Cəmiyyət

Həcc ziyarəti bahalaşmağa davam edir

Qafqaz Müsəlmanları İdarəsi 2023-cü ildə Həcc ziyarəti üçün müraciətlərin qəbul edildiyini bildirib. Bu il azərbaycanlı zəvvarlar müqəddəs yerləri yalnız aviareyslərlə gedə biləcəklər.

Bir nəfər üçün səfərin qiyməti 5750 ABŞ dollarıdır (9775 manat) Bu il Azərbaycandan Həcc ziyarətinə 1080-ə yaxın zəvvarın gedəcəyi gözlənilir. Bu ildən 65 yaşdan yuxarı şəxslərin Həcc ziyarətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Sənədlərin qəbulu Qafqaz Müsəlmanları İdarəsində, Bakı şəhəri, Mirzə Fətəli küçəsi, 7 ünvanında aparılır.

Sənədlərin qəbulu martın 17-dən planlaşdırılır. Pasportun, şəxsiyyət vəsiqəsinin surətlərini, 4 ədəd 3,5 x 4,5 santimetr ölçüdə ağ fonda çəkilmiş rəngli fotoşəkil və sağlamlıq vəziyyəti haqqında tibbi arayış təqdim etmək lazımdır, məlumatda deyilir.

2023 – cü ildə Həcc ziyarəti iyunun sonu-iyulun əvvəlində başlayacaq.

2022-ci ildə Azərbaycandan Həcc ziyarətinə 680 zəvvar gedib. Səfərin qiyməti 5356 ABŞ dolları (9106 manat) olub. Bu il Həcc ziyarətinin qiyməti təxminən 400 dollar artıb.

Qeyd edək ki, Həcc ziyarəti qiymətləri ölkənin orta və aztəminatlı əhalisinin cibinə görə deyil. Qiymətlərin əhalinin əksər hissəsinin gəlirlərindən dəfələrlə çox olması Həcc ziyarətini yalnız seçilmiş və varlı adamlar üçün əlçatan edir.

Eyni zamanda, yerli turizm şirkətləri Məkkəyə 7 günlük ümrə ziyarəti təklif edirlər. Otelin qiymətindən asılı olaraq 1100 -1400 dollara başa gəlir.

Son 10-12 ildə Azərbaycandan Məkkəyə ziyarətin dəyəri 3000 dollar olub, yəni, təxminən 90 faiz artıb.

Bənzər yazılar

Back to top button