GündəmManşetSiyasət

“Gərginliyə əsas verən İrandır”

Martın 11-də Azərbaycan Müdafiə və Xarici İşlər nazirlikləri məlumat yayaraq bildiriblər ki, İrana məxsus hərbi təyyarə dövlət sərhədi boyunca uçuş həyata keçirib. Rəsmi açıqlamaya görə, təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub. Üstəlik, əlavə edilib ki, hərbi təyyarələrin dövlət sərhədinə yaxınlaşması ilə bağlı qonşu dövləti əvvəlcədən xəbərdar etməyə dair beynəlxalq təcrübəyə əməl olunmayıb. Bundan sonra İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq ona nota təqdim edilib.

Bunun ardınca Azərbaycanın hökumətyönlü mediası məlumat yaydı ki, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməllərini həyata keçirən 32 nəfər müəyyən edilərək saxlanılıb. Məlumatın mənbəyini açıqlamayan KİV-lər saxlanılanların adlarını da açıqlayıb və məlumata həmçinin həmin şəxslərin bəzilərinin fotoşəkilləri əlavə edilib.

“Bu şəxslər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də ibadət yerlərində, insanların toplaşdığı digər mərasimlərdə İran lehinə təbliğatlar aparmaqla ölkəmizdəki dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqlarını yerinə yetiriblər. Onlar “Kərimə” dövləti quracaqlarını bildirərək Azərbaycan Respublikasının mövcud Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etmişlər. Xarici xüsusi xidmət orqanlarının sifarişlərini həyata keçirən bu şəxslər məzhəb ayrı-seçkiliyi salmaq, qarşıdurma yaratmaq məqsədilə dini radikalizmi təbliğ edərək cəmiyyətdə çaşqınlıq yaratmağı planlaşdırmışlar. Araşdırmalarla müəyyən edilmişdir ki, onlar İran İslam Respublikasından məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini məhz Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf etmişlər”, deyə məlumatda mənbə göstərilmədən bildirilir.

Adəti üzrə İran tərəfinin təxribatlarına Azərbaycan tərəfi həmişə olduğu kimi “İran casusu” adı altında dindarların kütləvi həbsi ilə cavab verir.

Mövzu ilə bağlı ASTNA təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılla söhbət edib.

* * *

Sual: İlham bəy, bildiyiniz kimi Azərbaycan Müdafiə və Xarici İşlər nazirlikləri bildirib ki, İrana məxsus hərbi təyyarə martın 11-də dövlət sərhədi boyunca uçuş həyata keçirib.Buna görə Azərbaycan tərəfi İrana nota təqdim edib. Rəsmi Tehran isə qırıcı təyyarələrin Azərbaycan sərhədi üzərində uçuşunu normal hesab etdiyini deyib. Sizcə nə baş verir? İran nə etmək istəyir?

Cavab: Azərbaycan müstəqil dövlət olan gündən İranın Azərbaycana qarşı siyasəti ən yaxşı halda qərəzli, ən pis halda düşmənçilik prinsipləri əsasında olub. Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra İranın siyasəti birmənalı olaraq düşmənçilik səviyyəsindədir. Sərhədboyu təlimlər, hərbi manevrlər bütün dövlətlər arasında təzyiq, hədə vasitəsi kimi qəbul olunub. Normal münasibətdə olan dövlətlər belə təlimlər keçirmir, xüsusi zəruri hallarda keçiriləndə də həmsərhəd dövlət qabaqcadan xəbərdar edilir, yalnız təlim xarakteri daşıdığı diqqətə çatdırılır. İran bu sivil normalara əməl etməyən bir dövlətdir və keçən ilin payızında Azərbaycan sərhədləri boyunca hərbi təlimlər keçirməklə bir daha bunu sübut etdi. Azərbaycanın İrana nota təqdim etməsi beynəlxalq normalara uyğundur, amma İranın cavabı həmişəki kimi saymazyanadır, diplomatik etiketə ziddir və bu uçuşun məqsədi Azərbaycanı təhdid etməkdir. İran 2000-ci ildə də Azərbaycan hava məkanını pozmuşdu, cavabını Türk Şahinlərinin Bakı göstərişi ilə aldı. İran bu siyasətilə Azərbaycanı hədələyir, güneyli soydaşlarımızla bağlı Azərbaycan mediasının apardığı təbliğata son verməyi hədəfləyirlər. İran həmişə Azərbaycanın düşməni Ermənistanın yanında olub, ona təmənnasız hərbi, siyasi, iqtisadi yardımlar edib və bu gün də davam edir.

