Digər

Gürcü demokratların taktiki qələbəsi hakimiyyət dəyişikliyinə səbəb olmadı. Niyə?

Gürcü xalqı radikal hərəkət edərək deputatların birinci oxunuşda qəbul etdikləri “Xarici təsir haqqında” Rusiyapərəst qanun layihəsini rədd edib. Martın 9-da Tbilisidə Rustaveli prospektində nümayişçilərlə polis arasında güclü qarşıdurmadan, Avropa İttifaqı və ABŞ-ın tənqidindən sonra hakim siyasi qüvvələr qanun layihəsinin geri çağırıldığını elan ediblər. Bundan dərhal sonra Moskvada buna rəsmi təbliğatçı, RT rəhbəri M. Simonyanın dililə hərbi təhdidlə reaksiya veriblər.

Gürcülər nədən xilas oldular və bunun nəticələri nə ola bilər?

Gürcü Arzusunun yalanı

Qanun layihəsi Gürcüstan parlamentinə ölkənin faktiki hökmdarı Bidzina İvanişvilinin idarə etdiyi “Xalqın gücü” siyasi qrupu tərəfindən təqdim edilib. Hakim partiya qanun layihəsini dəstəkləyib, təbliğatçılar bildriblər ki, onların sənədi Amerikanın “Xarici agentlərin qeydiyyatı haqqında” qanununu [FARA] təkrarlayır. Bu qanun 1938-ci ildə ABŞ-da faşist və kommunist təsirini azaltmaq məqsədilə qəbul edilib. Gürcüstan müxalifəti hakimiyyəti repressiv qanunu ağrısız şəkildə sürükləmək üçün ictimai rəyi aldatmaqda günahlandırıb.

Gözlənilən yeniliklərin mahiyyəti ondan ibarətdir ki, qanunun qəbulu ilə büdcəsi xarici kapitalın ən azı 20%-dən ibarət olan qeyri-hökumət təşkilatları və KİV-lər “xarici agent” statusu alacaqlar. Qanun layihəsi qəbul edilərsə, “xarici təsir agentləri” hər ilin yanvar ayında qeydiyyatdan keçməlidir, qeydiyyatdan yayınmağa və səhv məlumatları təqdim etməyə görə böyük cərimələr tətbiq ediləcək. Yeni qanun layihəsi onun tələblərinin yerinə yetirilməməsinə görə beş ilədək həbs cəzası nəzərdə tutur. Gürcüstanda bildirirlər ki, hakim qüvvə növbəti prezident seçkilərində tənqidlərdən qorunmaq istəyir. Yeni qanun QHT – xarici agentlərlə əlaqəli fiziki şəxslərə də şamil ediləcək.

Rusiyada analoji ad ilə qanun qəbul edilib. Lakin onun mahiyyəti ondan ibarətdir ki, vəsaitin hansı məqsədlər üçün ayrılmasından asılı olmayaraq, hətta əgər söhbət Moskva çayının çirkab sularının təmizlənməsindən gedirsə belə, xarici maliyyələşməsi olan bütün subyektlər qeydiyyata alınmalıdır. Xarici agentlər haqqında qanun qəbul edildikdən sonra əvvəlcə hamını “xarici agent” elan etdilər, sonra isə insan hüquqları, ifadə azadlığı və şəffaflıq sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və KİV-ləri tamamilə qadağan etdilər. Azərbaycanda bu qanunun analoqu 2014-cü ildə qüvvədə olan qanunlara, əsasən QHT-lər haqqında qanuna dəyişiklik və düzəliş şəklində qəbul edilib. Bu, hökumətdən asılı olmayan QHT və KİV-in məhv edilməsinə səbəb olub.

Martın 7-də BMT-də gender bərabərliyi uğrunda siyasi forumda çıxış edən prezident Salome Zurabişvili Gürcüstanda qəbulu planlaşdırılan xarici agentlər haqqında qanunun qəti əleyhinə olduğunu təsdiqləyib.

