GündəmManşetSiyasət

Kəlbəcər. Xəyanətin tarixi №822

30 il əvvəl Ermənistan Kəlbəcər rayonunu işğal edib

22 mart 1993-cü ildə mən Azərbaycan prezidentinin mətbuat katibinin müavini və ictimai əlaqələr sektorun müdiri vəzifəsini icra eləməyə başladım. Elə həmin gün Ermənistanın Kəlbəcər rayonunu və Laçın rayonunun Azərbaycanın nəzarəti altında qalan hissəsini ələ keçirmək məqsədilə hücum hazırlaması barədə administrasiyaya məlumat verdim.

Məndən iddiamın yazılı əsaslandırılmasını təqdim etməyi xahiş etdilər. Yazılı əsaslandırma tərtib edilərək dövlət müşaviri Nəcəf Nəcəfova təqdim edildi və o da onu prezident Elçibəyə təqdim etdi. Müdafiə Nazirliyinə sorğu göndərildi. Bir gündən sonra mənə məlumat verildi ki, Müdafiə Nazirliyi vəziyyətə nəzarət edir.

Lakin sonrakı hadisələr göstərdi ki, Kəlbəcər təcavüzü dəf etməyə hazır deyildi. Bu rayondakı ordu qruplaşması idarəolunmaz idi. Demək olar ki,Azərbaycan ordusunun bölmələri arasında heç bir əlaqə yox idi. Ermənistan Silahlı Qüvvələrinin yaxşı düşünülmüş və çoxvektorlu hərbi əməliyyatına qarşı pərakəndə müqavimət ocaqları mövcud idi.

Nəzərə almaq lazımdır ki, hadisələr dövlət aparatına, orduya və xüsusi xidmətlərə (onlar dövlət aparatının 95%-nə nəzarət edirdilər) və sosiuma nüfuz edən kommunist nomenklaturasının qərbyönlü Xalq Cəbhəsi hakimiyyətini devirməyə hazırlaşdığı bir kontekstdə inkişaf edirdi.

Erməni mənbələrdən əldə etdiyim məlumata görə, hücum üç istiqamətdən hazırlanırdı: Laçın, Vardanis, Dağlıq Qarabağ. Bu vaxta qədər ağır texnika və ordu bölmələrinin Dağlıq Qarabağa çıxarılması, onların Laçının işğal olunmuş hissəsində və Kəlbəcərlə sərhəddə cəmləşməsi sürətlə gedirdi. Hərbi texnikanın maneəsiz keçməsi üçün Zod aşırımı ərazisində yolların minalardan təmizlənməsi işi gedirdi.

Hücum martın 27-də, artilleriya və aviahazırlıqdan sonra başladı. Hücumda Ermənistanda yerləşən Rusiya ordusunun hərbi qulluqçuları iştirak edirdilər.

Laçın və Kəlbəcərin yekun işğalı aprelin 4-dək başa çatdı.

Ancaq aparıcı güclər – BMT Təhlükəsizlik Şurasının üzvləri Ermənistan tərəfindən təcavüz aktını tanımadılar, hərbi əməliyyatları yerli erməni birləşmələrlə Azərbaycan ordusu arasında qarşıdurma kimi təqdim etdilər. Yəni, beləliklə, Ermənistanın təcavüzü və onun Azərbaycan ərazilərini işğal etməsi tanınmadı, hərbi əməliyyatlar isə Azərbaycanın daxili işi hesab edildi. Bu, BMT TŞ-nin Ermənistan-Azərbaycan münaqişəsilə bağlı 822 saylı birinci qətnaməsində öz əksini tapıb, burada Ermənistan Silahlı Qüvvələri yerli erməni qüvvələri kimi təqdim edilib, Ermənistan isə bu münaqişədə Qarabağda erməniləri dəstəkləyən əlaqədar tərəf kimi nümayiş etdirilib. Əslində qətnamə layihəsinin ilkin variantında Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonundan dərhal çıxarılmasından danışılırdı.

Əgər BMT Təhlükəsizlik Şurası o zaman Ermənistan tərəfindən təcavüz aktını tanısaydı, Qarabağ münaqişəsi 30 il uzanmazdı, xeyli tez həll olunardı, çünki təcavüzkar ölkə kimi Ermənistana qarşı Azərbaycanla münaqişəyə son qoymaq üçün beynəlxalq məcburiyyət tədbirləri tətbiq olunardı. Lakin güclər vəziyyəti Azərbaycanın daxili işinə çevirmək və bununla da regionda öz maraqlarından irəli gələrək münaqişəni illərlə uzatmaq qərarına gəldilər.

Hücuma hazırlıq

Kəlbəcərə hücumdan əvvəl diqqəti yayındıran manevr oldu. Martın 23-də erməni ordusunun hissələri aviasiya və zirehli texnikanın dəstəyilə Zəngilan rayonunda Azərbaycanın dövlət sərhədini pozdular. Ermənistanın Qafan rayonu tərəfindən hücuma keçən düşmən Azərbaycan ərazisinin 4 kilometr dərinliyində yerləşdi. Görülən tədbirlər nəticəsində təcavüzkarın hücumu dayandırıldı. 24 mart günortaya yaxın qarşı tərəf ön mövqelərə çəkildi. Eyni zamanda, erməni ordusu Qarabağın şimalında Ağdərə istiqamətində döyüşlər aparırdı, Hadrut və Əsgərandakı erməni mövqelərindən Ağdam və Füzuli şəhərlərinin artilleriya atəşinə tutulması davam edirdi. Azərbaycanın Qazax, Gədəbəy və Zəngilan rayonlarında sərhədyanı yaşayış məntəqələri müxtəlif növ silahlardan atəşə tutulurdu.

Əməliyyat başladı

Martın 27-də günün ikinci yarısında erməni ordusunun hissələri Azərbaycanın Kəlbəcər rayonuna genişmiqyaslı hücuma keçdi. Respublikanın qərbində yerləşən bu rayon həm Ermənistanla, həm də Dağlıq Qarabağla həmsərhəddir. Kəlbəcər rayonuna hücumu hər iki tərəfdən erməni hissələri həyata keçirirdi. Hücumdan öncə Rusiya KİV-ləri Azərbaycan ordusunun erməni mövqelərinə hücumu barədə dezinformasiya yayırdı. Hücumun ilk saatlarında erməni bölmələri Kəlbəcər rayonunda beş Azərbaycan kəndini işğal edə bildi. Dinc sakinlər arasında ölənlər və yaralananlar vardı, işğal edilmiş bütün kəndlər talan edildi və yandırıldı.

Erməni xəritəsində aydın görünür ki, hücum Ermənistan ərazisindən aparılır

Azərbaycan prezidentinin mətbuat katibi Arif Əliyev bildirdi ki, Rusiya KİV-in (İnterfaks) Kəlbəcər rayonundakı hadisələr haqda qeyri-obtektiv məlumat yayması “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” Rusiya-Azərbaycan müqaviləsinin ruhuna ziddir.

Martın 30-da Azərbaycan XİN Ermənistana etiraz notası göndərdi. Notada deyilirdi: Martın 23-də Ermənistan Silahlı Qüvvələri Ermənistanın Qafan rayonu tərəfdən respublikanın sərhədini pozaraq Azərbaycanın Zəngilan rayonunun Göyalı və Canbar kəndlərini ələ keçirib. Martın 26-dan 27-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri Ermənistanın Vardenis rayonu tərəfdən sərhədi pozaraq Azərbaycanın Kəlbəcər rayonunun Soyuqbulaq, Söyüdlü və Dikyurd kəndlərinə hücum edib. Bu yaşayış məntəqələri havadan bombardmana məruz qalıb. Bu əməliyyatlar nəticəsində dinc əhali arasında qurbanlar, yaralılar var, çox sayda ev dağıdılıb. Notada qeyd olunurdu ki, Azərbaycan XİN erməni tərəfin hərəkətlərini BMT və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının (ATƏM) prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndirir. Sənəddə vurğulanırdı ki, Ermənistanın bu hərəkətlərində məqsəd ATƏM (indiki ATƏT) çərçivəsində Ermənistan-Azərbaycan danışıqlarını pozmaqdır.

Müdafiə Nazirliyinin 30 mart tarixli məlumatına görə, Ermənistan Silahlı Qüvvələrinin hücum edən hissələri Laçın-Gorus şimal yollarına doğru irəliləməyə davam edirdi. Onlar günün sonuna qədər Laçın rayonunu tamamən işğal etməyə və Kəlbəcər rayonunun mühasirəsini tamamlamağa müvəffəq oldular.

Martın 31-də Azərbaycan prezidentinin xarici siyasət üzrə dövlət müşaviri Vəfa Quluzadə İran, Rusiya, Türkiyə, ABŞ səfirlərini, BMT baş katibinin Azərbaycandakı nümayəndəsini Ermənistan Silahlı Qüvvələrinin davam etməkdə olan hücumları nəticəsində Kəlbəcər rayonunda yaranmış kritik vəziyyət barədə məlumatlandırdı. Quluzadə səfirlərdən xahiş etdi ki, regiondakı vəziyyət barədə öz dövlət başçılarına təcili məlumat çatdırsınlar və təcavüzkarı durdurmaq üçün tədbirlər görsünlər. Quluzadə qeyd edib ki, martın 31-də səhər saat 11:00-a yaxın erməni ordusunun ön hissələri Kəlbəcər rayon mərkəzinin 16 kilometrliyində olub. Hazırda rayonun 16 kəndi işğal edilib. Eyni zamanda, qonşu Laçın rayonunun təxminən 30 kəndi mühasirəyə alınıb. Beləliklə, 60000 min adam xarici aləmdən təcrid edilmiş olub. Davamlı artilleriya atəşi dinc sakinləri atəşin altından çıxarmağa imkan vermir. Dövlət müşaviri qeyd edirdi ki, “Kəlbəcər hadisələri öz miqyasına görə Xocalı faciəsini üstələyən faciəyə səbəb ola bilər”.

