İqtisadiyyat

Keçmiş direktoru “Mətanət-A”nı məhkəməyə verib – Yakup Çimenlə Elxan Bəşirov arasında qalmaqal

Azərbaycan inşaat məhsullarının istehsalçısı olan “Mətanət-A” şirkəti məhkəməyə verilib.

Qaynarinfo xəbər verir ki, iddiaçı şirkətin keçmiş direktoru Yakup Çimendir. O, 2019-cu ildə “Mətanət-A”nın direktoru təyin edilib. 2021-ci ildə isə vəzifəsindən istefa verib.

Yakup Çimen iddiası birinci məhkəmə instansiyası tərəfindən təmin edilməyib. O, apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərrux Qasımovun sədrliyi ilə baxılacaq. Prosesin vaxtı hələ ki, müəyyən edilməyib.

İşin mahiyyətinə gəlincə, bu barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. İddialara görə isə Yakup Çimen şirkətlə bağlıdığı müqavilədə öhdəliklərin yerinə yetirilməsini tələb edir.

Yakup Çimen şirkətin direktoru olmazdan əvvəl orada menecer vəzifəsində çalışıb. O, türk əsilli olsa da, hansı ölkənin vətəndaşı olduğu bəlli deyil.

Yakup Çimeni hazırda Solmaz Əliyeva əvəz edir.

“Mətanət-A” şirkətinin sahibi isə iş adamı Elxan Bəşirovdur. Yakup Çimen şirkətin direktoru təyin ediləndə Elxan Bəşirovun ölkəni tərk etməsi barədə iddialar səsləndirilirdi. Bildirilirdi ki, iş adamı xaricdə də biznes qurub. Bu səbəbdən ölkədən gedib.

Bu məlumatlar qarşı tərəfdən təkzib olunmayıb. Bununla belə, əldə etdiyimiz məlumatlara görə, Elxan Bəşirov hazırda Azərbaycandadır və “Mətanət-A” şirkətinin fəaliyyətinə nəzarəti həyata keçirməkdə davam edir.

Bənzər yazılar

Back to top button