İdman

Rövşən Nəcəf göstəriş verdi: “Neftçi” Ramil Şeydayevə görə hərəkətə keçdi

Cari mövsümdə uğursuz çıxış edən “Neftçi”nin rəhbərliyi artıq vəziyyəti dəyişmək üçün baş sındırır. Komandanın mövsümün ikinci yarısında keçirdiyi oyunlar yaxşı heç nə vəd etmir. Buna görə “ağ-qaralar” yeni mövsümün hazırlıqlarına indidən başlamaq qərarına gəliblər.

Əsas iş komandanın sıralarını gücləndirməkdir. Klub rəhbərliyi öncə yerli bazarı nəzərdən keçirir. Artıq bir neçə futbolçu “Neftçi”nin radarına düşüb.

Aut.az-ın əldə etdiyi məlumata görə, onlardan biri “Qarabağ”ın və milli komandanın üzvü Ramil Şeydayevdir. “Atlılar”la müqaviləsi mövsümün sonunda bitəcək 26 yaşlı hücumçu yeni sözləşməyə imza atmağa tələsmir. Futbolçu fikirləşmək üçün vaxt istəyib ki, bu da gələn təkliflərlə əlaqədardır.

Bu mövsüm “Qarabağ”ın liderlərindən birinə çevrilən Şeydayevə yerli klublardan yalnız “Neftçi” maraq göstərir. Paytaxt təmsilçisinin Müşahidə Şurasının sədri Rövşən Nəcəf Ramillə danışıqlar aparılması və ona yaxşı şərtlərlə müqavilə təklif edilməsiylə bağlı göstəriş verib. “Ağ-qaralar”ın nümayəndələri yaxın vaxtlarda Şeydayevin meneceri ilə danışıqlar masasına əyləşəcək. Ona təklif ediləcək maliyyə şərtləri bu görüşdən sonra müəyyənləşəcək. Rövşən Nəcəf milli üzvünə yüksək məvacib ödəməyə hazırdır.

MŞ sədrinin Ramilə maraq göstərməkdə 2 səbəbi var. Birinci məqam odur ki, “Qarabağ” “Neftçi”nin kapitanı Emin Mahmudovu heyətinə qatmaq istəyir. “Ağ-qaralar” əzəli rəqibinə bu formada cavab vermək istəyir.

Rövşən Nəcəfin Şeydayevi transfer etməkdə ikinci və əsas səbəbi isə yeni mövsümdə “güclü olacağıq” mesajını verməkdir. Bu mesajın əsas ünvanı isə Emin Mahmudovdur. Klub rəhbərliyi düşünür ki, Ramili transfer etməklə yeni müqaviləyə imza atmağa tələsməyən 30 yaşlı futbolçunu komandada qalmağa inandıra bilərlər.

Bənzər yazılar

Back to top button