Martın 31-də gecə və aprelin 1-də səhər Azərbaycanın Kəlbəcər rayonunda şiddətli döyüşlər davam etdi. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, erməni qoşunları on kilometrdən çox irəliləyib və artıq rayon mərkəzinin kənarına çatıb. Kəlbəcərə hücum əvvəlkitək həm Ermənistan, həm də Dağlıq Qarabağ tərəfdən aparılır. Qərbdən və şərqdən irəliləyən düşmənin ön dəstələri arasında məsafə 5-6 kilometrə çatır. Şəhər dayanmayan artilleriya atəşləri səbəbindən yanır. Yanğın Ermənistanın Vardenis rayonu tərəfindən törədilir. Eyni zamanda Kəlbəcər Ermənistan HHQ-nin bombardmanına məruz qalır. Rayon mərkəzinin özündə və yaxınlıqdakı kəndlərdə çox sayda həlak olan var, onların sayını müəyyən etmək mümkün deyil. Atəş ardı-arası kəsilmədiyinə görə dinc əhalinin çıxarılması mümkün deyil. Sakinlərin çoxu ətrafdakı meşələrə qaçır.

Aprelin 1-də respublika prezidentinin mətbuat xidməti bəyanat yayaraq bildirdi ki, Ermənistanın hərbi aksiyası ölkə rəhbərliyinin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlar prosesini pozmaq cəhdləri çərçivəsindən kənara çıxır. Bununla, Ermənistan növbəti dəfə nümayiş etdirir ki, münaqişənin əsasında ərazi ekspansionizmi, beynəlxalq hüququn ümumqəbul edilmiş normalarına, suverenliyə və dövlət bütövlüyünə hörmət prinsiplərinə açıq-aşkar etinasızlıq dayanır. Ermənistanın antiazərbaycan siyasəti Azərbaycanın Dağlıq Qarabağdan kənarda yerləşən ərazilərinin intensiv işğalının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyur. BMT və ATƏM-in timsalında geniş səlahiyyətlərə malik beynəlxalq birlik indiyədək Ermənistan-Azərbaycan müharibəsində təcavüzkarın identifikasiyası üzrə heç bir tədbir görməyib. Nəzərə alsaq ki, indiki vəziyyət irimiqyaslı faciəyə gətirib çıxara bilər və dinc əhali arasında çoxsaylı qurbana səbəb ola bilər, Azərbaycan rəhbərliyi dünya dövlətlərinin, hökumətlərinin parlamentlərinin başçılarını, BMT, ATƏM, İKT və digər nüfuzlu təşkilatları Ermənistanın təcavüzkar hərəkətlərini qətiyyətlə və prinsipial şəkildə pisləməyə çağırır.

Martın 31-də Azərbaycan Respublikasının Vaşinqtondakı səfirliyinin müşaviri Ceyhun Mollazadə ABŞ Dövlət Departamentinə dövlət katibi Uorren Kristoferin adına məktub təqdim etdi. Məktubda Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü nəticəsində Kəlbəcər rayonunda hadisələrin təhlükəli inkişafı barədə məlumatlar yer alıb.

Aprelin 1-də Kəlbəcər rayonunun işğalı praktiki olaraq başa çatdırıldı. Azərbaycan misli görünməmiş humanitar fəlakətlə üzləşdi. Minlərlə dinc sakin mühasirəyə düşdü. Dinc əhali dağ aşırımları ilə respublikanın qonşu Daşkəsən rayonuna keçərək xilas oldu. Adamların çoxunu vertolyotlarla çıxarmaq mümkün oldu. Vertolyotlardan birinə yerdən atəş açıldı, 60 nəfər həlak oldu. Göyərtəsində qaçqınların olduğu başqa vertolyota ziyan dəydi, ancaq Yevlaxda enə bildi. Azərbaycanın Xanlar rayonunda qaçqınların qəbulu üzrə qərargah yaradıldı və artıq on mindən çox adam qeydiyyata alındı.

Aprelin 1-də Ermənistanın Azərbaycana qarşı yeni təcavüz aktları ilə əlaqədar prezident Ə.Elçibəy Bakıda akkreditə olunmuş xarici dövlətlərin diplomatik missiyalarının səfirlərini və nümayəndələrini dəvət etdi və erməni ordusunun Azərbaycanın Kəlbəcər rayonuna hücumu nəticəsində yaranmış kritik vəziyyət barədə onlara məlumat verdi. Prezident Ə. Elçibəy diplomatlara bildirdi ki, hazırda Kəlbəcər rayonu xarici aləmdən təcrid edilib və rayonun 60 minlik əhalisi məhv olmaq təhlükəsilə üzləşib. O qeyd etdi ki, öz miqyasına görə Xocalıdan daha böyük soyqırım təhlükəsi var. Prezident Ə. Elçibəy vurğulayıb ki, Ermənistanın son təcavüz aktları dövlət terrorizmi və azərbaycanlılara qarşı soyqırım siyasətindən xəbər verir. O, səfirlərdən xahiş edib ki, təcavüzkara qarşı əməli tədbirlər görmək üçün bu məlumatı dövlət rəhbərlərinin diqqətinə çatdırsınlar.

Aprelin 1-də Azərbaycan XİN bəyanatla çıxış edərək dünya birliyinin diqqətini Ermənistanın dinc yanaşı yaşamaq, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət norma və prinsiplərini pozması ilə bağlı yolverilməz faktlara yönəltdi və Ermənistanı təcavüzkar kimi tanımağa çağırdı.

Aprelin 2-də hərbi kəşfiyyat bildirdi ki, Ermənistanın Vardenis rayonunda Kəlbəcər rayonu ilə sərhəd boyunca hücuma hazırlaşan onlarla tank və zirehli texnika cəmləşib.

Aprelin 2-də Azərbaycan prezidenti Əbülfəz Elçibəy Rusiya prezidenti Boris Yeltsinə və ABŞ prezidenti Bill Klintona məktub göndərdi. Məktublarda təcavüzkarı cilovlamaq üçün zəruri tədbirlərin görülməsinə çağırdı.

Aprelin 2-də Milli Məclis Avropa parlamenti, BMT, ATƏM və dünya ölkələrinin parlamentlərinə müraciət edərək Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması və beynəlxalq normalara uyğun olaraq təcavüzkara qarşı sanksiyaların qəbul edilməsi üçün qətiyyətli tədbirlər görməyə çağırdı.

Aprelin 2-də Kəlbəcər rayonundan olan qaçqınlar Rusiya səfirliyinin yerləşdiyi “Azərbaycan” mehmanxanasının (indiki Hilton) binası qarşısında mitinq keçirdilər. Mitinqdə çıxış edən daxili işlər naziri İsgəndər Həmidov deyib ki, radiotutma materialları göstərir ki, Kəlbəcərə hücumda Rusiya müdafiə naziri Pavel Qraçevin 111 saylı əmrinə əsasən Rusiya ordusunun 7-ci bölmələri iştirak edir.

Aprelin 2-də müdafiə naziri general-mayor Dadaş Rzayev Bakıda akkreditə olunmuş xarici diplomatik missiyaların nümayəndələri üçün brifinq keçirdi. Brifinqdə diplomatlara rəsmən bildirilib ki, ermənilərin Kəlbəcərə hücumunda Ermənistan ərazisində yerləşən 7-ci Rusiya ordusu fəal iştirak edir. Müdafiə nazirinin sözlərinə görə, Azərbaycan tərəfdə bu faktı təsdiq edən dəlillər var.

Rzayevin məlumatına görə, Zod aşırımı vasitəsilə Ermənistanın Vardenis rayonundan Azərbaycanın Kəlbəcər rayonuna Rusiya ekipajlarının olduğu 10 tankdan ibarət kolon çıxarılıb. Döyüşlərdə 7-ci ordunun dağ xüsusi təyinatlılarının bölmələri iştirak edirlər. Onlar havadan MiQ-21, MİQ-23, MİQ-25 qırıcıları, həmçinin SU-25, SU-27 hücum təyyarələrilə dəstəklənir.

Rusiyanın Azərbaycandakı səfirinin müşaviri Gennadi Konenko 7-ci Rusiya ordusunun bölmələrinin ermənilərin tərəfində hərbi əməliyyatlarda iştirak etməsi barədə xəbərləri təkzib etdi. “Azərbaycan tərəfinin istinad etdiyi radiotutma Rusiya və Azərbaycan arasındakı münasibətləri ağırlaşdırmaq istəyənlər tərəfindən saxtalaşdırıla bilər”, – G.Konenko Turan agentliyinə bildirib.

Aprelin 3-də Azərbaycan Respublikası prezidentinin mətbuat xidməti bildirdi ki, qaçqınların gəldiyi Xanlar, Daşkəsən və Goranboy rayonlarının hakimiyyət orqanları minlərlə adamı qəbul etməkdə, ilkin yardım göstərməkdə və yerləşdirməkdə ciddi çətinlik çəkir. Dərman, sarğı materialları və donor qanı çatmır. Qaçqınlar arasında çoxlu yaralı və donmuş adamlar var. Yaşlılar, uşaqlar üçün xüsusilə çətindir, onların çoxu dağ keçidinin çətinliklərinə dözməyərək qarlı aşırımlarda həlak olur. Aprelin 3-də günorta Kəlbəcər rayonundan qaçqınların sayı 30 min nəfərə yaxınlaşmışdı.

Aprelin 3-də prezident Elçibəy Azərbaycan prezidentinin ABŞ prezidenti Bill Klintonun adına yazılı müraciətindən sonra vəziyyətlə tanış olmaq üçün Azərbaycana gəlmiş bir qrup amerikalı konqresmeni qəbul etdi.

Aprelin 3-də günün ikinci yarısında erməni ordusu Kəlbəcər rayon mərkəzini və Azərbaycanın eyniadlı rayonunun böyük hissəsini işğal etməyə müvəffəq oldu. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat mərkəzi bildirdi ki, aprelin 3-də saat 14:00-da Ermənistanın Vardenis rayonu tərəfdən Kəlbəcərə kütləvi artilleriya zərbəsi endirilib, bundan sonra düşmənin moto-piyada bölmələri sərhədi 15 km. pozaraq rayon mərkəzinə və yaxın kəndlərə hücum edib. Saat 18:00-da Kəlbəcər rayon mərkəzi və Kəlbəcər rayonunun ərazisinin təxminən 80 faizi düşmən tərəfindən işğal edildi. Hücumda döyüş təyyarələri və vertolyotlar, həmçinin 7-ci Rusiya ordusunun zirehli bölmələri iştirak edirdi.

