AnalitikaManşetSiyasət

Əliyev Ermənistana palma budağı uzadır

9-11 mart tarixlərində Bakıda Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu keçirilib.

Forumun adı keçən ilki “Qlobal dünya nizamına təhdidlər” IX Qlobal Bakı Forumunun şüarı ilə ahəngsiz idi. Keçən forumda prezident dünya nizamına qlobal təhdidlər, uğursuz Avropada aclıq və miqrasiya, məhsul və xidmət istehsalçıları və istehlakçıları arasında qeyri-bərabərlik haqqında danışıb, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması yollarını təklif edib.

Bu dəfə onun çıxışı aşağıdakı tezisləri ehtiva edirdi:

“Soyuq müharibə” məhsulunun – Qoşulmama hərəkatının reanimasiyası

Ermənistanın qeyd-şərtsiz sülhə dəvət olunması

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu

Əliyev Qoşulmama Hərəkatını canlandırır?

Qoşulmama hərəkatı 1961-ci ildə, NATO və Varşava müqaviləsi hərbi-siyasi bloklarının qarşıdurması şəraitində yaranıb. Bir sıra ölkələr ABŞ və SSRİ-nin diktəsindən yayınmaq üçün birləşiblər. Təsadüfi deyil ki, SSRİ-nin məğlubiyyətindən sonra “soyuq müharibədə” Qoşulmama Hərəkatının fəallığı azalmağa başlayıb.

Bu gün SSRİ yoxdur, amma dünya Qərb yarımkürəsinin Rusiya, Çin və yeri gəlmişkən, Qoşulmama Hərəkatına daxil olan bir sıra izqoy ölkələrin şəxsində Şərq yarımkürəsi ilə yeni qarşıdurması ilə üzləşib.

Əliyevə görə, bu qarşıdurma blok qarşıdurması deyil, mədəni-siyasi – Şərq-Qərb qarşıdurmasıdır.

Və o, burada Qoşulmama Hərəkatının rolunu belə görür: “Bu gün biz soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş bəlkə də ən ciddi Şərq-Qərb qarşıdurmasının şahidi oluruq. Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və Qoşulmama Hərəkatının təməl prinsiplərinin – Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır. Həmin prinsiplər – sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığından ibarətdir”.

Əliyev məmnuniyyətlə qeyd edib ki, Hərəkata sədrlik etdiyi üç il ərzində “passiv Qoşulmama Hərəkatını” BMT və digər beynəlxalq birliklərlə birlikdə multilateral (kollektiv iştirakla fərdi maraqların müdafiəsi) funksiya yerinə yetirən akitv hərəkata çevirməyə müvəffəq olub.

Təşkilatın canlandığı illərdə o, Azərbaycanın maraqlarının təşviqi üçün Qoşulmama Hərəkatından uğurla istifadə edib, bu, dövlətlərin istəklərinin beynəlxalq prinsip və normalar çərçivəsində həyata keçirilməsi üçün platforma kimi çıxış etdiyi təşkilatlar üçün təbiidir.

COVİD-19 vaksinlərinin ədalətli paylanması uğrunda mübarizənin nümunəsində Əliyev hərəkətlərini milliyyətçiliyin təzahürü kimi səciyyələndirdiyi güclü dünya qarşısında inkişaf etməkdə olan ölkələri müdafiə etdiyini göstərib.

İnstitusional nöqteyi-nəzərdən o, Qoşulmama Hərəkatının katibliyi Bakıda yerləşən parlament və gənclər şəbəkəsini yaratmağa müvəffəq olub, bu isə onun ilin sonunda sədrliyi başa çatdıqdan sonra da Qoşulmama Hərəkatında fəallığı davam etdirmək niyyətində olduğunu göstərir: “Biz bu ilin sonunda sədrliyimiz başa çatdıqdan sonra da səylərimizi davam etdirəcəyik. Çünki biz bugünkü parçalanmış dünyada belə bir Hərəkata böyük ehtiyacın olduğunu görürük”.

Ermənistan üçün Palma budağı

IX Bakı Forumundan sonra Ermənistanla münasibətlərin gərginləşməsinə baxmayaraq, Əliyev tribunda kifayət qədər sülhsevər görünürdü.

Bu dəfə Yerevanı alternativlə – Qarabağın ermənilər məskunlaşan ərazisinin müstəqilliyi iddiaları davam etdiyi təqdirdə Azərbaycan ərazilərinin 1920-ci ildəki sərhədlərini bərpa etməklə təhdid etməyib.

