İdman

“Qarabağ” və “Başakşehir”in “kabusu” – 3 dəqiqəyə 3 qol vuran Orban kimdir?

Bu gün Avropa “Gent”in hücumçusu Gift Emmanuel Orbandan daha çox danışır.

Səbəbsiz də deyil. Axı, Belçika klubunun hücumçusu avrokuboklarda yeni rekorda imza atıb.

20 yaşlı nigeriyalı dünən Konfrans Liqasının 1/8 final mərhələsinin “Başakşehir”lə İstanbuldakı cavab oyununda (4:1) 3 qolun müəllifi olub. O, 31, 32 və 34-cü dəqiqələrdə fərqlənməklə cəmi 3 dəqiqə 25 saniyəyə het-trik edib. Bu, UEFA-nın bayrağı altında keçirilən klub turnirlərində ən sürətli het-trikdir. Əvvəlki rekord isə Məhəmməd Salaha (“Liverpul”) məxsus idi – 6 dəqiqə 12 saniyə. Bu qollar “Gent”i həm də Konfrans Liqasının 1/4 finalına yüksəldib.

Orban “Gent”də çox qısa müddətə parlamağı bacardı. Halbuki o, bu kluba transfer ediləndə bəlkə də heç özü də bunu gözləmirdi. 1,78 metr boya malik bu nigeriyalı Belçika təmsilçisinin yeni legioneridir. O, bu qış transfer pəncərəsinin son günündə indiki klubu ilə müqavilə imzalayıb. “Gent” fevralın 1-də transferi ictimaiyyətə elan edib. Yəni cəmi bir ay yarımdır ki, o, Belçika klubunun üzvüdür.

Onun Avropa karyerası 2022-ci ilin mayında başlayıb. O vaxta qədər Nigeriyada “Bison” klubunda çıxış edən Orban icarə qaydasında Norveçin yüksək liqası təmsilçisi “Stabek”ə keçib, avqustda isə birdəfəlik transfer olunub. “Stabek”də 2020-ci ilin 7 ayı ərzində keçirdiyi ümumilikdə 24 matçda 19 qol vurub, 7 qolun isə ötürməsini edib.

Debüt ili və bu yaş üçün yüksək göstərici sayıla bilər.

Orban və Luka Quqeşaşvili (“Qarabağ”)

Bakıdan başlanan debüt…

Sonra o, “Gent”ə keçib. Müqavilə imzaladıqdan 10 gün sonra – fevralın 11-də “Vesterlo” ilə matçda Orban Belçika liqasında debüt edib, elə 3:3 hesabı ilə yekunlaşan bu ilk görüşündəcə 2 qolun müəllifi olub. Giftin avrokuboklarda debüt oyunu isə Bakıda “Qarabağ”a qarşı olub. Ağdam təmsilçisi ilə Belçikadakı cavab matçında isə Orban Avropa kuboklarında ilk qolunu vurub və komandasının 1/8 finala çıxmasında böyük əməyi olub. 71-ci dəqiqədə meydana daxil olan Orban cəmi 3 dəqiqə sonra rəqib qapısına yol tapıb. Bu qol sayəsində matç penaltilər seriyasına qədər uzanıb. Burda isə belçikalılar zərbələri dəqiq yerinə yetirməklə mərhələ adlayıb.

Orbanın “Gent”dəki ümumi statistikası da parlaq görünür. O, 9 oyunda düz 12 qolun müəllifi olub (5 oyuna 7 qol Belçika liqasında, 4 oyuna 5 qol Konfrans Liqasında).

Nigeriya vətəndaşlığı olan Orban hələlik ölkəsinin əsas millisinə dəvət almayıb. Amma Avropadakı bu uğurlu çıxışından sonra onu tezliklə ölkəsinin birnömrəli komandasında da görmək olacaq. Hərçənd bu gedişlə gələcəkdə Orbanın müsbət sorağı həm də Avropanın böyük klublarından da gələ bilər…

Bənzər yazılar

Back to top button