İqtisadiyyatManşet

Sumqayıt Polis İdarəsindən inanılmaz qərar: 141 min manatı… – FOTOFAKT

Sumqayıt şəhər Polis İdarəsi tərəfindən keçirilən tender müsabiqələrinin qalibləri məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ümumi dəyəri 141 min 325 manat 30 qəpik olan tender müsabiqələrinin qalibi “Afina Building Construction” MMC və “Repair Land” MMC olub.

“Afina Building Construction” MMC Sumqayıt şəhər Polis İdarəsi üçün qazanxana və kondisionerlərin təmir işlərini həyata keçirəcək, “Repair Land” MMC isə idarəyə dəftərxana və təsərrüfat malları satacaq. Bu xidmətlər və mallar üçün Sumqayıt şəhər Polis İdarəsi “Afina Building Construction” MMC-yə 74 min 500 manat 48 qəpik, “Repair Land” MMC-yə isə 66 min 824 manat 82 qəpik ödəyəcək.

Nizamnamı kapitalı 10 manat olan “Afina Building Construction” MMC-nin hüquqi ünvanı Xətai rayonu, Sabit Əliyev, ev 10, m. 3-da yerləşir. MMC-nin qanuni təmsilçisi Quliyev Fərhad Aydın oğludur.

Nizamnamı kapitalı 10 manat olan “Repair Land” MMC-nin hüquqi ünvanı Xətai rayonu, Məhəmməd Hadi, ev 38-da yerləşir. MMC-nin qanuni təmsilçisi Mürsəlov Əbülfəz Qorxmaz oğludur.

Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkətlər – həm “Afina Building Construction” MMC, həm də “Repair Land” MMC tender müsabiqəsinin başlamasından sonra dövlət qeydiyyatına alınıblar.

Sumqayıt şəhər Polis İdarəsi qazanxana və kondisionerlərin təmir işlərilə bağlı tender müsabiqəsini oktyabr ayının 22-də elan edib və sənəd qəbulu noyabr ayının 13-də saat 13:00-da başa çatıb. Tender müsabiqəsinin qalibi olan “Afina Building Construction” MMC isə noyabr ayının 12-də dövlət qeydiyyatına alınıb. Məlum məsələdir ki, tender müsabiqəsində iştirak etmək üçün MMC-nin bir gün ərzində zəruri sənədləri toplaması qeyri-mümkündür. Bildiyimiz kimi, MMC-lərin bank hesabı açması bir gün ərzində mümkün deyil. Bunun üçün MMC-lərin əvvəlcə Dövlət Vergilər Xidmətindən “Şəhadətnamə-dublikat” alması lazımdır ki, bu da iki gün ərzində reallaşır.

Sumqayıt şəhər Polis İdarəsi dəftərxana və təsərrüfat malları almaq üçün keçirdiyi tender müsabiqəsini oktyabr ayının 22-də elan edib və sənəd qəbulu noyabr ayının 17-də saat 10:00-da başa çatıb. Tender müsabiqəsinin qalibi olan “Repair Land” MMC isə noyabr ayının 11-də dövlət qeydiyyatına alınıb. Göründüyü kimi “Repair Land” MMC-nin qeydiyyatdan keçdikdən sonra sənədlərini təqdim etmək üçün cəmi 5 gün vaxtı olub. Bu 5 günün 2 günü (13-14 noyabr) şənbə və bazar günlərinə düşdüyü üçün MMC-nin tenderdə iştirak etmək üçün 3 gün vaxtı olub.

Çox qəribədir ki, cəmi 1-3 günlük təcrübəsi olan şirkətlər 170 min manat dəyərində tenderin qalibi olublar.

Məlumat üçün onu da bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

Cəmi bir gün əvvəl yaranan şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olduğu da başa düşülən deyil.
Məsələ ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinin məsul şəxsi Şəmsəddin Sadıxova zəng edərək məsləyə aydınlıq gətirməsini istədik. Şəmsəddin Sadıxov sualları dinlədikdən sonra heç bir cavab verməyərək telefonun dəstəyini yerə qoydu.

Bənzər yazılar

Back to top button