ManşetSiyasət

Eli Kohen: Biz İrana qarşı birgə hərəkət etməliyik

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə İsraildə səfirlik açılması qərarına görə təşəkkür edirik”. Bunu bu gün İsrail xarici işlər naziri Eli Kohen azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra mətbuat üçün birgə bəyanatla çıxışı zamanı deyib.

O qeyd edib ki, İsraildə Azərbaycan səfirliyinin açılması qərarı iki ölkə arasında strateji münasibətlərin dərinliyini göstərir.

“Biz regional təhlükəsizlik, enerji, turizm və digər sahələrdə əməkdaşlıq edirik. Azərbaycanda müsəlman dünyasında ən böyük yəhudi icmalarından biri mövcuddur”, deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycandan İsrailə gələn turistlərin sayının artmasına ümid edir.

İqtisadi əməkdaşlığımız dərinləşir. Kənd təsərrüfatı, kibertexnologiyalar, qida təhlükəsizliyi sahəsində əməkdaşlığımız var və daha da dərinləşməsi üçün potensial var”, deyə o qeyd edib.

İsrail naziri çıxışında İranın təhdidlərindən danışıb.

“İran regionumuzu təhdid edir, terrora dəstək verib maliyyələşdirməklə Yaxın Şərqdə qeyri-stabillik yaradır. Biz İrana qarşı birgə hərəkət etməliyik. İranın nüvə imkanlarını genişləndirməsinə imkan verməməliyik”, deyə o, əlavə edib.

Öz növbəsində, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, iki ölkə arasında əməkdaşlıq qarşılıqlı anlaşmaya, hörmətə və ortaq maraqlara əsaslanır.

“Biz 2021-ci ildə İsraildə turizm və ticarət ofisi açdıq. Daha sonra səfirliyin açılmasına qərar verdik. Bu, əməkdaşlığımızda dinamik göstəricidir. Qarşılıqlı səfərlər münasibətlərimizin daha da genişlənməsində əhəmiyyətli rol oynayır”, deyə o bildirib.

Nazir həmçinin qeyd edib ki, Azərbaycan-İsrail Hökumətlərarası Komissiyasının növbəti iclası aprelin 19-da keçiriləcək.

Ceyhun Bayramov ikitərəfli əlaqələrin möhkəmlənməsində Azərbaycanda yaşayan yəhudi icmasının və İsrailin azərbaycanlı icmasının mühüm rola malik olduğunu qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan və İsrail rəsmiləri arasında müntəzəm görüşlər də əməkdaşlığın inkişafına töhfə verir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button