GündəmManşetSiyasət

Əliyevin daxili siyasətdəki ciddi yanlışları… – Partiya sədri hakimiyyətə səsləndi

Xarici və daxili siyasət bir-birinin davamı olduğu üçün, Azərbaycan hakimiyyətinin müharibədən sonra daxili siyasətdə yol verdiyi ciddi yanlışlar gec-tez onun xarici siyasət imkanlarını məhdudlaşdırmalı idi və belə də oldu.
Haaqada Putinin həbsinə verilən tapşırıqdan sonra Ermənistanda rusiyapərəst qüvvələrin dinc yolla hakimiyyətə gəlməsi ehtimalı demək olar sıfıra endi. Rusiya tərəfdarları hansı adla ölkəni təzədən Moskvaya meyllənməyə çağıra bilərlər? Heç bir adla. Bu çağırışlar lazımi ictimai dəstək tapmayacaq.

Nəticə etibarı ilə, Azərbaycan və Ermənistan arasında yeganə mümkün vasitəçi Qərb oldu.

Haaqadan bir neçə gün sonra Moskvada Ermənistan xarici işlər nazirini qəbul edən Lavrov qəzəbini gizlətmədən şikayətlənirdi ki, Qərb Bakı-İrəvan danışıqlarını qapıb oğurlamaq istəyir.

İndi sual olunur: bunun fonunda rus durub qəzəbli-qəzəbli, mat-mat baxacaq? Xeyr, o əməli tədbirlər görəcək ki, təşəbbüsü Qərbin əlindən qoparsın və regionda mövcudluğunu qorusun.
Bunun üçün Moskvanın hansı imkanları var?

Dediyim kimi, Ermənistanda dinc hakimiyyət dəyişikliyi nəticəsində Rusiya meylli qüvvələrin iqtidara çevrilməsi artıq mümkün deyil. Hətta Azərbaycan hücuma keçib yeni əraziləri azad etsə, bu, ancaq qərb meylli hökumətin Ermənistanda yazdığı “Gördünüzmü, rus bizi qorumur!” hekayəsini daha da etibarlı edəcək. Rusların İrəvanda hərbi çevrilişə güc çatarmı? Çətin.

Rusiya üçün öz tərəfdarlarını Azərbaycanda hakimiyyətə gətirmək da eyni qədər çətin işdir. Qalır Azərbaycanla Qərbin arasını bərk vurmaq. Bunun mümkün üç yolu var.

Birincisi – Bakını demokratik davranış qaydalarına qarşı səsli-küylü addımlar atdırmaq: siyasi həbslər, zorakılıq, mürtəce qanunların qəbulu və s. Bunu “maşallah” Azərbaycan hökuməti özü edir, sadəcə miqyasını artırmaq lazımdır.

İkincisi – Qarabağda gərginliyi yüksəldib dava salmaq, erməniləri oradan tamamən köçürüb Azərbaycanı soyqırımda ittiham etdirmək. Haaqada olsa “daha da yaxşı”.

Üçüncüsü – hər iki yanlışı Azərbaycan hakimiyyətinə eyni vaxtda etdirməkdir.

Birinci yolda ediləsi iş çox deyil: “Media haqqında” və “Siyasi Partiyalar haqqında” qanun ölkəmizin adına “lazımınca” ləkə gətirdi. İndi onları yaxşıca icra edib olan-qalan jurnalistikanı boğmaq və konstruktiv partiyaları da bağlamaq lazımdır. Üstəgəl 1-2 yeni qalmaqallı siyasi həbs və zorakılıq hadisəsi “yerinə düşər”. Avropa Parlamentinin, Avropa Komissiyasının, Ağ evin, ABŞ Dövlət Departamentinin bizi qınayan bəyanatları onsuz da son zamanlar su kimi durmadan axır, indi olsun sel.

İkinci yol daha səmərəli olsa da, daha çətindir, çünki münaqişə mövzusunda Bakının Qərblə dialoqu ayrıdır və hadisələr istənilən anda durdurula bilər. Lakin Azərbaycanda hakimiyyətdən “qətiyyət” tələb edən səslər yetərincə güclü olsa, Qərblə dialoq boşuna çıxar və saxta “soyqırım” ssenarisi tam həcmdə icra olunar. Ermənilər özləri sülhməramlıların müşayiəti ilə Qarabağdan həvəslə köçər, təki bu ssenari gerçəkləşsin. Çünki sonra təntənə ilə, qalib kimi ora dönəcəklər. Arada kimlərinsə Azərbaycan əsgəri formasını yalandan geyinib qəsdən kamera qarşısında hərbi cinayətlər törətməsini heç demirəm. Dünya hərb tarixi bu cür geyim dəyişmə şouları ilə doludur.

Çıxış yolumuz nədədir? Azərbaycan hakimiyyəti müharibədən sonra demokratik açılıma başlamalı idi. Ən əvvəldən. Dərhal yeni və dürüst parlament seçkiləri keçirib ölkəmizin beynəlxalq imicini təzələməli idi, söz və toplaşmaq azadlığını özünə beynəlxalq bayraq etməli idi. Bunun üçün resursu çox idi, amma bir xeylisi xərcləndi getdi. Hökumət lazım olanın tam tərsini etdi deyə, indi həlledici məqam yetişəndə xarici siyasət imkanları tükənib. Yenə də gec deyil. Bu istiqamətdə təcili addımlar atmaq gərəkdir – müxalifətlə siyasi dialoq çərçivəsində.

“Qərbi Azərbaycan” mövzusunda illərdir edilən yanlışa son qoyulmalıdır. İddiamız Zəngəzurla məhdudlaşmalı və bu iddia İrəvanın Qarabağ iddiasına gündəlik güzgü rolunu oynamalıdır. Bununla belə, iddiadan doğa biləcək əməllərlə dövlətimizin nəinki heç bir əlaqəsi olmamalıdır, hətta bu əməldə bulunanlar hakimiyyətə açıq-aydın müxalif mövqedə dursa yaxşı olar, Qarabağ erməniləri İrəvanı indi tanımadığı kimi.

Qısası, daha mürəkkəb qaydalı siyasət qurmağı ancaq demokratik rəqabətə öyrəşmiş təfəkkür və sistem mümkün edər.

İlqar Məmmədov,
REAL partiyasının sədri

Bənzər yazılar

Back to top button