəmirsə, atəşkəs daima kövrək olacaq”.

E.Şahinoğlu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviçin Dağlıq Qarabağ münaqişəsi və atəşkəs rejimi barədə fikirlərini də şərh edib. O vurğulayıb ki, rusiyalı diplomatın açıqlaması həqiqəti əks etdirmir: “Bu arada, atəşkəsin pozulmasıyla bağlı rusiyalı diplomatlardan iki ziddiyətli xəbər gəldi. Aleksandr Lukaşeviç dedi ki, bölgədə böyük insidentlər yoxdur və silahlı fəaliyyət geridə qalıb. Eyni günlərdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova isə bildirdi ki, rəsmi Moskva Ermənistanla Azərbaycan sərhəddindəki vəziyyətin gərginləşməsindən və atəşkəsin intensiv pozulmasından narahatdır.

Aleksandr Lukaşeviçin təbirincə, “silahlı fəaliyyət” geridə qalsaydı, nə İrəvan təcili olaraq ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşiki İrəvana çağırardı, nə də rusiyalı diplomatın həmkarı Mariya Zaxarova həyəcan təbili çalardı.

İrəvanın qorxusu bəllidir. Ermənistan üçün kislorod rolunu oynayan İranla sərhəddi bağlıdır və virusa görə nə zaman açılacağı hələ bəlli deyil. Dünyada və bölgədə iqtisadi vəziyyət ağırlaşır, başqa sərhədlər də qapanır. Bunun fonunda Ermənistanda düşünürlər ki, dünyanın başının qarışdığı məqamda Azərbaycan fürsətdən istifadə edə bilər. Ancaq Azərbaycanın da İranla sərhəddi qapalıdır və dünya iqtisadiyyatında problemlərin artması istər-istəməz Azərbaycana da təsir edir. Ona görə də rəsmi Bakının dünyada və bölgədə koronavirusun yayılmasından istifadə edərək orduya hücum əmri verəcəyini söyləmək çətindir. Ancaq bu heç də o demək deyil ki, düşmənin təxribatlarına əks-hücumla cavab verilə bilməz. 2016-ci ilin aprelində də təxribata əks-hücumla cavab verilmişdi. Belə olan halda koronavirus maneə sayılmayacaq”.

Bənzər yazılar

Back to top button