GündəmHadisə

Prezidentin açılışını etdiyi “Qobu Park-2” qəzalı vəziyyətdədir? – “Paşa Holding”in sifarişi ilə tikilib…

2019-cu ildə “Qobu Park-2” yaşayış kompleksinə köçürülən sakinlər mənzillərində 4 il sonra qüsurlar üzə çıxdığını deyiblər.

Onlar bu barədə “Azadlıq radiosu”na danışıblar.

“Bunun altına hardasa 1 ildən də çox su axıb. Bunu binanın rəsmiləri də təsdiqləyiblər ki, binanın özülünə su axıb. Ondan sonra bu problem yaranıb. Yuxarıda gördüyünüz hissədə “kabançik”lər qırılıb yerə tökülürdü. Sonra bilindi ki, artıq aralanma var. Artıq dəmirin altından aralanma hiss olunur. Dünən də gəlib montaj edib dəmiri çəkdilər ki, jurnalistlər göstərməsinlər. Məncə, binanın tikilməsinin özü qüsurlu idi”, – “Qobu Park-2” sakini Elşad Ağayev deyib.

Sakinlər bildirib ki, şikayət etməyin də bir mənası yoxdur. Fövqəladə Hallar Nazirliyi də, binanı tikənlər də sadəcə gəlib baxıb gedirlər. Sakinlər arasında söhbət gəzir ki, binanı tikənlərə şikayətlə “batmaq” olmaz.
“Gəlib baxırlar, heç nə demirlər. Başımıza bir iş gəlsə, heç kim buna cavab verməyəcək. Elə deyəcəklər ki, oldu”, – sakinlərdən biri deyib.

Qeyd edilib ki, “Qobu Park-2” “Kristal Abşeron” MTK tərəfindən “Paşa Holding”in sifarişi ilə tikilib.

Məlumat üçün bildirək ki, 2019-cu il oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

“Bu iki yaşayış kompleksinin istifadəyə verilməsi çox gözəl, əlamətdar hadisədir. Burada 1300 köçkün ailəsi ən müasir şəraitdə yaşayacaq. Burada gözəl binalar tikilib, infrastruktur yaradılıb, bütün təchizat təşkil olunub – qaz, su, işıq, istilik, gözəl həyət. Ona görə bu kompleksin istifadəyə verilməsi, əlbəttə ki, ölkəmiqyaslı bir hadisədir”, – Prezident deyib.

Bənzər yazılar

Back to top button