AnalitikaSiyasət

Qarabağ müharibəsi: mülahizələrlə həqiqətlər arasında

Cəmil Həsənli
tarix elmləri doktoru, professordur. Bakı Dövlət Universitetində və Xəzər Universitetlərində çalışmışdır. Müxtəlif dillərdə çıxmış onlarla monoqrafiyanın müəllifidir. Bunlar içində İngilis dilində nəşr edilmiş ” “Azərbaycanın sovetləşməsi: Cənubi Qafqaz Rusiya, Türkiyə, İran üçbucağında, 1920-1922” (The University of Utah Press, 2017), “Azərbaycan Respublikasının xarici siyasəti: Qərbə inteqrasiyanın çətin yolu, 1918-1920” (Routledge, 2015), “Xruşşov mülayimləşməsi və Azərbaycanda milli kimlik məsələsi, 1954-1959” (The Harvard Cold War Studies Book Series, 2014) və sairə kimi kitabları vardır.

Bu yaxınlarda Nebraska-Lincoln Universitetinin Tarix kafedrasının professoru Bedross Der Matosyanın International Journal of Middle East Studies[1] jurnalında dərc olunan Orta Şərq Araşdırmalarında erməni məsələlərinə və 2020-ci ildəki Arsax müharibəsinə qarşı ikili münasibət (ambivalentlik) məqaləsini oxudum. Şübhəsiz ki, məqalədə bir neçə maraqlı məqam var. Müəllifin regionşünaslıq nöqteyi-nəzərindən ermənişünaslığın təkamülü və Yaxın Şərqdə erməni tarixşünaslığının vəziyyətilə bağlı mülahizələri xüsusilə maraqlıdır. Bununla belə, məqalədə razılaşmadığım və fikrimcə, tarixi faktlarla ziddiyyət təşkil edən bir sıra məqamlar var. Bu məsələlərlə bağlı öz rəyimi və fikirlərimi bildirmək istərdim.

Müəllif yazır: “1921-ci il iyulun 5-də İosif Stalin özünün ‘parçala və hökm sür’ imperiya siyasətinin tərkib hissəsi olaraq, əhalinin əksəriyyətinin iradəsinə zidd olaraq, yeni yaranmış Ermənistan Sovet Respublikasına birləşdirilməli olan Qarabağı yarımmuxtar vilayət kimi Sovet Azərbaycanının tərkibinə qatmaq qərarına gəldi.”[2] Müvafiq arxiv sənədlərilə işləmiş bir tədqiqatçı kimi deyə bilərəm ki, Der Matosyanın qənaəti yanlışdır. Birincisi, 1921-ci ildə İosif Stalin kim idi? Həmin illərdə o, Millətlər İşləri üzrə Xalq Komissarı vəzifəsini tuturdu və təkbaşına belə bir “parçala və hökm sür” imperiya siyasətini yürüdə bilməzdi. İkincisi və daha da önəmlisi, Der Matosyanın sözlərindən belə çıxır ki, guya 1921-ci il iyulun 5-dən əvvəl Dağlıq Qarabağ Ermənistanın tərkibində olub və iyulun 5-də Stalin Qafqaz Bürosunun iclasına gələrək onu Azərbaycana verib. Lakin tarixi faktlar və arxiv sənədləri sübut edir ki, Dağlıq Qarabağ regionu (DQMV) heç vaxt – həm Birinci Ermənistan Respublikası (1918-1920), həm də Sovet Ermənistanı (1920-1991) daxil olmaqla, heç bir elan edilmiş Ermənistan dövlətinin tərkibində olmayıb. 1920-ci il aprelin 28-də Qızıl Ordu Azərbaycanı işğal etdikdən sonra ermənilər Qarabağın dağlıq hissəsinə olan iddialarını gücləndirdilər. O vaxt, 1920-ci il iyulun 10-da görkəmli Qafqaz bolşevikləri Nəriman Nərimanov (azərbaycanlı), Budu Mdivani (gürcü), Anastas Mikoyan (erməni), Viktor Naneişvili (gürcü) və 11-ci Qızıl Ordunun hərbi şurasının üzvləri Yakov Vesnik, Mixail Levandovski və Boris Mixaylov Moskvaya – Rusiya Kommunist (Bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinə məktub yazdılar: “Biz Zəngəzur və Qarabağ məsələsi ilə bağlı yekdil fikrimizi çatdırmağı özümüzə borc bilirik. Məsələ burasındadır ki, Ermənistanla danışıqlar Qafqazda inqilabın maraqlarına zidd olan müvəqqəti qərar qəbul etməyə yönəlir. Qeyd edək ki, Müsavat hökuməti dövründə [1918-1920] Qarabağ Azərbaycanın ayrılmaz hissəsi idi.” [3]

