CəmiyyətGündəmManşet

Dövlət Proqramı ilə xaricdə təhsil almada prosedur saxtalaşdırılır? – İddia

Media eksperti Rizvan Qənbərli Elm və Təhsil Nazirliyinin Dövlət Proqramı ilə xaricdə təhsil almaq üçün dərc etdiyi dünya universitetlərinin siyahısında saxtakarlıq etdiyini iddia edib.

Yeniavaz.com xəbər verir ki, o, bu barədə feysbuk profilində paylaşım edib.

Ekspert bildirib ki, Elm və Təhsil Nazirliyi ötən ilin noyabr ayında Dövlət Proqramı ilə təqaüdlü təhsil alına biləcək universitetlərin siyahısını konkret ixtisaslar üzrə elan edib. Nazirlik rəsmi səhifəsində elan etdiyi sənəddə dünya universitetlərinin TOP siyahısına liderlik edən ABŞ, Kanada kimi ölkələrin və universitetlərin adını bakalavr siyahısına daxil etməyib:

“Beləcə bu ölkələri və TOP universitetləri hədəfləyən gənclərin çoxu yüksək təhsil xərclərinə görə bu universitetlərin müraciət prosesində iştirak etmək istəmədi.

Bundan beş ay keçdi, ABŞ universitetlərinə müaricət müddəti başa çatdı. Elm və Təhsil Nazirliyi mart ayının sonunda ötən ilin noyabr ayında elan etdiyi həmin siyahıya anidən “balaca” iki əlavə etdi. Buna görə ABŞ-ın Texas A&M Universitetinin ekologiya mühəndisliyi, neft mühəndisliyi ixtisasları, Michigan Universitetinin dəniz mühəndisliyi ixtisası və Ayova Universitetinin baytarlıq elmləri bakalavr pilləsi üzrə təqaüd siyasına daxil edildi. “Sifarişli” beş təqaüd yeri bəs eləmədi, bir də əvvəlki siyahıdan fərqli olaraq əksəriyyəti ABŞ-da yerləşən TOP 10 universitetlər də “sakitcə” siyahıya əlavə olundu. Hansı ki, bu universitetlərin müraciət tarixi çoxdan, Nazirliyinin “xırda düzəlişindən” üç ay əvvəl başa çatmışdı.

Sual yaranır. Kimin üçün? Hansı dərəcəli yaxınlar üçün? Nazirliyinin himayə etdiyi hansı özəl təhsil şirkətləri üçün?

Elm və Təhsil Nazirliyi bu universitetlərdə təhsil almağa layiq olan gənclərin əksəriyyətini beş ay əvvəl öz məqsədlərindən daşındırır, son anda isə bəziləri üçün belə çirkin saxtakarlıqla təqaüd imkanı yaradır. Bu işi ədəb-ərkanla görməyin yolu odur ki, əvvəl təqaüd şərtlərini elan edirsən, sonra bu şərtlərə uyğun olanlar müraciət edir. Amma Elm və Təhsil Nazirliyi deyəsən əvvəl namizədləri seçir, sonra təqaüd şərtlərini həmin namizədlərə uyğunlaşdırır.

Əziz Elm və Təhsil Nazirliyi, təqaüd proqramına xərclədiyiniz vəsait “dədə malı”nız deyil. Bu xalqın vergiləriylə formalaşan dövlət büdcəsinindir. Xalqın vəsaitini xalq üçün ədalətli xərcləyin. Öz yaxınlarınız, maddi və mənəvi formada durmadan himayə etdiyiniz özəl təhsil şirkətləri üçün xərcləməyin. İdeoloji şəbəkələşmənizi netvörkinq oyunu kimi sırımağa çalışsanız da, kimləri, hansı maraqlarla dəstəklədiyinizi çox yaxşı başa düşürük. Sizi indiyə qədər ciddiyə alıb bəzən lehdə, bəzən əleyhdə müzakirə etməkdə çox səhv etmişik. Ən çox layiq olduğunuz münasibət elə lağlağıya qoyulmaq imiş”.

Səsləndirilən iddialarla bağlı Elm və Təhsil Nazirliyinə müvafiq sorğu ünvanlanıb.

Bənzər yazılar

Back to top button