GündəmHadisəManşet

“İşgəncə verib Polad Həşimov barədə ifadə tələb edirdilər” – “Tərtər işi”

“Tərtər hadisələri” ilə bağlı məhkəmə prosesində zərərçəkmişlərin dindirilməsi başlayıb. İşgəncələrə görə cinayət məsuliyyətinə cəlb olunanlardan hələ ki, 4 nəfərin məhkəməsi gedir. Bunlar Tərtərdə işgəncə verildiyi iddia olunan hərbi hissələrdən birinin keçmiş komandiri, polkovnik Vüsal Ələsgərov, sabiq qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, kəşfiyyatçı vəzifəsində xidmət etmiş Ramil Qarayev və müddətdən artıq həqiqi hərbi xidmət keçən qulluqçu Rüstəm Ələsgərovdur.

AzToday.az Meydan TV-yə istinadən xəbər verir ki, məhkəmədə dindirilən zərərçəkmişlər 2017-ci ilin may-iyun aylarında başlarına gələnlərdən danışıblar.

Baş leytenant Bəhmən Məcidov ifadəsində bildirib ki, Tərtər hadisələri baş verən dövrdə bölük komandirinin şəxsi heyət üzrə müavini olub:

“Bölükdə cihaz itmişdi, buna görə söz-söhbət oldu. Sonradan məlum oldu ki, tərxis olunan əsgər götürüb aparıbmış. Polkovnik Vüsal Ələsgərovun yanına gələndə yaxınlaşıb hərbi salam vermək istədim. Çatan kimi nalayiq söyüş söyməyə başladı. “Döyüşə” əmri verdi, məni yerə yıxdılar, döyməyə başladılar. Saatımı, pulumu götürdülər. Məhkəmə zalında qadınlar var deyə, o sözləri təkrarlamağı əxlaqıma sığışdırmıram. Nalayiq ifadələr işlədirdi, erməniyə işləməkdə ittiham edirdi. Sir-sifətim qan içində idi. Bıçağın yeri hələ də bədənimdə qalır. Burnumun üstündə Vüsal Ələsgərovun təpiyinin izi var. Hikmət Həsənovun səsi qulağımdadır…”.

Bəhmən Məcidovun dediyinə görə, işgəncə nəticəsində bədənində yaranmış yaraların üstünü Gündüz adlı həkim yapışqanla bağlayır, bir müddət sonra isə onu qoparırdılar. Zərərçəkmişin sözlərinə görə, ondan tabor komandiri Pərviz Pirməmmədovun əleyhinə ifadə almaq istəyirdilər:

“Onun üzünə durmağımı istəyirdilər. Mənim paqonlarımı cırdılar. Biz uzun müddət əllərimiz, gözlərimiz bağlı saxlanmışıq. Əllərimiz bağlı vəziyyətdə, it kimi yemək yemişik. Təsəvvür edin, biz keçə-keçə onlar çömçədə bizə yemək veriblər. Onda da biri başımızdan qapaz vurub, biri arxadan təpik vurub. Mən özümü zabit olaraq, təhqir olunmuş hiss edirəm. Çünki pozulmuş hüquqlarım bərpa olunmayıb. Ailəmin üzünə baxa bilmirəm. Azərbaycan zabitiyəm, mənim ailəm niyə təhqir olunmalıdır? Niyə döyülməliyəm?”

Bəhmən Məcidov ona işgəncə verilməsində iştirakı olan şəxslərin bir çoxunun məsuliyyətdən kənarda qalmasından narazılıq edib:

“Hardadır bizim hərbi hissənin kəşfiyyat rəisi? Kəşfiyyatda ancaq Qarayev deyildi ki…”.
O, təqsirləndirilən polkovnik Vüsal Ələsgərov tərəfindən işgəncələrə məruz qaldığını vurğulayaraq, bu barədə ayrıca danışıb:

“Məni şəxsən özü döyüb. Yerə uzatdılar, ayaqqabı ilə üstümdə gəzirdi. Məni yerdə təpikləyirdi, başımın üstünə ayağını qoyub əzirdi. O, mənim ailəmi təhqir edib. Təsəvvür edin, biz su istəyəndə əvəzinə sidik gətirib verirdilər. Birinin dişinə tok verirdilər, birinin bədəninə…”.

O, bədənindəki xəsarətlərin yerlərini, o cümlədən qolunda olan elektrik cərəyanı verilən hissədəki izi də məhkəmədə nümayiş etdirib.

Zərərçəkmiş çıxışının sonunda Vüsal Ələsgərovdan şikayətçi olduğunu vurğulayıb, onun orden və medallarının alınmasını istəyib.

“Hikmət Həsənova kinayə ilə dedim ki…”

Hadisələr baş verən dövrdə tabor komandiri olmuş polkovnik Pərviz Pirməmmədov deyib ki, təqsirləndirilən Vüsal Ələsgərovla münasibətləri Tərtər işgəncələrindən bir müddət əvvəl pozulmuşdu. Elə həmin ərəfədə başqa hərbi hissəyə göndərilməsi haqda əmri də gəlmişdi. Buna baxmayaraq, işgəncələrdən canını qurtara bilməyib. Pərviz Pirməmmədov məhkəmədə işgəncələr haqda ətraflı danışmaq istəməyib. Bu üzdən onun istintaqdakı ifadələri elan olunub, ondan həmin ifadədə yazılanları təsdiqləyib-təsdiqləmədiyi soruşulub. O, təsdiqlədiyini bildirib.
Həmin ifadədə göstərib ki, Vüsal Ələsgərov onu təhqir edib, döyüb. Bu prosesdə qara maskalılar da iştirak edib. Pərviz Pirməmmədovun sözlərinə görə, onu da düşmənlə əməkdaşlıqda ittiham ediblər:
“Həmin vaxt Hikmət Həsənovun səsini eşitdim. Ona kinayə ilə dedim ki, sizin icazəniz olmasa, məni bura kim gətirə bilərdi?”
Pərviz Pirməmmədovun dediyinə görə, işgəncəyə məruz qalanda ondan həm də general Polad Həşimov haqda ifadə vermək tələb olunurdu:
“Polad Həşimov barədə bildiklərimi söyləməyimi tələb edirdilər”.