Sual: Bu arada hökumətyönlü medianın yaydığı məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməllərini həyata keçirən 32 nəfər müəyyən edilərək saxlanılıb. Onlar Kərimə dövlət qurmaq istəyində ittiham olunurlar. Bu addımı İranın təxribatlarına cavab hesab etmək olarmı? Bu addım ikitərəfli münasibətlərin daha da gərginləşməsinə gətirib çıxarmayacaq ki?

Cavab: İran qırıcı təyyarəsinin hava məkanımızı pozması ilə İranın islam inqilabının Azərbaycana ekspansiyası siyasətinin əsasında dayanan casus şəbəkəsinin və ya bu şəbəkəyə xidmət edən şəxslərin tutulması ilə əlaqəsi yoxdur. Bu tip şəbəkələrin aşkarlanması bir günün işi deyil, uzunmüddətli əməliyyat müşahidəsinin və alınan informasiyaların nəticəsi kimi dəyərləndirilməlidir. İran xüsusi xidmət orqanlarının planı olan Kərimə dövləti ideyası yalnız Azərbaycana qarşı yönəlib və İranda yaşayan Azərbaycan vətəndaşlarından təşkil olunmuş, bu ideyaya xidmət edən xainlər vasitəsilə həyata keçirilir. Azərbaycan illər boyu İranın təxribatlarına qarşı yumşaq mövqe sərgiləyib, gərginlik yaratmaq istəməyib. Amma İran İslam Respublikası həmişə bir addım da ayağını yuxarı qaldırıb, Azərbaycana yuxarıdan aşağı baxıb. 44 günlük müharibədəki qələbəmizdən, xüsusilə Şuşa bəyannaməsi imzalanandan sonra bölgədə Azərbaycanın gücü artdı və İranın bütün hədə dolu təxribatlarına adekvat cavablar verildi. Bir bayatıya dözməyən İran indi minlərlə Cənub bayatısının, şerlərinin, poemasının səsləndirməsinə şahid olur və səhv yolda olduğunun fərqində deyil. Azərbaycan İranla ikitərəfli münasibətlərin normallaşmasında maraqlıdır, amma İranın siyasəti buna imkan vermir. Səfirlikdəki terror aksiyası, hava məkanının pozulması, Azərbaycan vətəndaşının itkin düşməsi və sairə təxribatlar İranın düşmənçilik siyasətinin təzahürüdür. Gərginliyə əsas verən İrandır.

Sual: Bu gərginliyin yaranmasında Rusiya faktoru varmı?

Cavab: Rusiya Ukraynada müharibə apardığı gündən dünya tərəfindən təcrid dövlətə çevrilib, yalnız Suriya, Belarus, İran, Eritreya, Şimali Koreya kimi dövlətlərlə dostluq edə bilir. Rusiya Azərbaycanla İran arasında gərginliyin tərəfdarıdır, amma İranın Azərbaycana təzyiq etməsi, onun marağında deyil. 2021-ci ilin sentyabrında da İranla yaranmış gərginliyi aradan qaldıran Rusiya idi. Rusiya Cənubi Qafqaza başqa bir gücün təsir etməsini qəbul etmir. Bu gün Qarabağ münaquşəsinin yekun nöqtəsinin qoyulmasında da digər vasitəçilərin fəaliyyətini qəbul etmədiyi kimi, Rusiya İranın da bölgədə təsirinin artmasını istəmir, amma süni şəkildə gərginlik yaradıb, yalançı hakim rolunda çıxış etmək siyasətindən də əl çəkmir.