Erməni tarixçiləri, o cümlədən Der Matosyan Dağlıq Qarabağın Azərbaycana daxil olmasında niyə Stalini günahlandırırlar? Birincisi, bu ittiham SSRİ-nin dağılması dövründə Stalinin cinayətlərinin ilk açıq müzakirələri ilə bağlıdır. Bu zaman ermənilər Sovet İttifaqının bir çox digər millətləri kimi təkcə fərdi müstəvidə deyil, həm də milli zəmində özlərini Stalin rejiminin qurbanı kimi göstərməyə cəhd edirdilər. Bunun fonunda Qarabağı Azərbaycana verməklə ermənilərə ziyan vurmaqda Stalinin də günahkar olduğunu iddia edirdilər. Görünür, son illərdə Stalin saxtakarlığından danışan erməni tədqiqatçıları Qafqaz Bürosunun 1921-ci il iyulun 4-5-də keçirilmiş plenumlarının 11 və 12 saylı protokollarından xəbərsizdirlər.[4] Onlar Stalinin Qarabağı Azərbaycana “verməsi” ilə bağlı fərziyyəni təkrarlayırlar, bu fərziyyə erməni tarixçiləri tərəfindən 30-35 il əvvəl – 1980-ci illərin sonlarından bəri bilavasitə regionla bağlı siyasi mübahisəyə görə irəli sürülmüşdür. Məsələn, onlar Stalinin sədrliyi ilə keçirilən iclasda Dağlıq Qarabağın Ermənistandan alınaraq Azərbaycana verildiyini yazırlar. Axı Stalin Qafqaz Bürosunun üzvü deyildi, onun Büronun plenumlarında səs və ya təklif vermək hüququ yox idi. O, üzvü olmadığı bir təşkilatın iclasına necə rəhbərlik edə bilərdi? Plenum Qarabağı Azərbaycana vermədi, əksinə, Qarabağın dağlıq bölgəsini ilk Azərbaycan respublikasında olduğu kimi Azərbaycanın tərkibində saxladı.

Stalin 1921-ci il iyulun əvvəlində niyə Tiflisə gəldi? Həmin vaxt Stalin Şimali Qafqazın Nalçik şəhərində istirahət edirdi. Onun qəfil Tiflis səfəri Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi ilə bağlı olmayıb. Moskva o vaxt Bolşevik Partiyası Mərkəzi Komitəsindən asılı olmamağa çalışan Gürcüstan İnqilab Komitəsinin sədri Filipp Maxaradzedən narazı idi. Buna görə də Stalin onu daha itaətkar Budu Mdivani ilə əvəz etmək üçün Tiflisə gəldi. İyulun 7-də Qafqaz Bürosunun plenumu başa çatan kimi bu məsələ Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin müzakirəsinə çıxarıldı və dəyişiklik həyata keçirildi. Yəni Stalinin Tbilisiyə qəfil səfərinin Dağlıq Qarabağ münaqişəsi ilə heç bir əlaqəsi yox idi.[5]

Bundan əlavə, Dağlıq Qarabağ Sovet Azərbaycanının tərkibində olarkən, 1923-cü ildə regionda erməni əhalisinin sayı çox olduğuna görə Azərbaycanın tərkibində muxtar vilayətə  çevrildi. Lakin Sovet Ermənistanında kompakt yaşayan və sayları Dağlıq Qarabağ ermənilərinin sayından iki dəfə çox olan azərbaycanlılara belə bir hüquq verilmədi.

