İqtisadiyyatManşet

Daha bir dövlət proqramının da icrası qeyri-qənaətbəxşdir

Vahid Məhərrəmov

Kənd Təsərrüfatı Nazirliyinin keçən ilin noyabr ayında yaydığı məlumata bildirilir ki, 2022-ci ildə respublikanın 9 rayonunda 3194,25 hektar sahədə çəltik əkini aparılıb və sahələrdən 11548,12 ton məhsul yığılıb. Məlumatda çəltik üzrə orta məhsuldarlığın 36,2 sent/ha təşkil etdiyi qeyd edilir. O da qeyd edilir ki, 2022-ci ildə ən çox Lənkəran (802,3 ha), Ağdaş (681 ha) və Ucar (678 ha) rayonlarında çəltik əkilib” ([1]). Daha sonra Kənd təsərrüfatı nairliyinin yaydığı məlumatda qeyd edir: “Son illər respublikada çəltikçiliyin inkişafına böyük önəm verilməklə bu sahəyə dövlət dəstəyi daha da gücləndirilib, əkin sahələrinin və məhsul istehsalının artırılması ilə bağlı bir sıra zəruri tədbirlər həyata keçirilib. Aqrar Subsidiya Şurasının qərarına əsasən, çəltik becərilən sahənin hər hektarına görə, fermerlərə 360 manat əkin subsidiyası verilir”.

Xatırladım ki, ölkədə çəltikçiliyin inkişafına dair dövlət proqramı qəbul edilmişdir. Çox təəssüf ki, hökumət həmin proqramın icrası istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirə bilmir. Onu da xatırladım ki, əvvəlki yazılarımızda hökumətin pambıqçılıqla, tütünçülüklə bağlı qəbul etdiyi dövlət proqramların iflasa uğradığını, baramaçılıqla, çayçılıqla bağlı proqramlarının isə icrasının qeyri-qənaətbəxş olduğunu qeyd etmişdik.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 2021-2022-ci illər mövsümündə qlobal düyü istehlakının əvvəlki illə müqayisədə 1,7 faiz artaraq rekord səviyyəyə, yəni 520 milyon tona çatacağını proqnozlaşdırıb. Təşkilatın verdiyi proqnoza görə, marketinq mövsümünün (2021-2022-ci illər) sonunda qlobal düyü ehtiyatları 190,9 milyon ton təşkil edəcək ki, bu da 2020-2021-ci illər mövsümünün göstəricisindən 0,9 faiz yuxarıdır. Təşkilat yaydığı məlumatında 2022-ci ildə dünyada düyü ilə bağlı təlabatın və təklifin artdığını qeyd etmişdir. FAO-nun yaydığı məlumatda o da bildirilir ki, 2023-cü ilin yanvar ayında dünyada düyü bahalaşıb.

Araşdırmalar göstərir ki, dünya ölkələrində olduğu kimi Azərbaycanda da düyü istehlakı artmaqda davam edir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən apardığımız hesablamalar göstərir ki, son 10 ildə ərzaq məhsulu kimi istifadə olunan düyünün həcmi 2,3 dəfədən çox artmışdır. Belə ki, il ərzində düyü istehlakı 2011-ci ildə 27,4 min tondan 2021-ci ildə 63,4 min tonadək artıb (Cədvəl 1). Son 6 ildə düyü istehsalı isə kəskin şəkildə aşağı düşmüşdür. 2015-ci ildə ölkədə 15,9 min ton təmilənmiş düyü istehsal edildiyi halda, 2021-ci ildə istehsal 36,7% azalaraq 10 min tona düşmüşdür (Cədvəl 1).

Ölkədə düyüyə olan təlabatın artması və daxili istehsalın azalması öz növbəsində eyni adda məhsulun idxalının artımını şərtləndirmişdir. 2022-ci ildə ölkəyə 42,5 milyon dollar dəyərində 50,2 min ton düyü idxal edilmişdir ki, bu da əvvəlki ilə nisbətən fiziki çəkidə 7,4%, dəyər ifadəsində isə 25,4% çoxdur. Bu ilin əvvəlindən isə düyü idxalı kəskin şəkildə artmışdır. Belə ki, 2023-ci ilin yanvar ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə düyü idxalı fiziki çəkidə 2,2 dəfə, dəyər ifadəsində isə 2,5 dəfə artmışdır.

Qeyd etməliyəm ki, 2007-ci ildən 2022-ci ilədək düyü idxalı 3 dəfədən çox artmışdır. Belə ki, 2007-ci ildə ölkəyə cəmi 16 min ton düyü idxal edildiyi halda, 2022-ci ildə 3,1 dəfə artaraq 50,2 min ton təşkil etmişdir.

