Dünya

ABŞ tarixində ilk: Trampa qarşı ittiham irəli sürülüb – KİV

Manhetten Böyük münsiflər heyətinin ABŞ-ın sabiq Prezidenti Donald Trampa qarşı rəsmi ittiham irəli sürdüyü deyilir.

Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu mətbuat orqanları NYT və CNN-də məlumat dərc olunub.
Bildirilib ki, heyət Trampı aralarındakı əlaqələri gizləməsi müqabilində porno ulduzu Stormi Danielsə etdiyi ödəmələrlə bağlı ittiham etmək üçün səs verib.

Qeyd olunub ki, Trampa qarşı verilən ittiham onun keçmiş vəkili Maykl Koenin işi ilə bağlıdır. O, beş il əvvəl etiraf etmişdi ki, 2016-cı il seçki kampaniyası zamanı Danielsə 2006-cı ildə olan Trampla münasibətləri barədə danışmaması üçün 130 min dollar verib.

İstintaq ödənişin sənədlərdə hüquqi xidmətlərə görə ödəniş kimi göstərilməsinə diqqət çəkib. Bu, maliyyə sənədlərinin qəsdən saxtalaşdırılması kimi qiymətləndirilir.

Trampın konkret nədə ittiham olunduğu hələ məlum deyil. İttihamlar rəsmən irəli sürülsə, bu, ABŞ tarixində ilk dəfə olaraq keçmiş dövlət başçısının mühakimə olunmasına səbəb olacaq.

Donald Tramp bunu inkar edir və vəziyyəti siyasi təqib və seçkilərə müdaxilə adlandırır. O, özünü günahsız hesab edir.

Tramp xatırladıb ki, o, əvvəllər potensial cinayət təqibi ilə üzləşib, lakin keçmiş şübhələrlə bağlı heç bir rəsmi ittiham irəli sürülməyib.

Keçmiş dövlət başçısı xəbərdarlıq edib ki, “bu cadugər ovu” hazırkı prezident Co Baydenə qarşı əks nəticə verəcək.
Qeyd edək ki, Tramp artıq 2024-cü il seçkilərində prezidentliyə namizəd olacağını elan edib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button