GündəmManşetSiyasət

Blinken İlham Əliyevə zəng etdi

Sentyabrın 26-da ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, telefon söhbəti zamanı, erməni silahlı qüvvələrinə qarşı antiterror tədbirlərindən sonra Azərbaycanın Qarabağ bölgəsində hazırkı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

İ. Əliyev 24 saatdan az müddətdə yekunlaşan antiterror tədbirləri zamanı yalnız hərbi obyektlərin hədəf alındığını, mülki əhaliyə zərər verilmədiyini diqqətə çatdırıb.

Hazırda qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah prosesinin həyata keçirildiyini və onların Azərbaycan ərazisindən çıxarılması işinin həyata keçirildiyini ABŞ tərəfinə bildirib. Son beş gün ərzində yüzlərlə hərbi texnika, silah-sursat və hərbi təchizat mallarının müsadirə edildiyi vurğulanıb.

Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi nümayəndələrinin və BMT-nin Rezident Əlaqələndirici Ofisinin nümayəndəsinin toplanmış silah və hərbi texnikaya baxış keçirdiyi qeyd olunub.

Prezident İlham Əliyev Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarının ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin edilməsi məqsədilə hazırda müvafiq iş aparıldığını vurğulayıb.

Azərbaycan nümayəndələri ilə erməni sakinlərin nümayəndələri arasında reinteqrasiya istiqamətində dialoq aparıldığı, erməni sakinlərə Azərbaycan tərəfindən humanitar yardımlar göndərildiyi, ərazidə infrastrukturun bərpa edildiyi dövlət başçısı tərəfindən qeyd olunub.

Erməni sakinlərə yardımların göstərilməsi istiqamətində Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə əməkdaşlığın həyata keçirildiyi, ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə Azərbaycan tərəfinin hazır olduğu diqqətə çatdırılıb.

ABŞ dövlət katibi Antoni Blinken yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib, bölgədə sabitliyin təmin edilməsinin, yerli ermənilərlə dialoqun vacib olduğunu bildirib.

Bənzər yazılar

Back to top button