Aprelin 5-də saat 11:00-da Kəlbəcər rayonundan 55 min nəfəri çıxarmaq mümkün olub, Azərbaycan prezidentinin mətbuat xidmətinin rəhbəri Arif Əliyev jurnalistlərə bildirdi. Mətbuat konfransında jurnalistlərə bildirilib ki, Beynəlxalq Qırmızı Xaç qaçqınlara ilk yardımın göstərilməsinə kömək edir. Əliyev deyib ki, ABŞ Dövlət Departamenti artıq iki dəfədir ki, Ermənistan rəhbərliyinə öz narahatlığını bildirib. ATƏM çərçivəsində Dağlıq Qarabağ üzrə məşvərət görüşünün iştirakçıları Rafaelli, Mareska və Çetin Ermənistanın Azərbaycana qarşı təcavüzünü kəskin şəkildə pisləyiblər.

Aprelin 5-də Kəlbəcər rayonundan evakuasiya zamanı içində qaçqınların olduğu iki yük maşını Kəlbəcəri tərk etmək mümkün olduğu yeganə yolda erməni qoşunlarının tankları tərəfindən atəşə tutulub. Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, 60 qaçqının hamısı həlak olub.

Aprelin 5-də respublika XİN Ermənistanın Azərbaycanın Kəlbəcər rayonuna təcavüzü ilə əlaqədar bəyanat qəbul etdi. Sənəddə qeyd olunurdu ki, bu il aprelin 3-də Ermənistan Silahlı Qüvvələrinin nizami hissələri Kəlbəcər şəhərini işğal edib. Martın 27-də erməni qoşunların Azərbaycan ərazisinin dərinliklərinə başlayan hücumu davam edir. Son bir neçə gündə Azərbaycan ərazisinin 1500 kv.km-i işğal edilib və beləliklə, Ermənistan Respublikası bu günədək Azərbaycan ərazisinin 7 min kv. km-ə qədərini işğal edib.

Ermənistanın təcavüzünün Yuxarı Qarabağın hüdudlarından kənarda genişlənməsi Ermənistan-Azərbaycan münaqişəsinin keyfiyyətcə yeni, xüsusilə təhlükəli mərhələyə keçdiyini göstərir. Bu, beynəlxalq birliyin indiyədək Ermənistanı təcavüzkar kimi tanımamasının nəticəsidir, sənəddə qeyd olunur. Bəyanatda ermənilərin hücumunda 7-ci Rusiya ordusunun bölmələrinin iştirakı göstərilir ki, bu da münaqişənin sülh yolu ilə həllində Rusiyanın vasitəçiliyinin effektivliyini şübhə altına alır. Sonda qeyd olunur ki, Ermənistanın təcavüzkar hərəkətləri ATƏM-in himayəsi altında danışıqlar prosesini əngəlləyir. Sənəddə təcavüzkara qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq etməklə təcavüzün dayandırılmasına çağırılır.

Aprelin 6-da prezident Elçibəy “Svoboda” radiosuna müsahibəsində bildirdi ki, Azərbaycan dünya birliyinə və dünya dövlətlərinin başçılarına, BMT Təhlükəsizlik Şurasına Ermənistanın təcavüzünü qiymətləndirmək və pisləmək çağırışı ilə müraciət edib. Əgər bu təcavüz dayandırılmasa, Yaxın və Orta Şərqdə ciddi müharibə ocağı yaranacaq. “Bizim üçün çətin olan müharibə şəraitinə baxmayaraq, biz danışıqların davam etdirilməsinə tərəfdarıq. Biz ATƏM çərçivəsində danışıqlar prosesinin ləğv edilməsinin və ya dayandırılmasının əleyhinəyik. Biz bu prosesin davam etdirilməsinə tərəfdarıq, lakin işğalçıların Kəlbəcər rayonunu azad etməsini tələb edirik”, -prezident Elçibəy deyib.

Aprelin 7-də Türkiyə prezidenti Turqut Özal Ermənistanın Azərbaycanın Kəlbəcər rayonuna təcavüzünü kəskin şəkildə pislədi. Daşkənddə mətbuat konfransında T.Özal deyib ki, Qarabağ ətrafında münaqişə artıq çoxdan bu ərazinin hüdudlarından kənara çıxıb və “Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü xarakteri alıb”. Dünən Türkiyənin baş naziri Süleyman Dəmirəl bildirib ki, “Türkiyə heç zaman Ermənistanın Azərbaycan ərazisinin bir hissəsini işğal etməsilə razılaşmayacaq”. Dəmirəlin sözlərinə görə, Türkiyə təcavüzkarı cilovlamaq üçün real addımlar atmaq niyyətindədir.

Aprelin 7-də İran XİN bəyanatla çıxış edərək Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Kəlbəcər rayonunu işğal etməsini pislədi. Bəyanatda qeyd olunurdu ki, İran regionda dövlətlərarası sərhədlərin zorla dəyişdirilməsilə razılaşmayacaq. İran bütün problemlərin danışıqlar masası arxasında siyasi yolla həllinə tərəfdardır, İran XİN-in bəyanatında deyilirdi.

Aprelin 7-də BMT Təhlükəsizlik Şurası Qarabağ bölgəsində döyüşlərin kəskinləşməsindən narahatlığını bildirdi. BMT Təhlükəsizlik Şurası ötən gün qəbul etdiyi qətnamədə tərəflərdən regionda sülhə təhlükə yaradan hərbi əməliyyatların dərhal dayandırılmasını və hərbi əməliyyatlar nəticəsində işğal olunmuş ərazilərdən öz birləşmələrinin çıxarılmasını tələb edib. Təhlükəsizlik Şurası tərəflərin heç birini təcavüzkar adlandırmadan onları dərhal atəşkəsə və sülh danışıqlarının keçirilməsinə çağırıb. Bəyanatda qeyd olunub ki, Ermənistan və Azərbaycan həmin rayonlarda mülki əhalinin əzab-əziyyətinin yüngülləşdirilməsi məqsədilə beynəlxalq təşkilatların münaqişə zonasına maneəsiz girişini təmin etməlidirlər.

Aprelin 7-də Beynəlxalq Qırmızı Xaç Komissiyasının rəyi açıqlanıb ki, erməni qoşunlarının hərbi əməliyyatları nəticəsində Kəlbəcər rayonunun bütün əhalisi qaçqın vəziyyətinə düşüb. Sənəddə BMT təcili olaraq qida, dərman, çadır, adyal şəklində humanitar yardım təşkil etməyə çağırılıb.

Aprelin 7-də Azərbaycan prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Vəfa Quluzadə Ermənistanın təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsini şərh edərkən deyib ki, bu layihə, şübhəsiz ki, irəliyə doğru addımdır. “İlk dəfədir ki, münaqişə haqda Ermənistan-Azərbaycan münaqişəsi kimi danışılır, baxmayaraq ki, indiyədək Dağlıq Qarabağ münaqişəsi haqda danışmağa üstünlük verilirdi”.

Vəfa Quluzadə həmçinin qeyd edib ki, sənəddə erməni qoşunlarının Kəlbəcər rayonundan başlayaraq işğal olunmuş ərazilərdən çıxarılmasına çağırış var. “Azərbaycan diplomatiyası Təhlükəsizlik Şurasının həqiqətən qınayıcı sənədi qəbul etməsi üçün hər cür səy göstərməlidir, çünki Küveytin İraq tərəfindən və Azərbaycanın Ermənistan tərəfindən işğal edilməsi arasında heç bir hüquqi fərq yoxdur”.

Aprelin 7-də Azərbaycan prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Vəfa Quluzadə BMT baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Mahmud əl- Səidi qəbul etdi. Söhbət zamanı Ermənistanın Kəlbəcər rayonuna təcavüzü ilə bağlı məsələlər müzakirə olunub.
Mahmud əl-Səid Kəlbəcər rayonuna səfərinin nəticələri və qaçqınlarla görüşləri barədə məlumat verib. Onun sözlərinə görə, rəhbərlik etdiyi BMT komissiyasının işinin nəticələrindən belə qənaətə gəlinir ki, Kəlbəcər rayonuna zərbə məhz Ermənistan ərazisindən vurulub. BMT komissiyası bu bölgədəki hərbi əməliyyatları Ermənistanın təcavüzü, Azərbaycanın dövlət sərhədinin pozulması kimi qiymətləndirir. Nəticədə çox sayda adam əziyyət çəkib, böyük sayda qaçqın yaranıb, çoxsaylı dağıntılar var. Komissiyanın işinin nəticələri hesabat şəklində tərtib ediləcək və BMT-yə təqdim olunacaq. Təhlükəsizlik Şurası hesabat və qətnamə layihəsi əsasında yekun sənəd qəbul edəcək.