Professor Der Matosyan yazır ki, “növbəti altı onillikdə region erməniləri bir-birini əvəz edən Azərbaycan hökumətləri tərəfindən davamlı olaraq ayrı-seçkilik və yerdəyişməyə məruz qalıb, iqtisadi inkişafdan məhrum olublar.”[6] Əvvəla, Sovet İttifaqı totalitar dövlət idi. Kommunist ideologiyası zəminində milli hüquq və azadlıqların məhdudlaşdırılmasından təkcə Dağlıq Qarabağ erməniləri deyil, bütün milli sovet respublikaları, o cümlədən Azərbaycan və Ermənistan sovet respublikaları da əziyyət çəkib.

İkincisi, Rusiya Sovet Federativ Sosialist Respublikasında muxtar vilayət statusuna malik 5 subyekt var idi. Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan tərkibindəki rəsmi statusu Rusiyanın tərkibində olan həmin 5 muxtar vilayətin hüquqlarından geniş idi. Məsələn, vilayət Sovetinin razılığı olmadan Dağlıq Qarabağın inzibati-ərazi quruluşu dəyişdirilə bilməzdi. Lakin yuxarıda adı çəkilən oxşar muxtar qurumların belə bir hüququ yox idi.

Der Matosyanın – “bölgə erməniləri bir-birini əvəz edən Azərbaycan hökumətləri tərəfindən davamlı olaraq … iqtisadi inkişafdan məhrum olublar”[7] – iddiasına cavab olaraq deyə bilərik ki, Sovet İttifaqı bütövlükdə iqtisadi cəhətdən geridə qalmış ölkə idi.[8] Amma sovet şəraitində Dağlıq Qarabağın iqtisadi vəziyyəti orta sovet göstəricilərindən aşağı deyildi, hətta Azərbaycan və Ermənistanın orta iqtisadi göstəricilərindən yüksək idi.[9] Məsələn, 1970-1980-ci illərdə regionun iqtisadiyyatında sənaye aparıcı yer tuturdu. Bu iki onillikdə onun istehsal həcmi üç dəfədən çox artmışdır. 1980-ci illərin sonlarında birlikdə sənaye istehsalının 80%-indən çoxunu təşkil edən yeyinti sənayesi, yüngül sənaye və maşınqayırma xüsusi intensivliklə inkişaf etdirildi. Bu göstərici Azərbaycanın digər bölgələri ilə müqayisədə iki dəfə yüksək idi. Məsələn, 1988-ci il hadisələrinə qədər DQMV-nin sosial inkişafının göstəricilərinə müqayisəli şəkildə nəzər salaq. Hər 10 min nəfərə düşən xəstəxana çarpayıları ilə təminat Azərbaycanda 97.7, Ermənistanda 86.2, Dağlıq Qarabağda isə 101.7; hər 10 min nəfərə düşən tibb işçiləri ilə təminat müvafiq olaraq 93.5, 93.5 və 122.7; hər 10 min nəfərə düşən klubların sayı müvafiq olaraq 5.3, 8 və 15; hər 10 min nəfərə düşən kinoteatrların sayı müvafiq olaraq 3, 2.9 və 11.2; bir nəfərə düşən mənzil fondu (kv.m) müvafiq olaraq 10.9, 13.7 və 14.6 idi.[10]

Der Matosyanın fikrincə, “1953-cü ildə Stalinin ölümündən sonra Qarabağ erməniləri öz narazılıqlarını səsləndirərək Dağlıq Qarabağın Ermənistan və ya Rusiya ilə birləşdirilməsini yenidən tələb etməyə başladılar.”[11] Bu proses Stalinin ölümündən sonra deyil, 1956-cı ildə Xruşşovun məxfi çıxışı ilə Stalinin şəxsiyyətinə pərəstişin tənqidindən sonra başladı. Professor Der Matosyanın 1963-cü il tarixinə aid etdiyi müraciət, çox güman ki, Nikita Xruşşova Qarabağ erməniləri tərəfindən 1963-cü ildə deyil, 1961-ci ildə göndərilib.