IX Bakı Forumundan sitat:

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq. Tarixi nöqteyi-nəzərdən bizim bunu etməyə hüququmuz var. Ötən əsrin tarixində aydın göstərilir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşdirilməsindən altı ay sonra sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirdi. Yəni, Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin? Həmin ərazilərin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub”.

Doğrudur, həmin vaxt, bir neçə ay sonra Əliyev güc nümayiş etdirərək, demarkasiya və delimitasiya olunmamış sərhəd üzərində hərbi nəzarəti bərpa edib. Bunun ardınca Praqada sülh danışıqları keçirilib, baş nazir Paşinyan Azərbaycanla sülh bağlamağı vəd edib, daha sonra Ermənistan yenidən Qarabağla şantaj edib, Qoşulmama Hərəkatının COVİD sammiti ərəfəsində növbəti gərginlik yaşanıb.

“Azərbaycan xalqının qisas almaq üçün mənəvi hüququ var və mən bunu anlayıram. Lakin mənim mesajım döyüş meydanında qisası almaqla həyata keçdi”, deyə Əliyev 28 illik erməni işğalı, dağıntılar, azərbaycanlıların soyqırımı və 2020-ci ilin müzəffər azadlıq müharibəsindən bəhs edərkən bildirib.

“Hazırda sülh üçün vaxt yetişib”, deyən Əliyev vasitəçilik etməyə çalışan beynəlxalq iştirakçıların Ermənistanı şansı əldən buraxmamağa dilə gətirəcəklərinə ümid etdiyini bildirib.

“Bir sözlə, biz sülh istəyirik. Biz hər hansı digər müharibəni istəmirik. Hesab edirik ki, sülhə nail olmaq olar. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur”.

Azərbaycanda erməni azlığın gələcəyinə toxunan Əliyev onların həyatının işğal dövründən fərqli olaraq daha yaxşı olacağını vəd edib.

Əliyevin energetika atı

Əliyev enerji problemini yaxşı yəhərləyib və Avropanın Rusiyanın Ukraynaya qarşı müharibəsi və bunun nəticəsi olaraq Qərbin Rusiya əleyhinə sanksiyalarının tətbiqi ilə əlaqədar olaraq az qala enerji blokuna düşəcəyi bir şəraitdə onun yaxşı minici olduğu məlum oldu.

O, boru kəməri marşrutlarının artıq yaradıldığı, Xəzər qazının hasilatının və qiymətlərin isə artmağa başladığı bir vaxtda taleyin Azərbaycanın üzünə gülməsindən məmnunluğunu gizlətməyib. Bu, gözlənilməyən əlavə siyasi və maliyyə dividentləri gətirib, beynəlxalq aləmdə ölkənin mövqeyini möhkəmləndirib: “Biz Avropanın enerji xəritəsini neft və qaz boru kəmərlərinin inşası ilə artıq dəyişmişik, indi isə növbə yaşıl enerjini təmin edəcək elektrik xətlərinindir… Əgər biz 2021-ci ildə ümumən 19 milyard kubmetr qaz ixrac etmişdiksə, bu il o, 24 milyard kubmetrdən artıq olacaq və onun ən azı yarısı Avropaya nəql ediləcək”.

Sonuncu Bakı forumundan sonra Azərbaycan beynəlxalq korporasiyaları ilə 25 qiqavat həcmində yaşıl (günəş və külək) enerjisi istehsalına dair sazişlər imzalayıb, bu enerji Gürcüstan-Qara Dəniz-Rumıniya transəşəbəkə xətti ilə Avropaya nəql ediləcək. Ölkədə bütün elektrik enerjisi istehsalı gücünün saatda 7 qiqavata çatdığını, bunun 90%-dən çoxunun istilik elektrik stansiyalarının payına düşdüyünü nəzərə alsaq, bu, ciddi həcmdir.

Əliyev bildirib ki, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Xəzərin Azərbaycan sektorunun potensialının 157 qiqavat + quruda 40 qiqavat təşkil etdiyini müəyyən edib.

Və nəhayət, o, sonda tamamilə Şərq üslubunda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, 5 BMT qurumunun rəhbəri, 25 keçmiş prezident, 21 keçmiş baş nazir, 23 ölkənin xarici işlər nazirinin müavini, ümumilikdə 61 ölkədən 360 nümayəndədən ibarət olan forumun iştirakçılarında sürətlə artan logistika imkanlarına maraq oyatmağa çalışıb.

Mehman Əliyev

Turan.az

Bənzər yazılar

Back to top button