Onu da qeyd etməliyəm ki, Azərbaycanda düyü ilə özünütəminetmə səviyyəsi çox aşağıdır. DSK-nın hesabatında Azərbaycanda düyü ilə özünütəminetmə səviyyəsin 2021-cı ildə 17,7 faiz göstərilsə də, bu göstərici özünütəminetmə səviyyəsini deyil, ümumi istehlak edilən məhsulda daxili istehsalın payının göstəricisidir.

Beynəlxalq normaya uğun olaraq il ərzində adambaşına düyü istehlakı norması 32,8 kiloqramdır.

Azərbaycan istehsal etdiyi 10 min ton (adambaşına 1 kiloqram) düyü ümumi təlabatın təxminən 3 faizi qədərdir. Bu da o deməkdir ki, Azərbaycanda düyü ilə özünütəminetmə səviyyəsi 3 faiz civarındadır. Onu da qeyd etməliyəm ki, 2019-2020-ci illər mövsümündə dünya üzrə düyü istehlakı adambaşına 53,9 kq təçkil etmişdir.

Ümumiyyətlə, son 20 il ərzində ölkədə düyü istehsalı kəskin şəkildə azalmış, əvəzində isə yuxarıda qeyd edildiyi kimi düyü idxalı artmışdır. Belə ki, 2000-ci ildə ölkədə 22,2 min ton düyü istehsal olunduğu halda, sonrakı illərdə bu göstərici 2 dəfədən çox aşağı düşmüş və 2021-ci ildə cəmi 10 min ton düyü istehsal olmuşdu.

Dövlət Gömrük Komitəsinin məlumatından göründüyü kimi 2022-ci ildə Azərbaycana 50,2 min ton düyü idxal edilmişdir. Nəzərə alsaq ki, 2021-cu ildə 63,4 min ton düyüdən ərzaq məhsulu kimi istifadə edilib, belə olan halda hesab etmək olar ki, 2022-cı ildə idxal olunan düyü ölkə üzrə ərzaq kimi istifadə edilən ümumi düyünün orta hesabla 80 faizini təşkil edib.

Qeyd etməliyəm ki, son 1 ildə düyünün idxal dəyəri 16,7% artmışdır. Belə ki, 2021-ci ildə ölkəyə idxal edilən düyünün 1 tonunun idxal dəyəri 725,38 dollar olduğu halda, 2022-ci ildə 1 ton düyünün idxal dəyəri 121,62 dollar artaraq 847,00 dollar təşkil etmişdir. Son iki ildə isə düyünün idxal dəyəri 23,7% artmışdır.

Azərbaycan hökuməti dünya ərzaq bazarında tez-tez baş verən kəskin qiymət dəyişmələrindən, xüsusən qiymət artımlarından daxili bazarı qorumaq üçün əhalinin ərzaq mallarına, kənd təsərrüfatı məhsullarına olan təlabatını daxili istehsal hesabına ödənilməsi məsələsini özünün prioritet vəzifəsi hesab etməlidir.

Təəssüflə qeyd etməliyəm ki, uzun müddət Azərbaycan hökuməti çəltik istehsalının artırılması ilə bağlı ciddi işlər görməmişdir. Hətta hökumətin 2016-cı ildə qəbul etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə də çəltik, düyü istehsalı ilə bağlı hər hansı tədbir nəzərdə tutulmayıb. Əvvəllər qəbul edilmiş dövlət proqramlarında da bu sahəyə diqqət ayrılmamışdır. Yalnız 5 il əvvəl, 2018-ci ilin fevral ayında “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” qəbul edilmişdir. Prezidentin sərəncamında dövlət proqramının qəbul edilməsində məqsədin kənd təsərrüfatın ənənəvi sahələrindən olan çəltik istehsalının inkişaf etdirilməsi, əhalinin bu məhsula tələbatının ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi olduğu qeyd edilmişdir.