Daxil olan məlumatların təhlili göstərir ki, Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü beynəlxalq hüququn nöqteyi-nəzərindən adekvat qiymət almayıb. Aprelin 8-də Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilirdi ki, Azərbaycanın fəal siyasi və diplomatik səylərinə baxmayaraq, dünyanın aparıcı ölkələri və təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinin səbəblərinin, xarakterinin və məzmununun qiymətləndirilməsində ümumilikdə təmkinli yanaşma nümayiş etdirirlər. 6 aprel 1993-cü ildə qəbul edilmiş TŞ sədrinin bəyanatında ifadə olunan BMT Təhlükəsizlik Şurasının mövqeyi bu baxımdan xarakterikdir. Sənəddə “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsindən, xüsusən də yerli erməni qüvvələrin Azərbaycanın Kəlbəcər rayonuna hücumundan ciddi narahatlıq” ifadə olunur. Beləliklə, bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin əsl mahiyyəti ört-basdır edilib. Ermənistanın təcavüzkar hərəkətləri “yerli erməni qüvvələrin hücumu” kimi qələmə verilib. Bəyanatın məntiqinə uyğun olaraq, Ermənistanla Azərbaycan arasında münasibətlərin pisləşməsi Azərbaycanın özündə hansısa daxili münaqişənin nəticəsi kimi qiymətləndirilir. Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindəki hərəkətlərinin “Dağlıq Qarabağ münaqişəsində düşmənçilik aktlarının eskalasiyası” termini ilə maskalanması da təəccüb doğurur. TŞ sülhə təhlükə yaradan bütün düşmənçilik hərəkətlərini dərhal dayandırılmasını və yerli erməni qüvvələri çıxarılmasını tələb edir. Hesab olunur ki, Ermənistanın Azərbaycan ərazisini ilhaq etməsi faktının prinsipial qiymətləndirilməməsi halında bu tələbin həyata keçirilməsi olduqca çətin olacaq. ABŞ Dövlət Departamentinin nümayəndəsinin 6 aprel 1993-cü il tarixli bəyanatı BMT TŞ-nin bəyanatından az fərqlənir. Sənəddə “Kəlbəcər rayonunda etnik erməni qüvvələrin hücumu” pislənilir, qeyd olunur ki, ABŞ hökuməti bu hücumu pisləyir və öz narahatlığını Ermənistan rəhbərliyinin və Dağlıq Qarabağ nümayəndələrinin diqqətinə çatdırıb. Sənəddə müsbət hal odur ki, Ermənistan Kəlbəcər rayonunda baş verən son hadisələrlə əlaqələndirilir. Bundan əlavə, burada “bütün etnik erməni qüvvələrin Kəlbəcər rayonundan dərhal və tamamən çıxarılmasına” açıq şəkildə çağırış yer alır. Diqqətəlayiqdir ki, Laçın rayonunun işğalı faktı rəsmi baxış kontekstindən tamamilə çıxarılıb. İtaliya və Fransa kimi ölkələrin mövqeyi daha da ehtiyatlıdır və mahiyyətcə ermənilərə yaxındır. Bu ölkələrin XİN-ləri dinc nizamlanmanın zəruriliyinə diqqət yetirirlər və faktiki olaraq Ermənistanın hərəkətlərini qiymətləndirməkdən yayınırlar. Türkiyə və İran daha ardıcıl və prinsipial yanaşma nümayiş etdirdilər. Bu ölkələrin rəsmi bəyanatlarında Ermənistan-Azərbaycan münaqişəsinin indiki gərginləşməsinin əsas səbəbi kimi Ermənistanın Azərbaycan ərazilərini anneksiya etmək cəhdi göstərilir. İran XİN Ermənistanı öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmağa çağırıb. Türkiyəyə gəlincə, o, Ermənistanın Azərbaycan ərazisini işğal etməsinin qarşısını almaq üçün BMT TŞ-nin daimi üzvlərini aktiv tədbirlər görməyə çağırıb. Eyni zamanda, bu ölkənin rəsmi dairələrinin hadisələrdə ciddi iştirakdan qaçmağa can atdıqlarını da qeyd etməmək olmaz. Onu da qeyd edək ki, indiyədək Rusiya baş verənlərə öz münasibətini bildirməyib. Güman etmək olar ki, yaxın günlərdə Ermənistanın hərbi uğurunun möhkəmləndirilməsi məqsədilə dərhal atəşkəsə nail olmaq üçün cəhdlər ediləcək.

Aprelin 9-da Azərbaycan Müdafiə Nazirliyi bildirdi ki, Füzuli şəhərinin girəcəyində Ermənistan Silahlı Qüvvələrinin güclü hərbi qruplaşması cəmləşib. Azərbaycanlı hərbi ekspertlərin fikrincə, bütün bunlar Ermənistan hərbi komandanlığının Füzuli şəhərinə hücum planı hazırladığı barədə məlumatları təsdiqləyir. Azərbaycan Müdafiə Nazirliyindən qeyd ediblər ki, Füzulinin işğalı respublikanın dörd cənub-qərb rayonunun – ümumi əhalisi 210 mindən çox olan Qubadlı, Zəngilan, Cəbrayıl və Füzulinin blokadaya alınmasına gətirib çıxaracaq. Bu, Ermənistana imkan verəcək ki, İranla sərhədlərini genişləndirsin və İran ərazisilə Bakıdan Naxçıvana avtomobil yolunun istismara verilməsinə mane olsun. Füzuli işğal edilərsə, Ermənistan hərbi diqqətini Azərbaycanın şimal-qərbinə yönəldəcək. Burada zərbənin ən çox ehtimal olunan istiqaməti Tovuz-Qazax-Ağstafa rayonları xəttidir. Bu plan həyata keçirilərsə, Ermənistan Azərbaycandan Gürcüstana enerji-nəqliyyat kommunikasiyalarını kəsər. Beləliklə, Yerevan təkcə Bakıya yox, həm də Tbilisiyə təzyiq vasitəsi əldə etmiş olar.

Aprelin 9-da xarici işlər naziri Tofİq Qasımov Nyu-Yorkda BMT Baş katibinin humanitar məsələlər üzrə müavini, beynəlxalq fövqəladə yardımın göstərilməsi üzrə koordinator Yan Eliasson ilə görüşdü. Söhbət zamanı Qasımov Eliassonu Azərbaycanın qərb və cənub-qərb rayonlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən təcavüzün genişlənməsi və respublika ərazisinin işğal edilməsilə bağlı faciəli hadisələrlə tanış edib.
Nazir vurğulayıb ki, Azərbaycanda mövcud olan 496 min qaçqına və köçkünə son hadisələr nəticəsində daha 45 min nəfər əlavə olub. Onları işğal olunmuş Kəlbəcər rayonundan çıxarmaq mümkün olub. 20 min nəfər Füzuli rayonundan evakuasiya edilib. Xüsusilə qeyd olunub ki, erməni qoşunların Füzuli şəhərin ələ keçirəcəyi təqdirdə Zəngilan, Cəbrayıl, Qubadlı və Füzuli rayonlarının 215 min sakininin həyatı təhlükə altına düşəcək, onlar erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın qalan hissəsindən qoparılmış olacaq.

Aprelin 7-də ABŞ Dövlət Departamentində brifinqdə rəsmi spiker Riçard Bouçer ABŞ hökumətinin mövqeyini təqdim etdi. O qeyd edib ki, BMT TŞ artıq öz sədrinin bəyanatını dərc edib. Bəyanatda deyilir ki, düşmənçilik əməllərinə son qoyulmasına və “yerli erməni qüvvələrin” Kəlbəcər rayonundan çıxarılmasına çağırış var. R.Bouçer bildirib ki, ABŞ hökuməti əvvəlkitək əmindir ki, “ATƏM-in himayəsi altında Minsk Qrupu çərçivəsində danışıqlar münaqişənin sülh yolu ilə nizamlanmasına ən yaxşı ümid olaraq qalır”. “Biz münaqişəyə cəlb olunmuş bütün tərəfləri hərbi yolla həll axtarışından çəkinməyə və vicdanla danışıqlar masasına qayıtmağa çağırırıq”,- o əlavə edib. R.Bouçer həmçinin çox sayda azərbaycanlı qaçqının olduqca ağır şəraitdə olduğunu vurğulayıb.

Aprelin 10-da Rusiya prezidenti Boris Yeltsin Ermənistan və Azərbaycan prezidentlərinə müraciətində Azərbaycanın bir neçə rayonunun ərazisindəki şiddətli döyüşlər və hərbi əməliyyatların Qarabağdan kənara çıxması ilə bağlı dərin narahatlığını ifadə etdi. Yeltsin qeyd edib ki, güc üsulları sayəsində özü üçün birtərəfli üstünlüklərə nail olmaqdan ötrü heç bir cəhd siyasi və ya hərbi fayda gətirməyəcək, sadəcə, tərəflərin barışmasını çətinləşdirəcək. Silahlı qarşıdurma illəri göstərdi ki, məsələnin güc yolu ilə həllinə stavka etmək perspektivsizdir. Yeltsin Rusiya qoşunlarının münaqişədə kiminsə tərəfində iştirakına dair iddiaları istisna edib. Yeltsin Qarabağ münaqişəsi bölgəsində hərbi əməliyyatların yeni eskalasiyasını qətiyyətlə pisləyib və münaqişəyə cəlb olunmuş bütün tərəfləri daxili və xarici sərhədlərə hörmətlə yanaşmağa çağırıb. O, təcili tədbir kimi atəşi dərhal və hər yerdə dayandırmağı, Dağlıq Qarabağ probleminin dinc yolla nizamlanmasına nail olmaq üçün ciddi danışıqlara keçməyi təklif edib.

Aprelin 12-də xarici işlər naziri Andrey Kozırev Rusiya sülhməramlı kontingentinin Kəlbəcərə yeridilməsini təklif etdi və Azərbaycan tərəfdən rədd cavabı aldı.

Aprelin 13-də Türkiyə prezidenti Turqut Özal Bakıya gəldiyində paytaxtın Binə hava limanında bildirdi ki, Türkiyə mövcud sərhədlərin güc yoluyla dəyişdirilməsi cəhdlərinə mənfi yanaşır. Prezident Özal qeyd edib ki, Ermənistan rəhbərliyinin sərhədlərin zorla dəyişdirilməsinə yönələn siyasəti qəbuledilməzdir və Türkiyə buna yol verməyəcək. O həmçinin deyib ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını könüllü azad edəcəyinə ümid edir. Özal qeyd edib ki, Ermənistan rəhbərliyi başa düşməlidir ki, “sonsuz müharibələr və başqasının ərazisinin bir hissəsini qoparmaq cəhdləri Ermənistana sülh gətirməyəcək. Bu ölkənin rəhbərləri onu da xatırlamalıdırlar ki, Türkiyənin səbri sonsuz deyil. Ermənistanın Azərbaycana qarşı təcavüzünə dəstək verən ölkələrə gəlincə, Türkiyə bu dəstəyi neytrallaşdırmaq üçün əlindən gələni edəcək”.

