ManşetSiyasət

ABŞ qarşıdakı Brüssel görüşü ilə bağlı Azərbaycanın tənqidini qəbul etməyib

Çərşənbə günü Vaşinqton ABŞ, Avropa İttifaqı və Ermənistanın Brüsseldə yalnız Ermənistana aid üçtərəfli görüşü ilə bağlı Bakının tənqidini qəbul etməyib.

“Aprelin 5-də bu görüşdə əsas diqqət Ermənistana öz ticarət əlaqələrini şaxələndirməyə və humanitar ehtiyacları həll etməyə kömək etmək üçün iqtisadi dayanıqlığa yönəldiləcək. Mən başa düşmürəm ki, niyə bu, hər hansı ölkə üçün problem olmalıdır”, – Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Turan-ın sualının cavabında deyib.

Miller Avropa İttifaqını və ABŞ-ı sülh prosesinə “mənfi təsir göstərməkdə”, yeni “ayırıcı” xətlər yaratmaqda və “sabitliyi pozan hərəkətlərdə” ittiham edən azərbaycanlı həmkarı Ayxan Hacızadənin bəyanatına belə reaksiya verib.

“Əlbəttə ki, bu cür qiymətləndirmələrlə razı deyiləm”,- Miller deyib.

O qeyd edib ki, dövlət katibi Blinken və USAID rəhbəri Samanta Pauer Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Ermənistanın baş naziri Paşinyanla birlikdə ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşündə iştirak edəcəklər.

Azərbaycanla bağlı məsələlər müzakirə olunacaqmı? Bu sualın cavabında Miller deyib ki, “mümkündür “, ancaq bu, “diqqət mərkəzində olmayacaq”.

“Brüssel görüşü Ermənistanın iqtisadi dayanıqlığına, ticarət tərəfdaşlarının şaxələndirilməsinə və humanitar ehtiyaclarının ödənilməsinə həsr olunacaq”.

Blinken aprelin 4-də NATO xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün gələn həftə Brüsselə gedəcək və NATO baş katibi Stoltenberq, Ukraynanın xarici işlər naziri Kuleba ilə görüşəcək.

Blinken Belçikadan əvvəl aprelin 1-də Fransaya səfər edəcək, Parisdə prezident Makronla görüşərək Ukraynaya dəstəyi, Qəzzada münaqişənin artmasının qarşısının alınması səylərini müzakirə edəcək.

Ukraynaya əsgər göndərilməsilə bağlı Makronun şərhlərinə görə ABŞ və Fransa arasında fikir ayrılıqları barədə Turan-ın sualının cavabında Miller Vaşinqtonun mövqeyini təsdiqləyib ki, ABŞ “Ukraynaya qoşun göndərmək niyyətində deyil”.

Bənzər yazılar

Back to top button