Müraciətin şablon mətninin məzmunu belə idi: “Yoldaş Nikita Sergeyeviç Xruşşova. Biz Dağlıq Qarabağın Hadrut rayonunun _____________________ kəndinin sakinləri Dağlıq Qarabağın Ermənistana ilhaq gününü səbirsizliklə gözləyirik. Bu, bizim arzumuzdur. Biz əminik ki, bizim əziz, sevimli Nikita Xruşşov və Sovet İttifaqı Kommunist Partiyası bunu həyata keçirəcək.”[12] Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə icazə verilmədiyi təqdirdə, regionun RSFSR-ə qoşulması təklifinin müraciət mətninə daxil edilməsinin zəruriliyi barədə Yerevandan göstərişlər alınmışdı.[13] Lakin Azərbaycan rəhbərliyinin bu müraciət axını ilə bağlı narahatlığına baxmayaraq, Xruşşovun 1961-ci ilin mayında Ermənistana səfəri Azərbaycan üçün zərərsiz ötüşdü.

Digər bənzər müraciət, Der Matosyanın səhv bildiyi kimi 1967-ci ildə deyil, 1966-cı ildə Ermənistan SSR-in rəhbərliyi tərəfindən Sovet Kommunist Partiyasının Mərkəzi Komitəsinə göndərilmişdi. 1966-cı il 29 mart – 6 aprel aralığında keçirilən Sov.İKP-nin XXIII qurultayına Qarabağ erməniləri ilə yanaşı, Ermənistanın ziyalıları, elm və mədəniyyət xadimləri də Naxçıvan və Dağlıq Qarabağın Ermənistana inteqrasiya edilməsi ilə bağlı Sov.İKP MK-ya müraciət ünvanlayıblar. 1966-cı il sentyabrın 30-da Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Anton Koçinyan və Ermənistan SSR hökumətinin sədri Bədəl Muradyan Sovet rəhbərliyinə birgə məktub göndərdilər:

Fikrimizcə, Naxçıvan və Dağlıq Qarabağın Ermənistan SSR-yə verilməsi məsələsinə baxılması və müsbət həll edilməsi məqsədəuyğun olardı, eyni zamanda, Naxçıvan MSSR öz muxtariyyətini ərazisində yerləşdiyi Ermənistan SSR tərkibində saxlaya bilərdi. Lakin hazırkı mərhələdə Naxçıvanın Ermənistan SSR-yə qaytarılması müəyyən çətinliklər yaratsa da, Dağlıq Qarabağın Ermənistan SSR-yə qaytarılmasında heç bir çətinlik yoxdur və bu ağrısız həyata keçirilə bilər. Mümkün arzuolunmaz reaksiyalardan ehtiyatlanmaq  əsassızdır, beləki, söhbət Azərbaycan SSR ərazisinin hər hansı bir hissəsinin qoparılmasından yox, yerli əhalisi eyni, yəni erməni olan muxtar milli vilayətin ittifaq respublikasına birləşdirilməsindən gedir.[14]

Hər iki şəxs Moskvaya göndərdikləri məktubda Dağlıq Qarabağın Ermənistana verilməsinin siyasi, hüquqi, iqtisadi və mədəni əsaslarını ortaya qoymaqla, bunun ermənilərlə azərbaycanlılar arasında dostluğu daha da möhkəmləndirəcəyinə əminliklərini bildiriblər. Lakin 1960-cı illərdə ermənilərin ilhaqçılığa yönəlmiş rəsmi cəhdləri bir nəticə vermədi.

Müəllif yazır ki, Dağlıq Qarabağ ermənilərinin “tələbləri Azərbaycan hökuməti tərəfindən Sumqayıt, Kirovabad və Bakıda təşkil edilmiş bir sıra talanlarla qarşılaşdı.”[15] Bəs ilk qantökmə harada olmuşdu? 1988-ci il fevralın 22-də DQMV-nin Əsgəran rayonunda qanlı hadisələr baş verdi. Həmin gün erməni millətindən olan silahlı şəxslər atəş açaraq iki azərbaycanlını qətlə yetirdilər.[16] Sumqayıtda ilk qiyam fevralın 26-da Ermənistan SSR-nin Qafan rayonundan olan azərbaycanlı qaçqınların şəhərə gəlişi və Ermənistanda azərbaycanlılara qarşı ermənilərin törətdikləri vəhşiliklər haqqında xəbərlərin yayılması ilə başladı.[17] Ondan sonra fevralın 28-də Sumqayıtda iğtişaşlar başladı. Sovet ordusu və Daxili İşlər Nazirliyinin silahlı birləşmələri şəhərdən cəmi 10 km aralıda olsalar da, orduya SSRİ Müdafiə Naziri Dmitri Yazov şəhərə müdaxilə etməyə icazə vermədi.