Yerevan və Ermənistanın Gorus rayonuna səfərdən sonra Bakıya gələn hollandiyalı müstəqil jurnalist Çarlz Van-der-Leo iddia edir ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycana qarşı hərbi əməliyyatlarda birbaşa iştirak edir. Hollandiyanın “ABRO” radiosunu, Brüsselin “Standard” qəzetini və Lüksemburqun “Tageblatt” qəzetini təmsil edən Çarlz Van-der-Leo erməni qoşunlarının Azərbaycanın Kəlbəcər və Laçın rayonlarına son hücumunun şahidi olub.
Onun sözlərinə görə, hücum Azərbaycan ərazisinin Ermənistan ərazisindən güclü artilleriya atəşinə tutulması fonunda həyata keçirilib. Hollandiyalı jurnalist ermənilərin əlində olan azərbaycanlı əsir və girovlarla görüşə bilməyib. Onun sözlərinə görə, Ermənistanda bu kateqoriyadan olan qurbanların yeri gizlədilir. O, özünün Livan təcrübəsindən çıxış edərək “azərbaycanlı girovların rəsmi Yerevana məlum olmayan erməni silahlı qruplaşmalarının bazalarında saxlanıldığını” istisna etmir.

Mühasirədən çıxmış yerli sakinlər və Qərb jurnalistləri Ermənistanın işğalçı ordusunun əsgərlərinin dinc sakinlərə qarşı törətdikləri cinayətlərə şahidlik edirlər. Belə ki, Frans-Press agentliyi xəbər verir ki, Kəlbəcər rayon mərkəzinə gedən yolun kənarları iki kilometr boyunca insan və heyvan cəsədləri ilə doludur. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Kəlbəcərdən qaçarkən onlarla azərbaycanlı uşağın erməni əsgərlər tərəfindən öldürülməsi barədə məlumat yayıb. Həmin mənbəyə görə, yüksək dağlıq, qarlı aşırımları keçərkən çox adam həlak olub. “Sərhədsiz həkimlər” təşkilatı ermənilərin əllərinə düşən qadınların və uşaqların bir hissəsinin Xankəndinə və Ermənistana aparıldığını bildirir.

Aprelin 13-də “Reuters” agentliyinin Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından sonra Azərbaycanda daxili siyasi vəziyyət barədə sualını cavablandıran prezident Elçibəy xatırladıb ki, “indiki vəziyyət Ermənistan ordusunun Şuşa və Laçın şəhərini işğal etməsindən sonra respublikada yaranmış vəziyyətlə analojidir”. Prezident onu da xatırladıb ki, Şuşa və Laçın rayonlarının əhalisi kimi, Kəlbəcər rayonunun da əhalisi işğalçı ordu tərəfindən bir neçə gün ərzində öz torpaqlarından qovulub. “Bütün bunlar onu göstərir ki, bu əməliyyatlar eyni ssenaristlər tərəfindən hazırlanıb”, – prezident qeyd edib. “Aydındır ki, kənardan dəstək olmasa Ermənistan belə miqyaslı hərbi əməliyyatlar həyata keçirə bilməzdi. Bu nəticə həm xarici diplomatlar, həm də hərbi ekspertlər tərəfindən təsdiqlənir”,- o vurğulayıb.

İslam Konfransı Təşkilatının (İKT) baş katibi doktor Həmid əl-Qabid Elçibəyə məktub ünvanlayıb. Orada deyilir ki, “İKT erməni təcavüzünün intensivləşməsindən və genişlənməsindən ciddi narahatdır. Bu narahatlıq Ermənistanın Azərbaycana qarşı təcavüz faktını kəskin şəkildə pislədiyimiz rəsmi bəyanatda ifadə olunub”.

Aprelin 14-də prezident Turqut Özal prezident Elçibəylə birgə mətbuat konfransında bildirdi ki, Kəlbəcər rayonunun işğalı ərəfəsində Rusiyanın İl-76 nəqliyyat təyyarələri Soçidən Gümrüyə 60-a qədər uçuş həyata keçirib. “Düşünmürəm ki, Rusiyadan Ermənistana humanitar yüklər daşınıb”. Öz növbəsində, Azərbaycan prezidenti bildirib ki, Rusiyanın müharibədə Ermənistanın tərəfində birbaşa iştirakına şübhə etmir. Bu, ötən il Qarabağda ermənilərin tərəfində döyüşmüş 15 rusiyalı hərbi qulluqçunun həbs olunması faktı ilə təsdiqlənir. Kəlbəcər rayonunun ermənilər tərəfindən işğalı zamanı 5 növ döyüş təyyarəsi, mühəndis qoşunları bölmələri cəlb edilib ki, bunlar Ermənistanda yoxdur. Nəhayət, radiotutma materialları göstərir ki, bütün hərbi əməliyyatlar Ermənistan ərazisindən Rusiya zabitləri tərəfindən idarə olunub”.

Britaniya hökumətinin Azərbaycandakı nümayəndəsi Harold Formoton Britaniya hökumətinin 14 aprel 1993-cü il tarixli rəsmi bəyanatını Azərbaycan rəhbərliyinə təqdim etdi. Bəyanatda deyilirdi: “Britaniya hökuməti Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların eskalasiyasından, əsasən Azərbaycan Respublikasının Kəlbəcər rayonuna hücumdan çox narahatdır. O, işğalçı qüvvələri geri çəkməyə, hərbi əməliyyatları dayandırmağa və ATƏM çərçivəsində sülh prosesini bərpa etməyə çağırır. Son döyüşlər mülki əhali üçün böyük əzaba çevrilib, adamların çoxu öz evlərini tərk edib. Bununla əlaqədar Britaniya hökuməti Azərbaycana humanitar yardım göstərmək üçün BMT-nin qaçqınlar üzrə ali komissarına 100 min funt sterlinq verir”.

Aprelin 15-də İran prezidenti Əli Haşimi Rəfsəncanidən Azərbaycan prezidentinin adına məktub daxil oldu. Məktubda qeyd olunurdu ki, İran Ermənistanla Azərbaycan arasında sərhədlərin zorla dəyişdirilməsi cəhdlərini kəskin pisləyir və erməni qoşunlarının işğal olunmuş Kəlbəcər rayonundan çıxarılmasını tələb edir. İran Ermənistanın ölkədəki müvəqqəti işlər vəkilinə öz etirazını bildirib və birmənalı olaraq təcavüzkarı pisləyib. İran prezidenti qeyd edib ki, təcavüzkarın cilovlanması və bütün erməni qoşunların işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması üçün bütün tədbirləri görəcək.

Aprelin 14-də Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Hafiz Paşayev etimadnaməsini ABŞ prezidenti Bill Klintona təqdim etdi. Rəsmi mərasim zamanı Azərbaycan səfirinin ABŞ prezidentilə yarım saatlıq söhbəti olub. Respublika prezidentinin mətbuat xidmətinin məlumatına görə, H.Paşayev B.Klintonu Kəlbəcər rayonunun işğalından sonra Azərbaycanda yaranmış vəziyyətlə tanış edib və bu məsələ ilə bağlı Bakının mövqeyini Amerika prezidentinin diqqətinə çatdırıb. B.Klintonun Azərbaycan prezidenti Ə.Elçibəyə göndərdiyi cavab məktubunda deyilir ki, ABŞ Azərbaycanın demokratik islahatlara və iqtisadiyyata xarici kapitalın cəlb edilməsinə sadiqliyini alqışlayır. ABŞ prezidenti Azərbaycanın öz siyasi və iqtisadi sistemini yenidən qurmaq işində əzmkarlığını alqışlayır. B.Klinton ümidvar olduğunu bildirib ki, Azərbaycana qarşı iqtisadi sanksiyalarla bağlı Amerika Konqresinin qərarı tezliklə ləğv ediləcək. Məktubda həmçinin Dağlıq Qarabağ ətrafında münaqişənin Azərbaycanın bazar iqtisadiyyatına və əsl demokratik cəmiyyətin yaradılmasına aparan yolunu çətinləşdirdiyinə görə təəssüf hissi ifadə olunub. ABŞ prezidenti ümidvar olduğunu bildirib ki, davamlı danışıqlar prosesi Qarabağ probleminin sülh yolu ilə nizamlanmasına gətirib çıxaracaq.

Ukrayna prezidenti Leonid Kravçuk MDB ölkələri rəhbərlərinin növbəti görüşünün Yerevanda keçirilməsinə qarşı çıxıb. L. Kravçukun sözlərinə görə, belə görüşün keçirilməsi Azərbaycanla qarşıdurmada Ermənistanı dəstəkləməyin ifadəsi olardı. O, belə görüşün Bakıda da keçirilməsini məqsədəuyğun hesab etməyib. L.Kravçuk MDB ölkələrini Ermənistan-Azərbaycan münaqişəsilə bağlı ciddi və real neytrallığa riayət etməyə çağırıb.

Aprelin 21-də Ankarada Azərbaycan və Ermənistan prezidentlərinin iki görüşü keçirilib. Türkiyə televiziyasının məlumatına görə, görüşdən sonra jurnalistlərin suallarını cavablandıran L.Ter-Petrosyan görüşün yekunlarından çox məmnun olduğunu bildirib. Hər iki prezident jurnalistlərlə söhbətdə bildiriblər ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yalnız ATƏM prinsipləri əsasında mümkündür. Ankaradan qayıdandan sonra Azərbaycan prezidenti Turan-ın müxbirinə bildirib ki, Ermənistan prezidentilə danışıqlar zamanı “beş il ərzində iki xalq arasında yaranmış düşmənçiliyin aradan qaldırılması zərurəti” barədə razılıq əldə olunub. Sülh üçün mütləq şərt münaqişənin ATƏM-in Minsk Qrupu çərçivəsində həllidir. “Başqa alternativ görmürük”, – Elçibəy deyib. Cenevrə danışıqlarının dayandırılmasından danışan prezident qeyd edib ki, danışıqların dayandırılması barədə qərar Minsk Qrupunun üzvləri tərəfindən qəbul edilib və onlar danışıqların bərpasına şərt kimi işğalçı qoşunların Kəlbəcərdən çıxarılmasını göstəriblər. “Prezident Ter-Petrosyan və mən ATƏM-in istənilən qərarına tabe olmağa və onu birgə icra etməyə hazır olduğumuzu bildirdik”.

