Hadisə

Qarabağ müharibəsinin iştirakçısına qarşı bir il əvvəlki hadisə ilə əlaqədar cinayət işi açılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elnur Rüstəmova qarşı bir il əvvəl baş vermiş hadisə ilə əlaqədar cinayət işi açılıb. Rüstəmovun Turan Agentliyinə verdiyi məlumata görə, İkinci Qarabağ müharibəsində iştirak etməsinə baxmayaraq, ona veteran statusu verilmir.

“Müraciətimə haqsız olaraq imtina gəlib, mən də bu qərara etiraz etmək üçün dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə getmişəm. Dünən də gedəndə məni mülki maşına mindiriblər və Yasamal rayonun 26-cı polis bölməsinə aparıblar”, deyə o bildirib.

Bölmədə 6-7 saat saxlandığını deyən Elnur Rüstəmov oradan Yasamal Rayon Polis İdarəsinə aparıldığını deyir. “Orada məndən bu gün yenidən idarəyə gəlmək şərti ilə iltizam alıblar və sərbəst buraxıblar. Amma müstəntiq mənə dedi ki, keçən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaşanan insidentə görə mənə cinayət işi açılıb. Dedi ki, nazirliyin qapı və şüşələrin sındırılmasını təşkil etməkdə məndən şübhələnirlər, məndən şikayət var. Mən isə orada olsam da, həmin hadisəyə heç bir aidiyyətim yoxdur. Bu gün də mənə bildirilib ki, məni həbs etmirlər, amma hər dəfə çağıranda idarəyə gəlməliyəm”.

Daxili İşlər Nazirliyindən Turan-a bildirilib ki, Yasamal Rayon Polis İdarəsində ötən il iyunun 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında baş verən hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılıb.

2022-ci ilin iyunun 2-də bir qrup İkinci Qarabağ müharibəsinin işturakçıları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. Onlar əlillik təyinatının olmamasından, əksər hallarda imtina cavabı almalarından, əyani müayinənin aparılmamasından, komissiyaya gec çağırılmalarından şikayətlənirdilər. Aksiya zamanı etirazın iştirakçılarının birinin halı pisləşib, bundan sonra aksiyaçılar nazirliyin qapısını sındıraraq içəri keçiblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən hadisə ilə bağlı bildirilmişdi ki, Vətən müharibəsi iştirakçılarının müraciətlərinə nazirlik tərəfindən daim xüsusi qayğı və həssaslıqla yanaşılır: “Bu gün nazirliyə müraciət edən bir qrup müharibə iştirakçısı da nazirliyin rəhbər vəzifəli şəxsləri tərəfindən diqqətlə dinlənilib. Onların müraciətləri əlilliyin qiymətləndirilməsi məsələləri ilə bağlı olub. Hər bir müraciət qeydiyyata alınıb və araşdırılaraq nəticəsinə uyğun tədbirlər görüləcək”.

Eyni zamanda qeyd olunmuşdu ki, müraciət edən müharibə iştirakçılarından bəziləri nazirliyin qəbul şöbəsində təhdidedici hərəkətlər edərək, buradakı kompüter avadanlıqlarını, giriş qapısını, turniketi sındırıb, dövlət əmlakına ziyan vurublar. “Bununla əlaqədar da tədbirlər görüləcək. Gələnlərin bir çoxunun da əlilliyi daha öncədən təyin edilib”.

Bənzər yazılar

Back to top button