Sumqayıt poqromunun 26-sı erməni millətindən, 6-sı azərbaycanlı olmaqla 32 qurbanı olub. Bu, təbii ki, böyük faciədir. Lakin iştirakçıları arasında erməniləri çox amansızcasına qətlə yetirən erməni millətindən olan Eduard Qriqoryan adlı bir vətəndaş da var idi.[18]

Məqalədə ən maraqlısı odur ki, müəllif 150 min əhalisi olan Dağlıq Qarabağın 8 milyonluq əhalisi və geniş iqtisadi imkanları olan Azərbaycan üzərində qələbəsinə inanır və başqalarını da buna inandırmağa çalışır. O, əlavə edir ki, “1994-cü ildə Qarabağ Müdafiə Ordusu bufer zona yaratmaq məqsədilə respublikanı əhatə edən 7 rayonu ələ keçirib.”[19] Məsələ ondadır ki, Der Matosyanın “bufer zonası” adlandırdığı ərazilər Dağlıq Qarabağ ərazisindən 4-5 dəfə böyük idi. Belə ki, yeni yaranmış, hələ də tanınmamış respublika ilkin ərazisindən 4-5 dəfə böyük ərazini işğal edib, onu əvvəlcə “işğal olunmuş ərazi”, sonra təhlükəsizlik üçün “bufer zona”, daha sonra isə “azad edilmiş” ərazi adlandırıb.[20] Dağlıq Qarabağ ərazisində gedən bu azadlıq döyüşləri zamanı 7 min nəfər əhalisi (azərbaycanlılar) olan Xocalı kəndi tamamilə məhv edilib. Onun sakinlərinə gəlincə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən basqın nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl yaşlı insanlar olmaqla 613-dən çox insan qətlə yetirilib. Bundan əlavə, 1275 nəfər erməni təcavüzkarları tərəfindən girov götürülüb, 500-dən çox insan yaralanıb, 150 nəfər isə itkin düşüb.[21]

Der Matosyan Azərbaycan ərazilərinin Qarabağ Azadlıq Ordusu tərəfindən işğal edildiyi təəssüratını yaratmaq istəyir. Təbii ki, bu, belə deyil. Azərbaycan əraziləri Rusiya Federasiyasının aşkar və gizli dəstəyi və iştirakı ilə Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən bilavasitə işğal olunub, çünki Rusiya Dağlıq Qarabağ məsələsinə Azərbaycan, Ermənistan və region üzərində nəzarəti saxlamaq vasitəsi kimi baxırdı. Otuzillik işğalda Ermənistan nəinki “yeddi rayonu qaytarmağa hazır olduğunu” nümayiş etdirdi, hətta onlardan dəfələrlə müzakirə mövzusu olmuş  beşini belə qaytarmaqdan imtina etdi. [22]

2020-ci ildə qırx dörd günlük müharibə ilə bağlı professor Der Matosyan yazır ki, “2020-ci il sentyabrın 27-də məhvedici qlobal pandemiyanın ortasında Azərbaycan Türkiyə və Suriyanın şimalından olan cihadçı döyüşçülərin köməyilə Qarabağ Respublikasına hücum etdi.”[23]

Müharibə zamanı beynəlxalq akademik ictimaiyyətin, o cümlədən Yaxın Şərq Araşdırmaları Assosiasiyasının (YŞAA) xüsusilə səssiz qalması və müharibəni qınamaması Der Matosyanı heç də məmnun etməyib. Əlbəttə, YŞAA-nın mövqeyi düzgündür. Lakin YŞAA Ermənistan silahlı qüvvələri Rusiyanın köməyilə Azərbaycan ərazisini, yəni Birləşmiş Millətlər Təşkilatı və ATƏT-in Azərbaycan ərazisi kimi tanıdığı əraziləri zəbt edərkən ilkin işğalı qınamalı idi.[24]