Proqramın giriş hissəsində o da qeyd edilmişdir ki, “son illər kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltikçiliyin inkişafı, əhalinin düyüyə olan tələbatının ödənilməsi və çəltik istehsalının artırılması istiqamətində bir sıra əhəmiyyətli tədbirlər görülmüş və müsbət nəticələr əldə olunmuşdur.” Dövlət proqramını hazırlayanlar düyüyə olan tələbatının ödənilməsi və çəltik istehsalının artırılması istiqamətində müsbət nəticələr əldə olunduğunu qeyd etməklə sahədə mövcud olan problemləri ört-basdır etməyə çalışmışlar. Reallıqda isə hökumət uzun müddət çəltik istehsalının artırılması ilə bağlı heç bir tədbir həyata keçirməmişdir. Elə bu səbəbdən də yuxarıda qeyd edildiyi kimi ölkədə düyü istehsalı 20 ildə 2 dəfədən çox (2000-ci ildə 22,2 min tondan 2021-ci ildə 10 min tona qədər) azalmış, idxalı isə 2,8 dəfə (2000-ci ildə 17,8 min ton, 2022-ci ildə 50,2 min ton) artmışdır.

Qəbul edilən sənəddə qeyd edilir ki, “Dövlət Proqramının məqsədi ölkə əhalisinin düyüyə olan tələbatının daha dolğun ödənilməsi, idxalın əvəzlənməsi, çəltik emalı sənayesinin inkişaf etdirilməsi və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə çəltikçilik sahəsinin inkişafını stimullaşdırmaqdan ibarətdir.” Proqramda qarşıya qoyulan məqsədə nail olunması üçün çəltik əkini sahələrinin genişləndirilməsi və çəltiyin məhsuldarlığının artırılması, düyü məhsulu üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi kimi vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur. Apardığımız araşdırmalar göstərdi ki, dövlət proqramında qarşıya qoyulan məqsədlərə nail olunması istiqamətində sahəyə məsul olan Kənd Təsərrüfatı Nazirliyi üzərlərinə düşən işlərin, vəzifələrin öhdəsindən gələ bilmir. Proqramda çəltik əkini sahələrinin genişləndirilməsi nəzərdə tutulsa da, proqram qəbul edilməzdən əvvəl 2017-ci ildə çəltiyin əkin sahəsi 5,1 min hektar olduğu halda, proqram qəbul edilən 2018-ci ildə əkin sahəsi 24,3% (1000 hektar) azalaraq 4,1 hektara enmişdir. Sonrakı 2022-ci ildə isə çəltiyin əkin sahəsi 2017-ci illə müqayisədə 1,909 hektar azalmışdır (Cədvəl 2). 2020-ci ilin iyul ayında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov demişdir ki, su çatışmazlığı və quraqlıq səbəbindən suya daha çox tələbatı olan bəzi bitkilərin becərilməsi üzrə məcburi azalmalar baş vermişdir. Belə ki, çəltik üzrə 4000 hektar proqnoza qarşı 3000 hektarda əkin aparılması mümkün olmuşdur. Halbuki hökumətin qəbul etdiyi dövlət proqramında çəltiyin əkini sahələrinin su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, su təsərrüfatı obyektlərinin təmir-bərpası, yenidən qurulması və tikintisi kimi tədbirlər nəzərdə tutulmuşdur. Gördüyünüz kimi dövlət proqramında çəltiyin əkin sahələrinin genişləndirilməsi nəzərdə tutulduğu halda, sənəd qəbul edildikdən sonra çəltik əkini sahəsi 2022-ci ilədək 37,4% azalmışdır.

Dövlət Proqramında qarşıya qoyulan məqsədlərdən biri də çəltiyin məhsuldarlığının artırılması olmuşdur. Təəssflə qeyd etməliyəm ki, DSK-nın təqdim etdiyi məlumatda (Cədvəl 2) göründüyü kimi 2021-ci ildə 2000-ci ilə nisbətən çəltiyin məhsuldarlığı 15.4 sentner aşağı düşmüşdür. Çəltik istehsalı isə 2022-ci ildə 2017-ci ilə nisbətən 28,8%, 2000-ci ilə nisbətən isə 48,3% azalmışdır.

Proqramın qəbul edilməsində həm də məqsəd düyü ilə özünütəminetmə səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi, idxaldan asılılığın azaldılması olsa da, 2022-ci ildə ölkıyə 50,2 min ton düyü idxal edilmişdir ki, bu da proqram qəbul edilən (2018-ci) ilin idxal göstəricisindən 400 ton çoxdur.

Onu da qeyd etməliyəm ki, bu ilin yanvar ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə düyü idxalı fiziki çəkidə 2,2 dəfə artmışdır.