“Mənim ölkəmdəki bəzi qruplar tərəfindən təqdim edilmiş və qeyri-hökumət təşkilatlarının azadlığını məhdudlaşdıran qanun layihəsi bizim cəmiyyətdə demokratik islahatlar üçün olduqca zərərli olacaq”, – o deyib.

Gürcüstanın keçmiş müdafiə naziri, “Vətəndaş ideyası” ictimai təşkilatının sədri Tina Xidaşeli “Netgazeti” ilə söhbətində izah edib: FARA hüquqi şəxsin gördüyü işin məzmununa və ABŞ-da fəaliyyət göstərən hüquqi şəxsin digər dövlətin maraqlarını hansı səviyyədə təşviq etdiyinə diqqət yetirir. Eyni zamanda, FARA birbaşa hüquqi şəxsin şəxsiyyətinə yönəlməyib. Qanunvericilikdə bu, aşağıdakı kimi əks olunur:

Şəxs/təşkilat xarici subyektin sifarişi (müqaviləsi) üzrə birbaşa hərəkət etməli, siyasi prosesdə onun maraqlarını təbliğ etməklə iştirak etməlidir, istər dövlət, istərsə də qeyri-dövlət subyekti olsun. Subyektin kim olmasının heç bir fərq yoxdur, bu, fiziki və ya hüquqi şəxs, kommersiya və ya qeyri-kommersiya, gəlirli və ya gəlirsiz ola bilər -bunun heç bir əhəmiyyəti yoxdur”, – Xidaşeli açıqlama verir. Əgər təşkilatın fəaliyyətində bu cür hərəkətlər nəzərdə tutulmursa, ona qeydiyyatla bağlı öhdəlik tətbiq edilmir.

Tina Xidaşelinin sözlərinə görə, FARA-nın ilkin “Xalqın gücü” qanun layihəsindən əsas fərqi onun “hədəf subyektləri”dir ki, bu da keçmiş nazirə görə, qanun layihəsini diskriminasion edir. İlkin olaraq “Xalqın gücü” qanun layihəsi, məqsəd və fəaliyyət sahəsindən asılı olmayaraq KİV və qeyri-hökumət təşkilatlarını “xarici agent” elan edir, FARA isə müqavilənin məzmununa – konkret subyektin xarici dövlətin maraqlarının nə dərəcədə və hansı şəkildə bələdçisi olmasına yönəlir. Macarıstanda analoji qanun Avropa İttifaqı məhkəməsi tərəfindən Avropa hüququnu pozan qanunu kimi tanınıb.

Gürcüstanda parlament çoxluğu üzvlərinin qanun layihəsinin əsas vəzifəsi Qərb fondlarından maliyyələşən qeyri-hökumət və media təşkilatları üçün problemlər yaratmaqdır, çünki demək olar ki, ölkədəki bütün tənqidi qeyri – hökumət təşkilatlarını Qərb maliyyələşdirir, – Xidaşeli izah edib.

Müxalifət sakitləşməyib və yeni tələblər irəli sürüb

Qanun layihəsilə bağlı mübahisədə Gürcüstan müxalifətinin qələbəsi onu hakimiyyət uğrunda mübarizəni davam etdirməyə ruhlandırıb. Məcburi möhlətli hərbi xidmətin ləğvi tələbləri irəli sürülüb. Martın 10-da Tbilisinin mərkəzində keçirilən etiraz aksiyasında siyasi tələblər – hökumətin istefası və növbədənkənar seçkilərin keçirilməsi səsləndirilib.

Gürcülər “kölgə kralı” B.İvanişviliyə yenidən qalib gələ biləcəklərmi? Tbilisili siyasi şərhçi Gela Vasadze Turan ilə söhbətində gerçəkliklə təkzib edilmiş “vəhşi feykləri” xatırladıb. Tbilisidəki mitinqlər haqqında deyirdilər ki, onlarda əsasən ukraynalılar iştirak ediblər, etirazçıları isə erməni xüsusi təyinatlıları dağıdıb.