Aprelin 24-də mətbuat konfransında Azərbaycan prezidenti Əbülfəz Elçibəy bildirib: “Ermənistan-Azərbaycan münaqişəsində böyük dövlətlərin maraqları əsas rol oynayır, hətta Ermənistan və Azərbaycan rəhbərlərinin mövqeyindən də böyükdür”. Prezidentin sözlərinə görə, Rusiya və Fransa BMT Təhlükəsizlik Şurasında Kəlbəcərin işğalı məsələsinə baxılmasının təxirə salınması üçün hər şeyi edirlər. Bunun əvəzində Moskva məsələnin ATƏM və BMT-dən kənarda həllini təklif edir. Məqsəd vaxtı yubatmaq və Ermənistana təzyiqi yumşaltmaqdır. Prezident Elçibəy buna nümunə kimi Rusiya XİN-in mövqeyini göstərib. O, Bakının ATƏM-in Minsk Qrupundan kənarda Ermənistanla danışıqlara getməsi üçün Azərbaycana təzyiq göstərməyə çalışır. Prezidentin sözlərinə görə, Moskvada rus generaliteti və mühafizəkarların timsalındakı imperiya qüvvələri işi SSRİ-nin bərpasına doğru aparırlar. Respublikaları MDB-də birləşdirmək cəhdi yalnız ilk addımdır. Rusiyada mühafizəkarlar hakimiyyətə gəlsələr, MDB-nin əsasında unitar dövlət yaratmağa çalışacaqlar. Azərbaycanın MDB-yə daxil olması ehtimalı ilə bağlı Turan agentliyinin sualına cavabında Elçibəy deyib ki, bu ehtimal sıfra bərabərdir. Rusiyada qarşıdakı referendumdan danışan Azərbaycan prezidenti qeyd edib ki, Yeltsinin gedişi Rusiyanın dağılmasına səbəb ola bilər”.

Aprelin 26-da Prezident Aparatında keçirilən brifinqdə Azərbaycan ordusunun iki döyüşçüsü Qalib və Şəmsi Məcnunovlar yerli və xarici jurnalistlərin qarşısında çıxış etdilər. Milli ordunun bölmələrindən birində döyüşən bu əsgərlər düşmənin işğal etdiyi Laçın və Kəlbəcər rayonlarından üç həftə ərzində çıxa biliblər. Əsgərlər danışıblar ki, Laçın və Kəlbəcər rayonlarının bir neçə kəndində işğalçıların dinc sakinləri güllələnməsinin şahidi olublar. Onlar bildiriblər ki, gecə-gündüz yük maşınları sakinlərin işğal zonasındakı əmlakını Ermənistana daşıyır. Ev əmlakı və mal-qara daşındıqdan sonra işğalçılar bütün kəndləri yandırırlar. Qardaşlar danışıblar ki, eyni zamanda, Ermənistandan Azərbaycanın Laçın və Kəlbəcər rayonlarında düşmənin çoxlu sayda hərbi texnikası və canlı qüvvəsi yerləşdirilir. Orada istehkamlar yaradılır, mühəndis qurğuları və hərbi bazalar tikilir. Əsgərlərin məlumatları Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatları ilə təsdiqlənir ki, düşmən öz qoşunlarının Ermənistandan Azərbaycanın Kəlbəcər, Laçın və Ağdərə rayonlarına möhkəmləndirilmiş yerdəyişməsini həyata keçirir.

Ermənistanın Kəlbəcər rayonuna təcavüzü ilə bağlı Azərbaycanın müraciətinə BMT Təhlükəsizlik Şurasında baxılması ərəfəsində Moskva Bakıya təzyiqi artırdı. Aprelin 27-də Rusiya XİN-in emissarı, xüsusi tapşırıqlar üzrə səfir Vladimir Kazimirov Azərbaycanın paytaxtına gəldi. Moskva və Bakı diplomatlar qrupunun ekspertlər səviyyəsində görüşü keçirildi. Son məlumatlara görə, həmin gün Kazimirov respublikanın dövlət katibi Pənah Hüseynovla görüşüb. Rəsmi Bakıya yaxın olan və adının açıqlanmasını istəməyən mənbənin fikrincə, Moskvada hesab edirlər ki, Ermənistan Kəlbəcər rayonunu işğal etdikdən sonra Azərbaycan şok vəziyyətindədir və indi bütün istiqamətlər üzrə – diplomatik, hərbi-siyasi, iqtisadi – Bakıya təzyiqi artırmaq üçün ən münasib məqamdır. Bu cür təzyiqdə məqsəd Azərbaycanı Ermənistan – Rusiya tərəfi üçün əlverişli şərtlərlə güzəştə getməyə məcbur etməkdir.

Aprelin 27-də BMT Təhlükəsizlik Şurası Qarabağ məsələsilə bağlı qeyri-rəsmi məsləhətləşmələr apardı. Məsləhətləşmələrdən sonra yeni qətnamə layihəsi qəbul edildi və burada “etnik erməni qüvvələrin Kəlbəcər rayonunu işğal etməsindən” ciddi narahatlıq ifadə edilirdi. Beləliklə, Kəlbəcərin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildiyi iddiası etnik erməni qüvvələri ilə əvəz olundu. Qətnamə layihəsində qeyd olunur ki, “dövlətlərin ümumqəbuledilmiş sərhədlərinin güc yolu ilə dəyişdirilməsi və ərazi bütövlüyünün pozulması yolverilməzdir”. Qətnamə layihəsi “etnik erməni qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılması haqqında” tələbi ehtiva edir. Bununla yanaşı, münaqişədə iştirak edən tərəflərə ATƏM çərçivəsində sülh danışıqlarının davam etdirilməsi öhdəliyi qoyulur.

Aprelin 28-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin Praqa iclasında Ermənistan Qarabağda hərbi əməliyyatları pisləyən və işğalçı qoşunların Azərbaycan ərazisindən çıxarılmasına çağıran qətnamənin qəbuluna veto qoydu, “Svoboda” radiosu bildirib. İclasda iştirak edən diplomatların sözlərinə görə, Rusiya Ermənistana açıq dəstək verib.

Aprelin 29-da Pakistanın Karaçi şəhərində İKT ölkələrinin xarici işlər nazirlərinin konfransı Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamə qəbul etdi.

Uzun sürən münaqişənin əsasını qoyan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi qəbul edildi

Azərbaycanın BMT-dəki nümayəndəliyi bildirdi ki, aprelin 30-da BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbulundan sonra səsvermənin motivləri üzrə çıxışlar olub. Böyük Britaniyanın nümayəndəsi səfir T.Riçardson deyib ki, “London ona əsaslanır edir ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir”. Böyük Britaniyanın bu mövqeyi müvafiq şəkildə BMT dairələrində qəbul edilir, eyni mənbə bildirib. Rusiya və Fransa nümayəndələrinin çıxışlarında bu mövzuya toxunulmayıb. ABŞ və Çin nümayəndələri isə ümumiyyətlə çıxış etməyiblər.

Mayın 1-də Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı bəyanatda aprelin 30-da BMT TŞ-nin qəbul etdiyi və Kəlbəcər rayonunun işğalını pisləyən 822 saylı qətnaməsi müsbət qiymətləndirildi. Bununla yanaşı, bəyanatda qeyd olunurdu ki, qətnamədəki “Kəlbəcər rayonunun işğalı yerli erməni qüvvələri tərəfindən həyata keçirilib” formulu reallığı əks etdirmir. Eyni zamanda, mətbuat xidmətinin bəyanatında qeyd olunur ki, BMT TŞ-nin belə qətnaməsinin qəbulu “Ermənistanın təcavüzünün pislənməsi üçün siyasi-hüquqi bazanın formalaşmasının başlanması deməkdir”.

Mayın 6-da Azərbaycan bir çox halda BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsilə üst-üstə düşən Ermənistan-Azərbaycan münaqişəsinin üçtərəfli nizamlanması planını təqdir etdi. Bu plan mayın 15-dək erməni qoşunlarının Kəlbəcər rayonundan tam çıxarılmasını nəzərdə tutur. Plana əsasən, çıxarılma mayın 7-də başlamalıdır. Üçtərəfli Amerika-Rusiya-Türkiyə planı dörd mərhələdən ibarətdir. Erməni qoşunları Kəlbəcər rayonundan çıxarıldıqdan sonra Cenevrədə Ermənistan-Azərbaycan danışıqları bərpa olunmalı, sonra ATƏM çərçivəsində Roma görüşü və nəhayət, ATƏM-in Dağlıq Qarabağ problemilə bağlı Minsk görüşü olmalıdır. Lakin bir azərbaycanlı diplomat Turan agentliyinə deyib ki, Ermənistanın bu sazişin reallaşmasına razı olacağına inanmaq çətindir. Çox güman ki, onu əngəlləmək üçün əlindən gələni edəcək.