Proqramda qeyd edilir ki, Dövlət Proqramının icrası nəticəsində 2025-ci ildə orta məhsuldarlıq 40,0 s/ha olmaqla çəltik əkini sahələri 10 min hektara, istehsalın həcmi 40 min tona çatdırılacaqdır. Sənəd 2018-ci ilin fevral ayında qəbul edilsə də, qarşıya qoyulan hədəflər reallığı özündə əks etdirmir. Birincisi, ölkədə illik düyü istehlakı proqram qəbul edilməzdən əvvəl 2017-ci ildə 60 min ton, sonrakı ildə də 60 min tondan yuxarıdı olmuşdur. Bu gedişlə 2025-ci ilə qədər təlabatın ciddi artacağı gözlənilir. Dövlət proqramında nəzərdə tutulduğu kimi 2025-ci ilədək 40 min ton çəltik istehsal etməklə, təlabatın yalnız bir hissəsini odəmək mümkün olacaq. Bu isə heç də proqramda nəzərdə tutulduğu kimi ölkənin “düyü ilə özünütəminetmə səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırılması” demək deyil. İkincisi də gələcəkdə hər hektardan 40 sentner məhsul əldə etmək 2025-ci il üçün heç də yaxşı göstərici deyil. Qeyd etməliyəm ki, hələ 2000-ci ildə ölkə üzrə hər hektardan orta məhsuldarlıq 50,2 sentner, Astara rayonu üzrə 74,5 sentner təşkil etmişdir. 2005-ci ildə isə Lənkəran-Astara iqtisadi rayonu üzrə hektardan məhsuldarlıq 73,2 sentnerə, Lənkəran rayonunda isə 85 sentner qədər qalxmışdır. Muasir texnologiya hər hektardan 80-100 sentner çəltik əldə etmək imkanı verir. Azərbaycanda məhsuldarlığı ən azı 2 dəfə artırmaq üçün münbit torpaq-iqlim şəraiti və digər resurslar var.

Dövlət Proqramda qarşıya qoyulan hədəflər heç də böyük deyil. Təsəvvür edin, Azərbaycanda 1937-ci ildə primitiv üsullarla 50,3 min ton çəltik istehsal olunmuşdur. Və həmin il hektardan məhsuldarlıq 30,4 sentner təşkil etmişdir. İndiki hakimiyyət isə müasir texnologiyanın tətbiqi sayəsində 2025-ci ilədək çəltikçilikdə məhsuldarlığı 40 sentnerə, məhsul istehsalını isə 40 min tona çatdırmağı qarşıya məqsəd qoyub.

Dövlət Proqramının qəbulundan 5 il müddət keçdi. Hətta hökumət qarşıya qoyduğu kiçik hədəflərə də nail olmaq üçün üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilmir. Bu səbəbdən də yaxın üç ildə çəltik istehsalının 40 min tona çatdırılacağı real görünmür.

Ümumiyyətlə, çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün qəbul edilmiş dövlət proqramı qeyri-peşəkar və səthi hazırlanmışdır.

ƏLAVƏLƏR

Əlavə1

Cədvəl 1 Təmizlənmiş düyü ehtiyatları və istifadələri (ton). Mənbə DSK

2007 2010 2017 2018 2019 2020 2021
İlin əvvəlinə qalıq 8,427 8,196 12,017 17,424 17,475 17,029 18,376
İstehsal 3,575 3,930 15,916 11,975 11,070 9,397 10,062
İdxal 16,072 26,203 51,060 49,826 48,655 56,884 46,766
Ehtiyatların cəmi 28,074 38,329 78,993 79,225 77,200 83,310 75,204
Toxum üçün 106 164 510 405 404 300 309
Əhalinin istehlak fondu 20,324 29,891 59,990 60,275 58,715 63,487 63,418
Qida məhsulları istehsalı üçün 196
 İxrac 631 8 6 16 29 34
İtkilər 476 156 1,061 1,064 1,036 1,118 1,009
İlin sonuna qalıq 6,537 8,118 17,424 17,475 17,029 18,376 10,238
İstifadələrin cəmi 28,074 38,329 78,993 79,225 77,200 83,310 75,204

 

Əlavə 2

Cədvəl 2. Çəltiyin əkin sahəsi, məhsul istehsalı, məhsuldarlıq Mənbə DSK

İllər Əkin sahəsi (hektar) Məhsul istehsal (ton) Məhsuldarlıq (sentner)
2020 4463 22335,0              50,2
2017 5103 16220,4               31,7
2018 4054 12413,2               30,0
2019 4037 12043,7 29,9
2020 3002 9922,6 32,8
2021 3085 10675,9 34,8
2022 3194 11548,1 36,2

 


[1] https://agro.gov.az/az/news/celtikcilik-2022-orta-mehsuldarliq-ve-istehsal-hecmi-2022-ci-ille-mueqayisede-artib

Mənbə: Turan.az

Bənzər yazılar

Back to top button