Sual: Bakıda bir həftə ərzində ard-arda baş vermiş iki silahlı insidentin İranla hansısa bağlılığı ola bilərmi? Çünki 32 nəfərin saxlanması barədə xəbər bu hadisələrdən sonraya təsadüf edir.

Cavab: Bravo marketdə və Zabitlər bağında baş verən silahlı insidentlərin İranla və digər xarici dövlətlərlə əlaqəsi yoxdur. Bu hadisələr ardıcıl baş verdiyi üçün cəmiyyətdə, mediada suallar yaradıb. Cəmiyyətimiz çox zaman Azərbaycanı hədəf alan terror və digər hadisələrin şahidi olub ki, baş verən quldurluq və cinayətkar dəstələr arasında hesablaşmanı da başqa bir dövlətin təzyiq vasitəsi kimi qəbul edir. Bu hadisələr terror deyil, yəni siyasi təzyiq vasitəsi hesab olunmur. 32 nəfərin saxlanması yuxarıda qeyd etdiyim kimi uzunmüddətli əməliyyat müşahidəsinin nəticəsidir.

Sual: Bəzi yerli təhlilçilər hesab edirlər ki, İranla “idarə edilən” konflikt Azərbaycan hakimiyyətinə də sərf edir. Onların fikrincə, bununla Qərb təsisatları qarşısında demokratiya ilə bağlı gözləntilərdən sığortalanmaq istəyirlər. Siz nə düşünürsünüz bu barədə?

Cavab: Qəribədir, radikal dindar qruplara qarşı mübarizə aparılanda da belə fikir yürüdürdülər ki, Azərbaycan hakimiyyəti qəsdən bu faktoru qabardır ki, Qərbə çatdırsın ki, biz olmasaq hakimiyyətə bunlar gələr və Qərb üçün problem yaranar. İndi də “idarə edilən” konflikt ideyasına söykənmək istəyirlər. Səfirliyə hücum, diplomatların öldürülməs və yaralanması, hava məkanının pozulması, Ermənistana hərbi, siyasi, iqtisadi yardımlar da “idarə olunan” konfliktin tərkib hissəsidir? Azərbaycanda demokratiya problemləri mövcuddur, amma İranla münasibətlərin bu məsələyə heç bir aidiyyatı yoxdur. İran kimi ən azı bölgə üçün təhlükə mənbəyi olan bir dövlətin yalnız Azərbaycana deyil, bəşəriyyətə problem olduğu ortada olduğu halda, İranın maraqlarına xidmət edən çoxsaylı casus şəbəkəsinə aid bir qrupun şübhəli şəxs qismində saxlanmasında demokratiyaya, insan haqlarına zidd ola biləcək hansısa məqamların axtarılması qərəzlidir.

Sual: İran-Azərbaycan arasındakı bu gərginliyin sonu nə ilə nəticələnəcək? Münasibətlərin normal məcraya düşməsi üçün hansı addımlar atmalıdırlar?

Cavab: Bu münasibətlərin normal məcraya dönməsi daha çox İrandan asılıdır. İran Azərbaycanda casus şəbəkəsi yaradır, Azərbaycan İranda yaratmır. İran Azərbaycanın düşməni, işğalçı Ermənistana yardım edir, Azərbaycan İrana qarşı onun düşmən bildiyi dövlətlərə öz ərazisndən istifadə etməyə imkan vermir. Azərbaycan İran səfirliyinə hücum təşkil etmir, Azərbaycan birinci olaraq sərhəddə təlimlərə başlamayıb, İran başlayıb. İradlar çoxsaylıdır, xeyli sadalaya bilərik.

Bənzər yazılar

Back to top button