AZƏRBAYCAN: APREL XRONİKASI

Demək olar ki, bütün aprel ayı Azərbaycanda hərbi məğlubiyyətin “işarəsi altında” keçdi. Vəziyyət o qədər kritik idi ki, indiyədək BMT-də Ermənistan-Azərbaycan qarşıdurmasının müzakirəsindən yayınan Bakı təcili olaraq Təhlükəsizlik Şurasına müraciət etmək məcburiyyətində qaldı. Əgər TŞ-də müzakirənin gedişi (bir ay davam edən) müəyyən nikbinlik yaradırdısa, sonu Azərbaycanı məyus etdi. Rusiya və Fransanın təzyiqi altında Bakının birmənalı qəbul etmədiyi formullar qəbul olundu. TŞ-nin qəbul etdiyi 822 saylı qətnamədə Ermənistanın təcavüzünün pislənməsinə ümidlər dəfn edildi. Kəlbəcər və Laçın rayonlarının ərazisinin işğal edilməsi yerli erməni qüvvələrin işğalçı hərəkətləri kimi təqdim edildi. Sənəddə bütün işğalçı qüvvələrin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələbi “atəşkəs” ilə əvəz edildi. Öz ərazilərini qaytarmayan Azərbaycan TŞ-nin qərarına uyğun olaraq danışıqlar masası arxasında oturmalıdır. Ermənistanın təcavüzü probleminin bu qədər uzun müzakirəsi başqa bir mühüm siyasi hadisə – Rusiya Federasiyasında referendumla sıx bağlı idi. Rusiya diplomatiyası ölkədə vəziyyət tam aydınlaşana qədər TŞ-də məsələnin həllini təxirə saldı. Bakıda da referendumla bağlı müəyyən baxışlar vardı. Ancaq referendum iştirakçıları kimə səs verirsə versin, az sayda analitik Rusiyanın əvvəlkitək bölgədə öz iradəsini diqtə etmək istəyinin ciddi dəyişikliklərə məruz qalacağına şübhə edirdi. Azərbaycan tərəfi Kəlbəcərin işğalında Rusiya hərbçilərinin iştirakına dair inandırıcı sübutlar təqdim edə bilməsə də, mütəxəssislərin şübhəsi yoxdur ki, bu iştirak ən azı əməliyyata hazırlıq və rəhbərlik səviyyəsində baş verib. Məlumatlı ingilis mənbələrin qeyd etdiyi kimi, bundan öncə məxfi danışıqlar zamanı Rusiya Federasiyasının hərbi rəhbərliyi bəzi tələblər müqabilində Ermənistan-Azərbaycan müharibəsinə dərhal son qoyulacağını vəd edib. Aydındır ki, bu, Rusiyanın 104-cü HDQ diviziyasının Gəncədə qalması, Qəbələdə (keçmiş Qutqaşen) ballistik raketlərin buraxılmasının erkən qarşısının alınması üzrə böyük RLS-in zəmanətli fəaliyyəti və Rusiyanın Azərbaycanda hərbi iştirakının genişləndirilməsidir. Qarabağın açarı Moskvadadır və nə zaman və kimin xeyrinə qərar verən də məhz odur. Bu, təkcə BMT TŞ-nin iclasında Ermənistanın təcavüzünü pisləməkdən yayınan Rusiya nümayəndəsinin çıxışından yox, həm də aprelin ortalarında B.Yeltsinin Ə.Elçibəyə göndərdiyi məktubdan aydın “oxunurdu”. Rusiya Federasiyasının prezidenti yenidən öz vasitəçilik xidmətlərini təklif etdi, lakin Kəlbəcər qaçqınları üçün Azərbaycana hər hansı real yardım göstərməyə imkan tapmadı. Ermənistana qarşı sərt mövqe tutan T. Özalın vəfatından sonra, yeni prezident seçkilərinə qədər Türkiyənin Qərbin yardımı ilə “Qarabağ partiyası”nda ilk skripkalardan birində ifa etmək” şansı azalır. Ankara Bakının problemlərinə biganə qala bilmədi və birmənalı şəkildə erməni ekspansiyasını pislədi. Lakin Kəlbəcərə hücumların qızğın çağında belə, Türkiyə yalnız “bayraq nümayiş etdirdi”, sərhədlər boyunca epizodik kəşfiyyat uçuşları ilə məhdudlaşdı. Ancaq Türkiyə ordusunun qərargah rəisi general D. Günəş bildirirdi ki, hərbi müdaxilə mümkünlüyü istisna deyil, əslində belə ehtimal sıfıra yaxın idi. Ankaranın “yorğanı özünə çəkmək” üçün Vaşinqton tərəfindən sanksiyalaşdırılmamış cəhdləri istisna olunurdu. Və Azərbaycanın dövlət katibi P. Hüseynovun Türkiyəyə təcili səfəri heç nəyi dəyişə bilmədi. Döyüşən ölkələrin hər ikisilə həmsərhəd olan İran Ermənistan-Azərbaycan münaqişəsi ətrafında geosiyasi prosesə qoşulmaq ümidini itirmir. O 1992-ci ilin mayında Tehran sazişinin uğursuzluğunu aradan qaldırıb. Onun imzalanmasından bir gün sonra erməni qoşunları Dağlıq Qarabağda Azərbaycanın ən böyük yaşayış məntəqəsini – Şuşa şəhərini işğal etdi. İran siyasi “kölgədən” çıxmaq və regionda mühüm rol oynamaq istəyir. Üstəlik, Avropa təşəbbüslərinə, əlbəttə ki, ATƏM çərçivəsində danışıqlara qoşulmaq istərdi. Tehran bütün Zaqafqaziya respublikaları və Rusiya ilə normal münasibətlər qura bildi. Ancaq, görünür, Tehran öz planlarını sona qədər həyata keçirə bilməyəcək. Bunun son təsdiqi Ermənistan silahlı birləşmələrinin Azərbaycanın cənub-qərbində yerləşən Füzuli şəhərinə hücum etmək istəməməsidir. Bu strateji məntəqəni ələ keçirmək Azərbaycan ərazisinin ən azı 15 faizinə nəzarət etməyə imkan verərdi. Qaçqınların sərhəd İrana qaçılmaz kütləvi köçü olacağı təqdirdə Füzulinin süqutu öncədən müəyyən ediləcəkdi. Bunun ardınca istər-istəməz sonuncunun bölgədəki hadisələrin ön planına çıxması gələcəkdi. Bu isə indiki geosiyasi pasyansa uyğun gəlmir. Hətta bu, baş versəydi belə, İran təkcə “qazanc” yox, itki də gözləyərdi. Çətin ki ölkənin şimalında siyasi sabitliyin pozulmasının nəticələrindən qaça bilərdi. Rusiyanın Qafqazda – onun ənənəvi həyat maraqları sahəsində üstün olmaq istəyi və qabiliyyəti çox böyükdür. Ancaq Moskvanın təsirinin qaçılmazlığı ilə bağlı Bakının anlaşılan bədbinliyini nəzərə alsaq belə, bu mənzərəni sadələşdirməyə dəyməz. Rusiyanın Azərbaycanda geniş hərbi iştirakı bir çox səbəblərə görə az ağlabatandır. Məhz buna görə də o, siyasi təsirini saxlamaq üçün mübarizə aparacaq, bu da yəqin ki, azalacaq. Yeni Moskva təşəbbüsləri, xüsusi tapşırıqlar üzrə səfir V. Kazimirovun fəallığı bu təsiri saxlamaq istəyindən açıq xəbər verir. Bütün halarda proqnozlaşdırılmayan Rusiya siyasi təsiri tükənərsə, güclü hərbi təzyiqlərə qayıda bilər. Ancaq belə olan halda Azərbaycanın ondan əbədi “ayrılacağı” fikrinə alışmalı olacaq. Nə olursa olsun, bir şey aydındır: Rusiya Zaqafqaziyada nə qədər “sivil” hərəkət edərsə, burada “qalmaq” şansı daha yüksək olar. Hadisələrin inkişafına öz baxışı olan Qazaxıstanın bir qədər çəkilməsi və “gözlənilmədən” Rusiya sülhməramlı təşəbbüslərinə ABŞ və Türkiyənin qoşulması (aprelin 29-30-da Moskvada keçirilən görüş nəzərdə tutulur) təsdiq edir ki, regionda siyasi nüfuz uğrunda mübarizə aktivləşir.–0–

Mayın 8-də Ermənistan prezidenti Levon Ter-Petrosyan Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə üçtərəfli sülh təşəbbüsünün həyata keçirilməsinə razılıq verib. Bu barədə Turan agentliyinə Azərbaycan rəhbərliyindəki məlumatlı mənbə bildirib. Mənbə deyib ki, hazırda Yerevan Dağlıq Qarabağ nümayəndələrilə danışıqlar aparır ki, sonuncunu üçtərəfli planı qəbul etməyə razı salsın. Rusiya XİN-in Dağlıq Qarabağ üzrə danışıqlardakı nümayəndəsi V. Kazimirov Yerevana gedib. Əldə olunan məlumata görə, Rusiya, ABŞ və Türkiyənin münaqişənin həlli üzrə üçtərəfli təşəbbüsü ilə bağlı Dağlıq Qarabağ erməniləri arasında vahid fikir yoxdur. Qarabağda Erməni Ümummilli Hərəkatını təmsil edən qüvvələr üçtərəfli sülh təşəbbüsünün qəbulunun “lehinə”, Daşnaksütyun Partiyasının tərəfdarları isə “əleyhinə” çıxış edirlər.

Mayın 11-də ABŞ prezidenti Bill Klinton Əbülfəz Elçibəyin adına məktub göndərdi. Məktubda deyilirdi ki, Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı Ermənistan-Azərbaycan münaqişəsinin daha da gərginləşməsinə gətirib çıxarıb. “ABŞ hökuməti bu hücumu pisləyib və Kəlbəcər rayonunun dərhal azad edilməsinə çağırıb”, – B. Klintonun məktubunda deyilirdi. Eyni zamanda, ABŞ prezidenti ümidvar olduğunu bildirib ki, Azərbaycan bu münaqişənin həllində sülh yoluna üstünlük verəcək.

Mayın 12-də Azərbaycan prezidenti Ə.Elçibəy Fransanın Azərbaycandakı səfiri Jan Perreni qəbul etdi. Səfir Fransa prezidenti F.Mitteranın cavab məktubunu Ə.Elçibəyə təqdim edib. Fransa prezidentinin məktubunda Dağlıq Qarabağ ətrafında hərbi əməliyyatların genişlənməsindən narahatlıq ifadə olunub və qeyd edilirdi ki, Fransa bütün səviyyələrdə erməni silahlı birləşmələrin işğal olunmuş Kəlbəcər rayonundan çıxarılmasını tələb edib. Fransa prezidentinin məktubunda həmçinin Kəlbəcər rayonunun dinx əhalisinin taleyindən narahatlıq ifadə olunub və bildirilib ki, Fransa hökuməti bu ərazidən olan qaçqınlara təcili humanitar yardımın göstərilməsi barədə qərar qəbul edib.

