Hadisə

İtkin düşən tələbənin yaxınları İranın Bakıdakı səfirliyi qarşısında aksiya keçiriblər

Martın 4-də İranda itkin düşən Azərbaycan vətəndaşı Fərid Səfərlinin yaxınları martın 17-də İranın Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər.

Onlar əlində “Fəridi geri qaytarın”, “Fəriddən xəbər verin” tələbləri yazılmış plakatları tutaraq, tələbənin azadlığa buraxılması ilə bağlı şuarlar səsləndiriblər.

Səfərlinin yaxınları bildiriblər ki, o, İrana gedəndə dostlarından başqa heç kimə bu barədə xəbər verməyib. “İstədiyi qıza görə ora gedib. Martın 4-dən onunla bütün əlaqələr kəsilib”, deyə aksiya iştirakçılarından biri bildirib.

Fərid Səfərlinin hüquqlarını müdafiə komitəsinin üzvü İlqar Hüseynli bildirib ki, Səfərlinin Almaniyada yaşayan anası Dilarə Əsgərova Berlində İran səfirliyində olub. “Orada ona bildiriblər ki, məsələ ilə yerli hakimiyyət məşğuldur. Bundan əlavə, Almaniya polisi də araşdırma aparır. Lakin bu qədər cəhdlərimizə baxmayaraq, Fəridin onun harada və hansı vəziyyətdə saxlanması, taleyi ilə bağlı hər hansı məlumat vermirlər”, deyə Hüseynli bildirib.

Aksiya iştirakçıları İran hökümətindən Fərid Səfərlinin ailəsi ilə ünsiyyət qurmasına şərait yaradılmasını tələb ediblər.

Aksiya zamanı hər hansı insident baş verməyib.

Xarici İşlər Nazirliyi Fərid Səfərlinin İranda itkin düşməsi ilə bağlı məlumata aydınlıq gətirilməsi məqsədilə İran səfirliyinə nota ünvanlayıb.(Turan)

Bənzər yazılar

Back to top button