GündəmSiyasət

ABŞ-dan İranın Azərbaycana qarşı törətdiyi təxribata – Reaksiya

“Azərbaycan və İran baxımından, əlbəttə ki, İran regionda çoxdan bədxah aktyordur”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri ötən gün – martın 13-də mətbuat konfransında ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

“İran zərərli işlərlə, həm yaxın, həm də uzaq qonşularını təhdid edən fəaliyyətlərlə məşğul olur. Ona görə də biz bu tip gərginlikləri narahatlıqla izləyirik. Bizim yanaşmamız Azərbaycanla, Cənubi Qafqazda Ermənistanla əlaqələrimizə sərmayə qoymaqdan, daha sabit, münaqişəyə və gərginliyə daha az meylli Cənubi Qafqaz regionu yaratmaqdan ibarət olub”, – deyə N. Prays bildirib.

Qeyd edək ki, 11 mart 2023-cü il tarixində İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı birgə bəyanatda qeyd olunur ki, təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub:

“Hərbi təyyarələrin dövlət sərhədinə yaxınlaşması ilə bağlı qonşu dövləti əvvəlcədən xəbərdarlıq etməyə dair beynəlxalq aləmdə qəbul olunmuş təcrübəyə zidd olaraq, İran İslam Respublikasının hərbi təyyarəsinin iki ölkə arasında dövlət sərhədinə bu qədər yaxınlaşması və sərhəd xətti üzərindən uçması mülki aviasiyanın təhlükəsizliyinə təhdid törədir və iki ölkə arasında münasibətləri daha da gərginləşdirməyə xidmət edir”.

Martın 11-də İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq etiraz notası təqdim olunub.

Bənzər yazılar

Back to top button