Cəmiyyət

QMİ Həcc ziyarətinin bahalaşmasının səbəbini açıqladı

“Bu il müqəddəs Həcc ziyarətinin təşkili ilə bağlı Səudiyyə Ərəbistanı Krallığının Həcc işləri üzrə Nazirliyinin irəli sürdüyü şərtlər və yenilənmiş qaydalar əsasında, habelə qiymətləri sərbəst təyin edən mehmanxana, yerüstü daşıma və digər xərclərdə artım müşahidə olunması səbəbindən ziyarətin qiyməti ötən ilkinə nisbətən artıb”.

Bu barədə “Qafqazinfo”ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Bildirilib ki, Səudiyyə Ərəbistanı bu ildən ziyarət qiymətlərinə 15 faizlik əlavə dəyər vergisi (ƏDV) tətbiq etməyə başlayıb ki, bu da ümumi qiymətə təsir edir:

“Qiymətlər qəbul edən ölkə – Səudiyyə Ərəbistanının müvafiq qurumlarının normativləri əsasında müəyyən edilir. Bu il də istisna deyil və yeni qiymət məhz bu əsnada formalaşıb.

Müqayisə üçün bildiririk ki, maraqlananlar qonşu dövlətlərin Həcc ziyarəti qiymətləri ilə tanış olmaqla Azərbaycandakı qiymətlərin heç də yüksək olmadığının fərqində ola bilərlər. Ümumən götürdükdə, qiymətlərdəki artım dünyadakı qlobal inflyasiya proseslərindən qaynaqlanır”.

Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5750 ABŞ dolları (9 775 AZN) təşkil edir. Builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsi ilə həyata keçiriləcək. Sənədlərin qəbulu 17 mart tarixindən başlanacaq.

Xatırladaq ki, ötən il bu məbləğ 5350 dollar idi.

Bənzər yazılar

Back to top button