Siyasət

Dövlət Departamenti: Rusiyanın qonşuları unutmamalıdırlar ki, Putin imperiyanı bərpa etmək istəyir

ABŞ bildirib ki, İran və Şimali Koreyadan Rusiyaya silah tədarükü haqda “xəbərləri görüblər” və bu hərəkətləri məhdudlaşdırmaq üçün sanksiyaları “sərtləşdirirlər”.

“Biz bunu diqqətlə izləyirik”, – Dövlət Departamentinin Avropa və Avrasiya üzrə nümayəndəsi brifinqdə İrandan Rusiyaya silah tədarükü ilə bağlı Turan-ın Vaşinqton müxbirinin sualını cavablandırarkən deyib.

Bu həftənin əvvəlində Amerika KİV bildirib ki, Tehran Rusiyaya yüzlərlə “yer-yer” sinifli raketi göndərib.

Cümə axşamı səfir Yuri Kim jurnalistlərə bildirib ki, 24 fevral 2022-ci ilə qədər ABŞ rusların Ukraynaya tammiqyaslı hücumun hazırlandığını göstərən “hərəkətlərini və aydın əlamətləri” görüb.

“Biz məlumatımızı yaydıq, müttəfiqlərlə paylaşdıq. Putin Ukraynaya tammiqyaslı hücum etmək niyyətini inkar etdi, ancaq o,yalan danışdı”, – o deyib.

Rusiyanın Ukraynanı tez təslim olmağa məcbur edə biləcəyi gözlənilirdi, lakin ukraynalılar göstərdilər ki, öz ölkələrini qoruya bilirlər. Buna görə də ABŞ-ın dünyanın 50 ölkəsindən olan tərəfdaşları Rusiyanın təcavüzündən qorunmaq üçün Ukraynaya dəstəyi artırdılar.

“Görünür, Putinin məqsədləri imperiyanın bərpası fantaziyası üzərində qurulub. O, Sovet İttifaqını bərpa etmək istəyir. Putinin məqsədi budur. Ukraynalıların məqsədi aydın və sadədir – hücumu dəf etmək və bir millət olaraq mövcud olmaq hüququnu müdafiə etmək”, – o deyib.

Moskva qonşu ölkələrdəki dondurulmuş münaqişələrdən öz xeyrinə istifadə etməyə çalışırmı? Turan-ın müxbirinin bu sualına cavabda Kim deyib ki, Rusiyanın qonşuları ” təkcə öz xalqına yox, həm də qonşu ölkələrə nəzarət etmək, manipulyasiya etmək və sıxışdırmaq üçün vəziyyətdən istifadə edən Kremlin siyasətini başqalarından daha yaxşı bilirlər”.(Turan)

Bənzər yazılar

Back to top button