30 ildən artıq davam edən bu münaqişə hər iki tərəfdən 35 min insanın həyatına son qoyub. Bundan əlavə, yüz minlərlə məcburi köçkün evlərini və yaşayış yerlərini tərk edib. Dağıntıların miqyası ölçüyəgəlməzdir. Fikrimcə, indi geriyə yox, irəliyə baxmaq lazımdır. Davamlı və dayanıqlı sülhün yollarını axtarmaq lazımdır ki, bu sülh həm erməni xalqının, həm Azərbaycan xalqının, həm də bütövlükdə regionun təhlükəsizliyini, inkişafını və firavanlığını təmin etsin.

Qeydlər və istinadlar:

[1] Matossian, Bedross Der. “Ambivalence to Things Armenian in Middle Eastern Studies and the War on Artsakh in 2020.” International Journal of Middle East Studies 54, no. 3 (August 2022): 530–34.

[2] Yenə orada, 531.

[3] Письмо Нариманова, Мдивани, Микояна, Нанейшвили, Весника, Левандовского и Михайлова в ЦК РКП (б). 10.07.1920, Архив политических документов при Управлении делами Президента Азербайджанской Республики. (далее – АПД УДП АР), ф.1, оп.44, д.118, л.25.

[4] Bax: Протокол №11 вечернего заседания пленума Кавбюро ЦК РКП. 04.07.1921, Российский государственный архив социально-политической истории (далее – РГАСПИ), ф.64, оп.1, д.1, л.118; Протокол №11 вечернего заседания пленума Кавбюро ЦК РКП. 04.07.1921//РГАСПИ, ф.64, оп.1, д.1, л.114; Протокол №12 заседания пленума Кавбюро ЦК РКП КП (б). 05.07.1921//РГАСПИ, ф.64, оп.1, д.1, л.122.

[5] Ətraflı məlumat üçün bax, Jamil Hasanli. The Sovietization of Azerbaijan: The South Caucasus in the Triangle of Russia, Turkey, and Iran, 1920-1922. The University of Utah Press, Salt Lake City, 2018, pp. 117-157.

[6] Matossian, “Ambivalence,” 531.

[7] Yenə orada.

[8] Bax: Vladislav M. Zubok. Collapse: The Fall of the Soviet Union. Yale University Press, 2021, pp. 16-27.

[9] Bax: Экономика горного Края. Беседа корреспондента «Азеринформ» с заместителем председателя Совета Минисров Азербайджанской ССР, председателем Госплана республики А.Муталибовым // Газ. «Бакинский рабочий» № 45. 23 февраля 1988 г., Таблица сравнительных показателей социального развития НКАО. // Газ. «Бакинский рабочий», 11 марта 1988 г.

[10] Bax: Зияд Самедзаде. Нагорный Карабах: неизвестная правда. Баку. 1995; Экономика Нагорного Карабаха в советский период. // https://karabakh.center/d/page18326968.html Постановление; ЦК КПСС и Совета Министров СССР «О мерах по ускорению социально-экономического развития Нагорно-Карабахской автономной области Азербайджанской ССР в 1988–1995 годах». «Советский Карабах», 29 марта 1988 г.

[11] Matossian, “Ambivalence,” 531.

[12] Петиция армян Нагорного Карабаха к Никита Хрущев. 24.06.1962, Российский государственный архив новейшей истории (далее – РГАНИ), ф. 5, оп. 31, д. 172, л.37.

[13] Yenə orada, 40.

[14] Письмо А. Кочиняна и  Б. Мурадяна к Секретариату ЦК КПСС. 30.09. 1966, Национальный архив Республика Армении (далее – НАРА), ф. 1, оn. 46, д. 65-а, л. 8-9.

[15] Matossian, “Ambivalence,” 531.