“Döşəkləri su ilə isladırdılar”

Daha bir zərərçəkmiş – baş leytenant İsabala Məmmədov da ifadəsində korpus komandiri, general-mayor Hikmət Həsənovu ittiham edib: “Əsas günahkar odur…”.
O, məruz qaldığı işgəncələrdən danışarkən bildirib ki, adamları suda boğmaqla, uzun müddət toka verməklə onlara dözülməz əzablar verirdilər:
“Betonun üstünə köhnə döşəklər atırdılar yatmaq üçün. Onu da su ilə isladırdılar ki, “siz quru döşəkdə yata bilməzsiz”.
İsabala Məmmədov da Vüsal Ələsgərovdan şikayətçi olduğunu bildirib və ona ağır cəza verilməsini istəyib.

“Bütün həyatım darmadağın olub”

Tərtər hadisələri zamanı işgəncələr nəticəsində əlil olmuş Vasif Ağayev də məhkəmədə zərərçəkmiş qismində ifadə verib. Vaxtilə Əfqanıstanda sülhməramlı kontingentin tərkibində xidmət etdiyini deyən Vasif Ağayevin sözlərinə görə, işgəncələrdən sonra sağlamlığını itirib, nəticədə ailəsi də dağılıb:
“Bütün həyatım darmadağın olub. Bunun da səbəbkarı Vüsal Ələsgərovdur. Ona nifrət edirəm. Mən də başqaları kimi normal insan idim. Postda idik, bütün heyəti düşürüb, “KaMaz”da gətirdilər. Başımıza torba keçirdilər, dizüstə oturtdular. Nalayiq söyüşlərlə təhqir edirdilər, döyürdülər. Atamın goruna qədər söydü bu Vüsal. Orada ah-nalədən, qışqırtı səsindən qulaq tutulurdu. Mənə nə qədər əzab veriblər, bir Allah bilir. “Papanin” hospitalında tibb bacılarına qədər bizə əzab verib ki, guya vətən xainləriyik. İşgəncələrdən vəziyyətim pisləşdiyinə görə hospitala gətirmişdilər. Burada çarpayıya bağlamışdılar. Az qalırdılar qaşığı boğazımıza salıb, xirtdəyimizi üzsünlər. Ayaqyoluna qoymurdular, “pampers” taxmağı tələb edirdilər. Buna görə o qədər döydülər… Yaş corab geyindirib, toka verirdilər…”.

Vasif Ağayev Vüsal Ələsgərova ömürlük həbs cəzası verilməsini tələb edib.

Bu məhkəmə prosesində işgəncə verməkdə ittiham olunan 4 nəfərin heç biri özünü təqsirli bilmir. Onlardan üçü, o cümlədən Vüsal Ələsgərov ifadə verməkdən imtina edib.

Vüsal Ələsgərov bildirib ki, o, özündən daha yuxarı vəzifədə olan şəxslərin – müdafiə naziri, onun birinci müavini, Baş qərargah rəisi, korpus komandiri və Hərbi Prokurorluğun əmrlərini icra edib. Ona görə də özünü təqsirli bilmir.
Rüstəm Ələsgərov bildirib ki, onun ümumiyyətlə, heç bir səlahiyyəti olmayıb. Onun sözlərinə görə, əsgər olub və verilən əmri icra edərək, binanın mühafizəsilə məşğul olub:

“Deyiblər ki, mühafizədə dayan, mən də dayanmışam. Mənim heç icazəsiz o binaya girməyə ixtiyarım olmayıb…”.
Tərtər işgəncələri üzrə məhkəmə prosesi aprelin 4-də davam edəcək.

“Tərtər işi” üzrə işgəncə verməkdə təqsirləndirilən daha 5 nəfərin, o cümlədən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra etmiş general-mayor Bəkir Orucovun məhkəməsi aprelin 5-də başlayacaq.

2021-ci ilin dekabrında “Tərtər işi” üzrə istintaq yenilənəndən sonra işgəncələrə görə cinayət məsuliyyətinə cəlb olunanların sayı 17 nəfərə çatıb. Bir nəfər isə axtarışdadır. Daha dörd nəfər isə icraat yenilənməmişdən öncə həbsdə idi. Sadəcə, icraat yenilənəndən sonra başqa şəxslərə qarşı işgəncələrdə də iştiraklarıyla bağlı məlumatlar üzə çıxdığına görə onlara yenidən ittiham verilib.

İcraat yenilənəndən sonra zərərçəkmişlərin sayı da artıb və 452 nəfərə çatıb.

İcraat yenilənəndən sonra dövlətə xəyanət və başqa ağır ittihamlarla 20 ilə qədər həbs cəzasına məhkum edilmiş 19 nəfərin işinə yenidən baxılıb. Onlar haqqında hökm 2022-ci ilin noyabrında ləğv edilib, işlər istintaqa qaytarılıb, 5 il sonra onlara bəraət verilib.

Bənzər yazılar

Back to top button