İqtisadiyyat

İki tanınmış şirkət arasında məhkəmə çəkişməsi – “Azpetrol” “Altis Qrup”a maddi ziyan vurub?

Neft məhsullarının pərakəndə və topdan satışını həyata keçirən “Azpetrol LTD” MMC məhkəməyə verilib.

Qaynarinfo xəbər verir ki, iddiaçı “Altis Qrup of Kompani” MMC-dir. İddia artıq icraata götürülüb. İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.

İşin mahiyyəti maddi ziyanın ödənilməsindən ibarətdir.

“Azpetrol LTD” MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 779106.70 AZN olan şirkətin qanuni təmsilçisi Məmmədov Ceyhun Əhməd oğludur. O, həm də şirkətin Baş direktoru vəzifəsini daşıyır. Ceyhun Məmmədov bu vəzifəyə 2015-ci ildə təyin edilib. Bundan əvvəl isə şirkətdə müxtəlif vəzifələrdə çalışıb.

“Azpetrol LTD” MMC vaxtilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin nəzarətində olub. Şirkətin sahibi kimi onun qardaşı Rafiq Əliyev tanınıb. 2005-ci ildə Fərhad Əliyev və qardaşı dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Daha sonra müxtəlif cinayətlərdə təqsirli bilinən Fərhad Əliyev 10 il, Rafiq Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

2013-cü ildə sabiq nazir və qardaşı əfv sərəncamı ilə azadlığa buraxılıb.

Fərhad Əliyev həbs olunduqdan sonra “Azpetrol” şirkəti əlindən çıxıb.

“Altis Qrup of Kompani” MMC-yə gəlincə, şirkət 11 aprel 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 307 143 AZN olan şirkətin qanuni təmsilçisi Nəcəfov Toğrul Cahid oğludur. Onun barəsində açıq mənbələrdə hər hansı məlumat yoxdur. “Altis Qrup of Kompani” MMC şüşə emalı ilə məşğuldur.

Bənzər yazılar

Back to top button