Mayın 14-də ABŞ dövlət katibinin yeni müstəqil dövlətlər üzrə müşaviri Stroub Talbotun rəhbərlik etdiyi Amerika nümayəndə heyəti Bakıya gəlib. Yerli vaxtla saat 11:00-da nümayəndə heyəti parlamentin sədri İsa Qəmbər ilə görüşüb. Saat 12:00-da nümayəndə heyətini Azərbaycan prezidenti Əbülfəz Elçibəy qəbul edib. Ölkə rəhbərliyinə yaxın dairələrdən Turan agentliyinə məlum olub ki, Ə. Elçibəylə görüş zamanı ABŞ dövlət katibinin nümayəndəsi deyib ki, Vaşinqton Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qarantı kimi çıxış etməyə hazırdır. S. Talbot onu da qeyd edib ki, ABŞ Ə.Elçibəyi həqiqətən demokratik dövlət qurmağa və bazar islahatlarını həyata keçirməyə hazır olan rəhbər hesab edir. Söhbət zamanı Amerika-Azrbaycan iqtisadi münasibətlərinin inkişafı və möhkəmləndirilməsi məsələləri də müzakirə olunub. Eyni zamanda, neft hasilatı əməkdaşlığın prioritet sahəsi adlandırılıb. Elçibəylə görüşdən sonra jurnalistlərlə söhbətində Talbot deyib ki, o, ABŞ prezidentinin şəxsi məktubunu Azərbaycan prezidentinə çatdırıb. Məktubda Azərbaycanın üçtərəfli təşəbbüsün həyata keçirilməsinə hazır olmasından məmnunluq ifadə edilib. Talbot həmçinin qeyd edib ki, ABŞ hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün ən yaxşı yol ATƏM çərçivəsində Minsk görüşü mexanizmidir. Üçtərəfli təşəbbüsdən danışan ABŞ dövlət katibinin müşaviri deyib edib ki, Yerevandakı görüşlər danışıqlar zamanı tərəflərin ABŞ-Rusiya-Türkiyə sülh təşəbbüsünü imzalamağa nail olacağına ümidi artırıb.

Mayın 18-də ABŞ, Türkiyə və Rusiya səfirləri Bakıda dövlət katibi Əli Kərimova üçtərəfli sülh təşəbbüsünə əlavələrin mətnini təqdim etdilər. Məlum olduğu kimi, bu əlavələr mayın 14-15-də Moskvada ABŞ, Rusiya və Türkiyə nümayəndələrinin məsləhətləşmələri zamanı qəbul edilib. Səfirlərin dövlət katibinə təqdim etdikləri ermən qoşunların Kəlbəcər rayonundan çıxarılması ilə bağlı təxirəsalınmaz tədbirlərə dair qrafikdir. Həmin sənədlə atəşkəs əldə edilməsi və danışıqların Cenevrədə 5+1 formulu üzrə bərpası ilə bağlı tərəflərin gələcək hərəkətlərinin qrafiki nəzərdə tutulub. Cenevrə görüşündə məqsəd son atəşkəs təqviminin razılaşdırılması, müşahidəçilərin yerləşdirilməsi, nəqliyyat kommunikasiyalarının fəaliyyətinə maneələrin aradan qaldırılmasıdır. Cenevrə danışıqlarında əldə edilmiş razılaşmaları təsdiqləmək üçün iyunun ortalarında Minsk qrupunun Romada görüşü olmalıdır. İyunun 21-də ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk konfransı işə başlamalıdır. Təxirəsalınmaz tədbirlərin dəqiqləşdirilmiş planı aşağıdakıları nəzərdə tutur: mayın 26-da tərəflər sənədi imzalayırlar, iyunun 1-də hərbi əməliyyatların 60 gün müddətinə dayandırılması qüvvəyə minir, mayın 29-da Kəlbəcərdən qoşunların çıxarılması başlayır və iyunun 3-də başa çatır. Nəhayət, iyunun 14-15-də Minsk Qrupunun Romada görüşü nəzərdə tutulub. Əsasən təxirəsalınmaz tədbirlər qrafikinə əlavələrin birinci bəndində deyilir ki, ermənistan qüvvələr Kəlbəcərdən çıxarıldıqdan sonra Azərbaycan tərəfi oraya yalnız “məhdud sayda yüngül silahlanmış təhlükəsizlik personalını” qaytaracaq. İstisnasız olaraq bütün şərhçilərin fikrincə, bu bənd Azərbaycanın maraqlarını ciddi şəkildə pozur. Belə ki, əgər Kəlbəcərə ancaq məhdud sayda yüngül silahlanmış şəxs qayıdarsa, Kəlbəcər rayonunun yenidən işğalı təhlükəsi real olaraq qalar. Və bu, Bakını narahat edən yeganə məqam deyil. Bununla belə, əksər müşahidəçilərin fikrincə, Azərbaycan üçtərəfli təşəbbüsün ikinci variantını regionda sülhün bərpasına ən real yol kimi qəbul edəcək. Respublika XİN-in məsul əməkdaşlarından biri Turan agentliyinə deyib: “Bakı problemin ATƏM-in Minsk Qrupu çərçivəsində həllinə meyllidir. Bütün digər yollar müharibənin gələcək eskalasiyasıdır”.

Mayın 25-də Ermənistanda və Azərbaycanın işğal edilmiş ərazilərində olan tacikistanlı jurnalist, “Amşehri” qəzetinin əməkdaşı Sabir Acerli bildirib ki, Ermənistan ərazisində düşərgələr təşkil olunub və orada Azərbaycanın işğal olunmuş rayonlarından gətirilən dinc sakinlər saxlanılır. Onun sözlərinə görə, Xankəndinin özündə (keçmiş Stepanakert) əvvəllər 366-cı Rusiya alayının yerləşdiyi ərazidə düşərgə qurulub. Orada əsir düşmüş Azərbaycan əsgərləri adı altında erməniləri saxlanılır. Bu maskarad “əsirləri” gələn jurnalistlərə və beynəlxalq təşkilatların nümayəndələrinə göstərmək üçün düşünülüb. Sabir Acerli həmçinin bildirib ki, Sisian şəhərində Yunanıstandan olan bir qrup erməni muzdlu təlim keçir və onlardan Azərbaycan ərazisində döyüş zamanı istifadə etmək planlaşdırılır. Acerlinin sözlərinə görə, bir il öncə ermənilər tərəfindən işğal edilmiş Azərbaycanın Dağlıq Qarabağdakı Şuşa şəhəri Ermənistan və Rusiyanın müxtəlif rayonlarından olan ermənilərlə məskunlaşdırılıb. Jurnalist onu da bildirib ki, ermənilərin Şuşada Azərbaycana aid olan hər şeyin izlərini necə məhv etdiklərinin şahidi olub. Belə ki, Şuşada onu müşayiət edən ermənilər bildiriblər ki, Şuşa məscidi azərbaycanlılar tərəfindən dəyişdirilmiş erməni kilsəsidir.

Ermənistan Azərbaycanla qarşıdurma mövqeyində qalmaqda davam edir və növbəti dəfə münaqişənin siyasi həlli üzrə sülh təşəbbüsünün pozulmasına doğru addım atıb. Azərbaycan prezidentinin mətbuat xidmətinin 29 may tarixli bəyanatında deyilir ki, “erməni tərəfinin “Kəlbəcər rayonundan tamamən çıxmaq niyyəti” barədə bəyanatının olmaması bunu sübut edir. Üçtərəfli plana əsasən, belə bəyanat mayın 27-də verilməliydi. Bundan sonra erməni tərəfi bu gün saat 00:00- dan öz qoşunlarını Kəlbəcər rayonundan çıxarmağa başlamalıydı. Bəyanatda qeyd olunur ki, münaqişəyə son qoyulması ilə bağlı hər iki tərəfin əvvəllər əldə etdiyi razılaşmalar kimi, indiki razılaşma da məhz Ermənistan tərəfindən pozulub. Bunu Ermənistan Respublikası qoşunlarının Azərbaycan torpaqlarını yeni işğalı nəticəsində baş tutmamış Jeleznovodsk, Tehran, Cenevrə razılaşmaları da təsdiqləyir. Mayın 24-dən 29-dək birtərəfli atəşkəs və Azərbaycanın üçtərəfli təşəbbüsün şərtlərinə tam riayət etməsi onun münaqişənin dinc və siyasi yolla nizamlanmasına real sadiqliyini təsdiqləyir.

Qiyam

Kəlbəcərin azad edilməsi planının reallaşması gerçəkləşmədi. Azərbaycanı tərk edən sonuncu Rusiya hərbi hissəsi – 104-cü desant diviziyası silahların bir hissəsini qiyam hazırlayan polkovnik Sürət Hüseynovun bölmələrinə təhvil verdi.

O vaxt Ermənistandan qapalı kanallar vasitəsilə yüksək səviyyədə Elçibəy administrasiyasına xəbərdarlıq daxil oldu ki, Azərbaycanda qiyam hazırlanır. Mənbə bildirdi ki, əgər qiyamın qarşısı alınmasa, erməni ordusu miqyaslı hücuma başlamağa məcbur olacaq. Bunu Moskvada tələb edirlər. Qiyam iyunun 4-də başladı. İyunun 7-də Ermənistan hücuma keçdi. Hücum Azərbaycanın daha beş rayonunun işğalı ilə nəticələndi.

2020-ci ildə İkinci Qarabağ Müharibəsi 822 saylı qətnamənin əksinə olaraq danılmaz şəkildə sübut etdi ki, Azərbaycan əraziləri hissələri hələ də Qarabağda Rusiya hərbi kontingentinin fəaliyyət zonasında qalan Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Eyni zamanda, 1993-cü ildə olduğu kimi, əvvəlkitək BMT TŞ üzvləri Ermənistanla Azərbaycan arasındakı münaqişəni Bakının Qarabağın etnik ermənilərilə qarşıdurması kimi qələmə verməyə calışırlar. Halbuki, hamıya məlumdur ki, Qarabağ ermənilərinin kuklaçıları Azərbaycanın hüdudlarından kənardadır.

(Hadisələrin xronikası Turan İnformasiya Agentliyinin arxivi əsasında tərtib edilib)

*Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Ermənistanın işğalçı qoşunları 25 noyabr 2020-ci il tarixində Kəlbəcərdən tamamilə çıxarılıb.

Mehman Əliyev

Turan.az

Bənzər yazılar

Back to top button