Vasadze Rusiyanın Gürcüstana təsirinin qalacağını gözləyir. Rusiya biznesi qalacaq, Rusiya xüsusi xidmət orqanları Gürcüstanda destabilizasiya ocaqları yaratmaq üçün öz agenturasını və proksini aktivləşdirəcəklər. Rusiya təbliğatı fəallaşır, bir tərəfdən müharibə ilə hədələyir, digər tərəfdən sübut edir ki, Gürcüstanın Rusiyadan yaxşı dostu yoxdur. Gürcüstan hökuməti isə Rusiyada qazanmaq üçün yeni sxemlər axtaracaq və Qərbi azadlıq dəyərlərinə sadiq olduğuna inandırmağa çalışacaq, eyni zamanda Gürcüstanın namizəd statusu alması üçün Avropa İttifaqının şərtlərinin on iki bəndini yerinə yetirməyəcək.

Rusiyanın Gürcüstana münasibətinin radikallaşması, Gürcüstanın qərbli “xarici agentləri” cilovlamaqdan imtina etməsinə qisas kimi Rusiya Federasiyasının Abxaziya və Cənubi Osetiyanı özünə birləşdirməsi mümkündürmü?

Gürcüstanda tanınmış siyasi şərhçi Tengiz Ablotiya Rusiyanın düşmən münasibətlərinin ciddi şəkildə radikallaşacağını gözləmir. “Hakimiyyət dəyişsəydi və Gürcü Arzusunun yerinə Rusiyaya qarşı daha neqativ əhval-ruhuyyədə olan müxalifət gəlsəydi, bu barədə danışmaq olar. Ancaq hələlik “Arzu” hakimiyyətdədir. Münasibətin sərtləşdirilməsi prosesini müvəqqəti dayandırmaq lazım gəlib və indi onlar daha incə hərəkət etməyə çalışacırlar, antiqərb ritorikası tamamilə yox olmayacaq, amma bir qədər yumşalacaq, – Ablotiya bildirib.

“Arzu” onsuz da Rusiyaya qarşı çıxmayacaq. Odur ki, Moskvanın ciddi qəzəblənməsinə hələlik səbəb yoxdur. Bəli, nəticə vermədi, Moskvada istəyərdlər ki, hakimiyyət müxalifəti qanda boğsun, amma hələlik radikal bir şey baş verməyib. Hər şey irəlidədir, əsl savaş 2024-cü ilin payızında, seçkilərdə olacaq. Orada hər şey həll ediləcək”, – Ablotiya deyib.

O, yuxarıda göstərilən səbəblərdən Abxaziya və Cənubi Osetiyanın Rusiya Federasiyasına birləşəcəyini gözləmir. “Bundan əlavə, Abxaziya özü can atmır və hər vəchlə etiraz edəcək, mikroskopik Cənubi Osetiyanı isə qəbul etmək kimə lazımdır?

İvanişvili hakimiyyətinə hansısa şəkildə son qoyula bilərmi? Ekspert cavab verib: Bu, ancaq 2024-cü ildə, seçkilər nəticəsində mümkündür. Hazırda bu cür bəyanatın olmasına baxmayaraq, heç kimin hökuməti devirmək üçün praktik məqsədi yoxdur. Müxalifət indi hazır deyil və əgər sabah seçkilər təyin edilsə, o, çox güman ki, onu uduzacaq, çünki hakimiyyətin özünün 40-45%-i var, müxalifətin səsləri isə bölünüb. Odur ki, ümumilikdə hakimiyyətdən çox səs qazansa da, 4%-lik maneə səbəbindən əksər partiyalar parlamentə daxil olmayacaq.

“Bu, hakimiyyətin həyatını xeyli asanlaşdıran ciddi problemdir, amma bir şey edə bilməzsən – müxalifət necə var, elədir, başqası yoxdur. Odur ki, İvanişvilinin partiyasının ehtiyatda minimum bir il yarımı var”, – Tengiz Ablotiya açıqlama verib.

Kamal Əli

Turan.az

Bənzər yazılar

Back to top button