Cəmiyyət

Talassemiya Mərkəzi xəstə uşaqların ailələrini aldatmayıb? – DİN araşdırmalara başladı

Aprelin 3–də talassemiyalı uşaqların ona yaxın valideyni Talassemiya Mərkəzində toplaşaraq dövlətdən bu mərkəzdə onlardan alınan pulun qaytarılmasını tələb ediblər. Valideynlər mərkəzin həkimi Aynur İsmayılova haqda danışıblar. O vasiyəşilik edərək UrmedHelp şirkətinin direktoru Nuridə Seyidova ilə görüşlər təşkil edib. Seyidova imzalanmış müqavilələr əsasında azərbaycanlı uşaqların Türkiyədə müalicəsini təmin etməyi öhdəsinə götürüb.

Redaksiyaya daxil olan müqavilənin fotosurətində göstərildiyi kimi 2022-ci ildə talassemiyalı uşaqların Türkiyənin Antalya Medikal Park Hospital-da müalicəsi planlaşdırılıb. 7 yaşlı xəstə İntiqam Əlizadənin valideyni Günay Ağayevanın Seyidovaya 25 min manat verməsinə dair videoyazı var. Daha sonra Ağayeva xəstə uşağın biomaterialının analiz üçün Türkiyəyə göndərilməsinə görə 300 dollar ödəyib. Söhbət zamanı Seyidova izah edib ki, müalicənin dəyəri 80 min dollardır, bunun 30 faizini valideynlər, qalan 70 fazizini mesenatlar ödəyirlər.

Digər valideynlər də oxşar əhvalatlar danışırlar. Aynur İsmayılova Turan – a bildirib ki, onların qrupunda 34 valideyn var, onlardan 25 nəfər 20, 10, 50 min, 15 min manat və dollarla ödəyib, hamıya deyiblər ki, xəstə sümük iliyinin sağlam iliklə əvəzlənməsi şəklində müalicə xərclərinin böyük hissəsi anonim mesenantlar tərəfindən ödənilir. Bəzi valideynlər Zəfər Bayramına qədər uşaqların Türkiyəyə göndərməli olduğunu söyləyərək ödəniş etməyə tələsiblər.

8 yaşlı Nizami Hacılının xalası Mənsubə Hacıyeva Nuridə Seyidovaya 10 min dollar verib, ona deyiblər ki, müalicənin tam dəyəri 83 min dollardır. Səfərin müddəti 2022-ci ilin iyun ayı göstərilib. Hətta Talassemiya Mərkəzinin baş həkim müavininin kabinetində, vasitəçi Aynur Bayramovanın iştirakı ilə türkiyəli həkimlə görüş təşkil olunub. O, özünü valideynlərə Medikal Park Hospital klinikasının nümayəndəsi kimi təqdim edib. Mənsubə Hacıyeva uşaqların müalicəsilə bağlı ödəniş qəbzini və UrmedHelp ilə müqaviləni saxlayır.

Bu qrupdan heç bir uşaq Türkiyəyə göndərilməyib, valideynlərin pulları qaytarılmayıb. Valideynlərin Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə şikayətindən sonra Nuridə Seyidova (pulları o götürüb) 4 ay müddətinə həbs edilib və Kürdəxanı İstintaq Təcridxanasında saxlanılır. Aynur Bayramova valideynlərə deyir ki, pulları o qəbul etməyib, sadəcə, ailələri Seyidova ilə tanış edib. Talassemiya Mərkəzində bu sövdələşmədə iştirak etmədiklərini bildirirlər. Belə cavab valideynlərin qəzəbinə səbəb olur, belə ki, Günay Ağayevanın sözlərinə görə, Aynur Bayramova və türkiyəli həkim (Akif Yeşil İpek) ilə görüş Talassemiya Mərkəzinin binasında, baş həkim müavininin kabinetində olub.

Xəstə qız Fatimə Abdullayevanın anası Aysel Abdullayevanın sözlərinə görə, Akif Yeşil İpekin iştirakı ilə Aynur Bayramova şəxsən onun qızından analiz üçün qan götürüb və bu, iyunun 30-da Talassemiya Mərkəzinin ikinci mərtəbəsindəki xidməti binada baş tutub. Abdullayevlər ailəsi 12 min dolları Aynura Bakının Çinar Plaza otelində veriblər.

Fırıldağın üstü açılanda Türkiyə vətəndaşı Akif Yeşil İpek Bayramova ilə əməkdaşlığını inkar edərək deyib ki, onu müalicə etdiyi xəstə uşağın anası kimi tanıyır.

Ötən ilin fevralında Aynur bütün valideynləri məcbur edib ki, özlərinə və uşaqlara pasport alsınlar, tezliklə Türkiyəyə gedəcəklər. Valideynlər təcili olaraq pasportların hazırlanmasına pul xərcləyiblər.

Valideynlərə deyiblər ki, bir neçə azərbaycanlı xəstə uşaq Türkiyə klinikasında müalicə olunub. Ancaq valideynlərlə söhbətdən məlum olur ki, onlar uşaqları sağalan ailələrlə tanış deyillər. Bəlkə də Türkiyədə uğurlu prosedur haqda söhbətlər valideynləri aldatmaq üçün reklam hiyləsi olub.

Azərbaycan Səhiyyə Nazirliyi Turan-ı rəsmi cavab üçün Milli Hematologiya və Transfuziologiya Mərkəzinin (qısaca Talassemiya Mərkəzi) talassemiya şöbəsinə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış bu dövlət tibb müəssisəsinin mətbuat xidmətinə yönləndirib.

Mərkəzdən Turan-a rəsmi cavab gəlib. Cavabda deyilir ki, Talassemiya Mərkəzinin Aynur Bayramova və Nuridə Seyidova ilə heç bir əlaqəsi yoxdur, həmin şəxslər Mərkəzdə çalışmırlar, qurum narazı vətəndaşlardan pul qəbul etməyib və onlarla müqavilə imzalamayıb. Akif adlı türk həkimi isə uzun illərdir təcrübəli mütəxəssis kimi tanıyırlar, onu öz binalarında qəbul ediblər, Mərkəzdəki türkiyəli həmkarlarının qanunsuz hərəkətləri barədə məlumat yoxdur.

“Mən dəfələrlə valideynlərə xəbərdarlıq etdim ki, uşaqları sağaltmağı vəd edən naməlum adamlara pul verməsinlər, etibar etməsinlər. Başa düşürük ki, çarəsiz valideynlər sevimli övladları üçün hər şeyə hazırdır. Lakin Talassemiya Mərkəzinin baş verənlərə heç bir aidiyyatı yoxdur. Bizim əməkdaşlarımız istintaqa cəlb olunmayıblar”, – Mərkəzin adının çəkilməsini istəməyən nümayəndəsi bildirib.

Narazı valideynlər və onların övladları Talassemiya Mərkəzində qeydiyyata alınıblar, uşaqlar orada dövlət proqramı əsasında müalicə olunublar. Valideynlərin şikayətilə istintaq davam edir, Talassemiya Mərkəzi istintaqa kömək edir, – cavabda deyilir.

Bənzər yazılar

Back to top button