İqtisadiyyatManşet

Azərbaycan 40-50 milyard borc götürmək istəyir

Azərbaycan yaxın illərdə borclanmaya getmək niyyətindədir. Martın 13-də Berlində Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın bəzi şirkətlərinin rəhbərləri ilə görüşündə bu barədə danışıb: “… 2030-cu il strategiyasına əsasən ölkəmizin qarşısında duran strateji hədəflərimiz üçün borc alacağıq və bu strategiyanın həyata keçirilməsi üçün toplayacağımız minimal məbləğ 40-50 milyard ABŞ dolları olacaq. Başqa sözlə, texnoloji keçidlə əlaqəli məsələlərlə bağlı borc almağa davam edəcəyik, eyni zamanda, gələcək iqtisadi planlarımızı əsas etibarilə öz ehtiyatlarımıza əsaslanaraq quracağıq”.

Maliyyə Nazirliyinin məlumatına görə, 2022-ci ilin əvvəlində Azərbaycan birbaşa xarici dövlət borcu 8,135.7 milyon ABŞ dollarına (13,830.7milyon manat) bərabər olub.Həmin tarixdə daxili borcu da nəzarə alnda bu 16 milyard 899 milyon manata yüksəlib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyevin “Turan”a açıqlamasında ehtimal edib ki, sözügedən 40-50 milyardın böyük hissəsi Qarabağ, Şərgi Zəngəzur zonasının bərpasına və inteqrasiyasına gedəcək: “Təbii ki, bu bütün Azərbaycanın iqtisadiyyatının inkişafına təkan verəcək. Vəsaitlərin bir hissəsi isə həmin regionun minalardan təmizləməsinə gedəcək. Bu, vətəndaşların doğma torpaqlarına tezliklə köçürülməsi və orada iqtisadiyyatının inkişafı üçün çox vacibdir”.
Deputatın sözlərinə görə, Azərbaycan iqtisadiyyatının inkişafının artım templəri yüksəkdir: “Biz valyutamızın dollara nisbətdə paritetini qoruyub saxlayırıq. Bu çox vacibdir. Çünki paritet olmasa, inflyasiya artacaq. Bu da bizi əmin edir ki, biz inflyasiyanı idarə edib, iqtisadiyyatımızı idarə edə bilərik. Bizim ümumi daxili məhsul (ÜDM) hər il illik ekvivalentində 2,5-3 faiz artır. Belə olan halda bu kreditlərimizi düzgün idarə etməyə imkan verir”.

R.Quliyev söyləyib ki, Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 10,7 faizini təşkil edir: “Ölkələrin çoxusu üçün bu, 30-40 faizini təşkil edir. MDB məkanında bizdə bu göstərici ən aşağıdır. Bizim 55 milyard dollarlıq təhlükəsizlik yastığımız var. Söhbət bizim qızıl-valyuta ehtiyatlarımızdan gedir. Bu da bizə beynəlxalq kreditləri götürməyə və onlardan milli maraqlar istiqamətində istifadə etməyə əminlik yradır”.

Onun sözlərinə görə, Azərbaycanın nəqliyyat və logistik habları ildən ilə daha çox gəlir gətirir: “ Bundan əlavə Cənub Qaz Dəhlizi vasitəsilə qazın nəqli iki dəfə artırılması hədəflənir, bu da gəlirlərimizin iki dəfə artması deməkdir. Yəni, bizim kifayət qədər iqtisadi potensialımız var ki, həmin kreditləri götürək və onlardan səmərəli istifadə edək”.

Onun fikrincə, Azərbaycan öz sosial-iqtisadi modelini uğurla həyata keçirir: “Ona görə də beynəlxalq aləmdə Azərbaycanın reytinqi artır. Bu da böyük etibarın göstəricisidir. Cənab Prezidentin Berlində aparıcı şirkətlərin rəhbərləri ilə görüşü bunun bariz nümunəsidir”.

O, hesab edir ki, Azərbaycan həmin kreditlərdən istifadə edərək iqtisadiyyatını növbəti, daha yüksək səviyyəyə qaldıracaq: “2010-cu illərdə Azərbaycan iqtisadiyyatı öz inkişafında sıçrayış edib. ÜDM-in artımı 15-26 faiz olub və ortalaması ilə 8 il ərzində hər il həmin artım 19 faiz idi. İstisna deyil ki, biz bu rekordumuzu təkrarlaya və qalan problemlərimizi həll edə bilərik. Bizə sözügedən kreditləri verəcəklər və ən aşağı faizlə verəcəklər, çünki Azərbaycana inanırlar”.

İqtisadçı Nazim Bəydəmirli də AzadlıqRadiosuna xatırladıb ki, Azərbaycanın 50 milyard dollardan artıq valyuta ehtiyatları var: “Təbii ki, beynəlxalq maliyyə korporasiyaları ilə əməkdaşlıq etmək lazımdır, həm borcalan, həm borcverən şəklində. Amma baxır borc hansı faizlədir. Əgər bizim xaricdə olan valyuta ehtiyatlarımızdan gələn illik gəlir hesabına krediti bağlamaq mümkündürsə burada heç bir problem yoxdur”.

Lakin, onun sözlərinə görə, kreditlər yüksək faizlə verilir: “Xarici maliyyə institutları krediti yüksək faizlə verirlər. Bizim indiyə qədər aldığımız kreditlər illik 5-7 və daha böyük faizlərlə verilib. Bu Azərbaycanın indiki durumunda məqsədəuyğun deyil”.

Onun fikrincə sözügedən kredit pul şəklində yox, investisiyalar şəklində cəlb edilə bilər: “Yəni, hansısa xarici şirkət Azərbaycan bazarına maraq göstərsə yatırım edə bilər”.

İqtisadçı deyir ki, Azərbaycan vətəndaşlarının sosial durumu yaxşı deyil, gəlirləri artmır, mənimsəmələr və inhisarçılıq var: “Xarici şirkətlər investisiya qoyan zaman Azərbaycanın beynəlxalq reytinqlərinə, ölkədə biznes mühitinə, inhisarçılıq səviyyəsinə, hüquq sisteminin nə dərəcədə işlək olmasına baxırlar. Bütün bu reytinqlərdə biz qonşu ölkələrə – Gürcüstan və Ermənistana uduzuruq. Ölkə başçısı və onun komandası bu məsələlərə diqqət yetirməlidir ki, ölkədə biznes mühiti daha şəffaf olsun, məmur inhisarçılığı olmasın və şəffaflıq indeksi artsın”.

O, vurğulayıb ki, kredit pul şəklində verilərsə, Azərbaycanın xaricdə olan vəsaitləri girov və zəmanət kimi götürülərsə bu, çox təhlükəlidir: “ Belə olan halda xaricdə olan ehtiyatlarımız da sual altına düşür və indiki şəffaflıq olmayan yerdə onları biz geri qaytara bilməyəcəyik”.

Bənzər yazılar

Back to top button