Digər

Azərbaycan Türkiyədən ən müasir PUA alır

Azərbaycan Türkiyənin “Baykar Makine” şirkətindən “Akıncı” pilotsuz uçuş aparatı (PUA) sifariş edib.

“Poliqon” xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırma İnstitutunun (SIPRI) 2022-ci il üçün olan hesabatında məlumat yer alıb.

Məlumatda Azərbaycanın 2022-ci ildə Türkiyədən “Akıncı” PUA sifariş etdiyi (miqdar göstərilməyib) və onları 2023-cü il ərzində təhvil alacağı bildirilib.

Xatırladaq ki, ötən ilin oktyabr ayında azərbaycanlı kursantlar pakistanlı və türkiyəli hərbçilərlə bərabər “Baykar Makine” şirkəti tərəfindən Türkiyənin Çorlu bölgəsindəki “Akıncı Təlim Uçuş Mərkəzi”ndə keçirilən “Akıncı” PUA-nın idarəetmə təlimindən məzun olublar.

“Akıncı” PUA, daxili yükü 450 kq və xarici yükü 900 kq olmaqla, 1350 kq ümumi yükdaşıma qabiliyyətinə malikdir. Hər biri 450 at gücündə (340 kVt) iki turbovintli mühərriklə işləyən PUA-nın maksimal havaya qalxma kütləsi 5.5 tondur.

Bükülü qanad quruluşu ilə 20 metr qanad genişliyinə sahib olan təyyarə platforması, eyni zamanda tam avtomatik uçuş nəzarəti və 3 ehtiyat avtopilot sistemi sayəsində yüksək uçuş təhlükəsizliyi təmin edir. Faydalı yük tutumu sayəsində daşıyacağı milli sursatlarla əməliyyatlar icra edə biləcək “Akıncı” qanadlı raketlər atmaq qabiliyyətinə də malikdir.

“Akıncı” taktiki PUA TÜBİTAK SAGE və “Roketsan” tərəfindən istehsal olunan milli sursatlardan MAM-T, MAM-L, MAM-C, “Sungur” “Cirit”, L-UMTAS, “Bozok”, MK-81, MK-82, MK-83, “Wing Guide Kit” (KGK) -MK-82, “Gökdoğan”, “Bozdoğan”, NEB, SOM raketlərindən istifadə edə bilir. F-16 döyüş təyyarələrinin icra etdiyi bəzi tapşırıqları da yerinə yetirəcək “Bayraktar Akıncı” burun hissəsində yerləşən ASLESAN istehsalı olan AESA radarı sayəsində yüksək vəziyyət sezmə bacarığına malikdir.

Qeyd edək ki, “Akıncı” “Roketsan” şirkətinin yeni hazırladığı səsdən sürətli TRG-230-İHA “hava-yer” tipli raketi ilə də silahlandırıla bilər. TRG-230-İHA “Roketsan”ın “yer-yer” tipli TRG-230 raketinin PUA-dan atılması üçün nəzərdə tutulmuş versiyasıdır.

Bənzər yazılar

Back to top button