Cəmiyyət

“Azərbaycan ekoloji və su böhranı ilə üzləşib”

Prezident martın 28-də Məsim Məmmədovu Laçın rayonunda xüsusi nümayəndəsi təyin etməsi ilə əlaqədar qəbul edərkən deyib ki, ölkənin bəzi yerlərində ətraf mühitə böyük ziyan vurulur: “Qanunsuz işlər görülür, torpaqlar zəbt edilir, ağaclar kəsilir, yerində evlər tikilir, kənd təsərrüfatı təyinatlı torpaqlarda aidiyyəti olmayan obyektlər inşa edilir… Yəni, bu hallara dözümlülük sıfır dərəcəsində olmalıdır”.

Prezident Əliyev Azərbaycanda hakimiyyətdə olduğu 20 il ərzində bu və buna bənzər ekoloji məsələlərlə bağlı dəfələrlə xəbərdarlıqlar edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Turan-a bildirilib ki, ötən il ərzində ekoloji qanun pozuntuları ilə bağlı ümumilikdə 1024 akt, 2112 protokol tərtib olunub:“Ümumilikdə bu şəxslərə qarşı 600 milyon 700 min manat məbləğində iddia qaldırılıb. 4 milyon 662 min manat vəsaitin Ətraf Mühitin Mühafizəsi Fonduna köçürülməsi təmin edilib. 680 müddətli göstəriş verilib”.

Nazirlikdən deyilib ki, qanunsuz ağac kəsiminə görə cəzaların artırılması ilə bağlı layihə aidiyyəti üzrə təqdim olunub və layihənin qəbulu gözlənilir: “Cərimələrin 4-5 dəfə artırılması nəzərdə tutulub. Bu qərarın qüvvəyə minməsi ilə Bakıda vəzifəli şəxslər üçün 18-20 diametrində ağacın kəsilməsi cinayət məsuliyyəti yardacaq. Hüquqi şəxslər üçün isə 8-12 diametrdə ağacın kəsilməsi cinayət məsuliyyəti yaradacaq, hətta həbs cəzası da verilə bilər”.

Hakim Yeni Azərbaycan Partiyasından olan deputat Elman Nəsirov da Turan-a bildirib ki, Prezident İlham Əliyev dəfələrlə məmurlar qarşısında bu məsələləri qaldırıb: “Bildirib ki, məmurlar xalqa ləyaqətlə xidmət etməlidir, söyləyib ki, özü xalqın bir nömrəli xidmətçisidir, dövlət və xalq mənafeyi hər şeydən üstün olmalıdır”.

Deputat daha sonra da deyib: “Kənd təsərrüfatl torpaqlarının təyinatını dəyişib şəxsi varlanma üçün obyektlər tikib onlardan istifadə edirlər ki, bu da bizim ekologiyamıza təkcə ziyanla kifayətlənmir, eyni zamanda insanları narazı salır. İnsanlar məmurlardan narazılıq edirlər və açıq şəkildə bunu bildirirlər. Ona görə, bu hallarla ciddi mübarizə aparılmalıdır”.

Nəsirovun sözlərinə görə, yerində olmayan məmurlar həbs edilir, onlar hüquqi müstəvidə cəzalarını alırlar, amma görünür ki, təkcə cəza mexanizmləri ilə istənilən nəticəni əldə etmək olmur: “Bu istiqamətdə həm də çox ciddi kadr islahatlarına ehtiyac var. Kadrlar dərk etməlidilər ki, bu dövlət əhəmiyyətli torpaqlardır, onları mənimsəmək, şəxsi mənafeyi üçün istifadə etmək, ağacları kəsmək qəbuledilməzdir. Burada həm də maarifləndirməyə ehtiyac var”.

Onun fikrincə, xüsusilə gənc kadrlar yüksək vəzifələrə cəlb edilərkən belə hallara nadirən rast gəlinir: “Qarabağ və Şərgi Zəngəzur zonalarında Prezidentin xüsusi nümayəndəlikləri təsis edilir, onların gördükləri işlərdən cəmiyyət də razılıq edir. Deməli, kadrlar yerindədir. Cənab Prezidentin qaldırdıqları bu reallıqlar fonunda yəqin ki, biz növbəti dəfə çox ciddi kadr islahatlarına şahidlik edəcəyik”.

Ətraf mühiti üzrə ekspert Cavid Qara da AzadlıqRadiosuna bildirib ki, Prezidentin bu barədə danışması yaxşı göstəricidir: “Amma indidən sonra ciddi bir fərq olacağı indiki şərtlərlə inandırıcı görünmür. Meşə qırğınları daxil olmaqla bir sıra problemlər əvvəlki qədər kəskin deyil. Amma ümumi vəziyyət acınacaqlıdır. Azərbaycan ekoloji və su böhranı ilə üzləşib. Belə bir vəziyyətdə təkcə prezidentin bu barədə danışması təbiidir, amma bəs etmir”.

Ekspert qeyd edib ki, hətta Prezidentin Buzovna qayalıqlarının zəbtlərdən azad edilməsi ilə bağlı fərmanı da tam icra edilməyib: “Yəni ki, danışmaq, hətta fərman vermək də bəs etmir. Siyasi iradə, vizyon və nəzarət lazımdır. İngilislər demiş, too little too late, yəni çox gec və çox az iş görülür”.

O, hesab edir ki, sözügedən neqativ halları törədən həm də məmurlardır: “Məmur olaraq da vəzifələrini icra edə bilmirlər və məmurluqdan istifadə edib biznes fəaliyyəti ilə məşğul olarkən dağıdıcı və çirkli işlərlə məşğul olurlar”.

Bənzər yazılar

Back to top button