GündəmHadisə

Güllələnən deputatdan ilk açıqlama: “Möcüzə oldu…”

Hazırda Dövlət Təhlükəsizlik Xidmətinin xəstəxanasında olan deputat Fazil Mustafa haqqin.az saytının rəhbəri Eynulla Fətullayevə zəng edib.

F. Mustafa jurnalistlə söhbətində ötən gün ona qarşı həyata keçirilən sui-qəsd cəhdindən danışıb.

“Evə qədər sürdüm. Pultun düyməsini basıb maşını qaraja daxil etmək istəyirdim. Birdən maşının “podpres”i silkələndi. Çiynimdə dəhşətli ağrı hiss etdim. Və yalnız ağrıdan sonra bunun atəş zərbəsi olduğunu başa düşdüm, atəş səslərini eşitdim. Qapını açıb maşından düşdüm. Darvazaya tərəf bir neçə addım atdım və bu zaman ikinci güllə mənə dəydi. Ayağımdan yaralandım. Evə gedərək tez qapını bağladım. Evdəkilər atışma səsinə həyətə çıxdı. Təcili yardım və polis çağırdılar. Təcili yardım maşınında özümü təhlükəsiz hiss edəcəyim xəstəxanaya aparılmağı xahiş etdim. Amma çox qan itirmişdim. Bədənimdən titrəmə keçdi. Daha heç nə xatırlamıram”.
Danışıq zamanı F. Mustafanın həyat yoldaşı və oğlu da yanında imiş. Həyat yoldaşı əlavə edib ki, atışma dəhşətli olub:

“Dəhşətli atışma oldu. Avtomatik olaraq…”

Fazil Mustafa isə möcüzə baş verdiyini əlavə edir:

“Özüm də başa düşmədim ki, necə sağ qaldım. Allah saxladı. Möcüzə oldu”.

Xatırladaq ki, dünən Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə ilk olaraq Kliniki Tibbi Mərkəzdə (Semaşko) həkim müdaxiləsi edilib. Sonra isə deputatın təhlükəsizliyinin daha yaxşı təşkil olunması məqsədilə o, hüquq-mühafizə qurumlarından birinin hospitalına aparılıb.

Bənzər yazılar

Back to top button