[16] Телеграмма депутата Нагорно-Карабахского облсовета С.А.Гргорян  в ЦК КПСС М.С.Горбачеву от 23 февраля 1988 г.,  РГАНИ, ф.2, оп.5, д.641, л.7

[17] Хроника событий в Нагорно-Карабахской автономной области и вокруг нее с 11 февраля по 21 мая 1988 г.,  АПД УДП АР, ф.1, оп.83, д.205, л.5; Олег Кусов. Первые беженцы гибнущего СССР. // Вестник Кавказа, https://vestikavkaza.ru/analytics/pervye-bezency-gibnusego-sssr.html

[18] Доклад правительственной комиссии, заслушанной на заседании Бюро ЦК КП Азербайджана. 7 мая 1988 г. Протокол № 74, АПД УДП АР, ф.1, оп.83, д.59, л.34; Доклад комиссии ЦК КП Азербайджана о причинах, повлекших за собой трагические события в г.Сумгаите 27‒29 февраля 1988 г. Протокол № 74 заседания Бюро ЦК КП Азербайджана. 7 мая 1988 г., АПД УДП АР, ф.1, оп.83, д.59, л.52.

[19] Matossian, “Ambivalence,” 532.

[20] Роберт Кочарян. Жизнь и свобода. Автобиография экс-президента Армении и Карабаха. М., 2019, с.6, 156; Серж Саргсян. Хотим победоносную армию – не должны иметь слабохарактерных, безнравственных руководителей. //https://www.panorama.am/ru/news/2023/01/28/; Освобожденные территории являются неотъемлемой частью Нагорного Карабаха // https://arka.am/ru/news/politics/9567/;

Александр Минасян. Где бьется территориальный нерв войны в Нагорном Карабахе.// https://regnum.ru/news/polit/3088513.html

[21] Bax: “Nowhere To Hıde For Azerı Refugees”, The Guardian, 2 September 1993; “The Face Of A Massacre”, Newsweek, 16 March 1992; “Massacre By Armenıans”, The New York Times, 3 March 1992; Thomas Goltz, “Armenian Soldıers Massacre Hundreds Of Fleeıng Families”, The Sunday Times, 1 March 1992; “Corpses Lıtter Hılls In Karabakh”, The Times, 2 March 1992; Jill Smolowe, “Massacre In Khojaly”, Time, 16 March 1992, “Nagorno-Karabakh Victims Buried İn Azerbaijani Town”, The Washington Post, 28 Feburary 1992.

[22] Matossian, “Ambivalence,” 532.

[23] Yenə orada.

[24] The United Nations Security Council adopted four resolutions on the occupation: on 30 April 1993, the UN Security Council adopted resolution 822 by UN Security Council, demanding “the immediate withdrawal of all occupying forces from the district of Kalbajar and other recently occupied districts of Azerbaijan”;  on 29 July 1993, the Security Council adopted resolution 853 by the UN Security Council, “demanding the immediate, complete and unconditional withdrawal of occupation forces involved in the conflict from the district of Aghdam and all other recently occupied districts of the Republic of Azerbaijan; on 14 October 1993, the UN SC Security Council passed the resolution 874, calling on the parties “to abstain from any hostile acts and any interference or invasion, which could lead to escalation of the conflict and undermine peace and security in the region”; on 11 November 1993, the UN Security Council passed resolution 884, demanding an “immediate cease fire and end to hostilities, unilateral withdrawal of occupation forces from the district of Zangelan and the city of Horadiz and withdrawal of occupation forces from other districts of Azerbaijan, captured recently.” – which Armenia has had not fulfilled any of them for 27 years. See: Resolution 822 (1993) adopted by the Security Council at its 3205th meeting, on 30 April 1993. // https://digitallibrary.un.org/record/165604; Resolution 853 (1993) adopted by the Security Council at its 3259th meeting, on 29 July 1993.// https://digitallibrary.un.org/record/170257#:~:text=Condemns%20the%20seizure%20of%20the,and%20complete%20withdrawal%20of%20the; Resolution 874 (1993) adopted by the Security Council at its 3292nd meeting, on 14 October 1993.// https://digitallibrary.un.org/record/174420; Resolution 884 (1993) adopted by the Security Council at its 3313th meeting, on 12 November 1993. // https://digitallibrary.un.org/record/176731#record-files-collapse-header

Mənbə: bakuresearchinstitute.org

Bənzər yazılar

Back to top button