GündəmManşetSiyasət

“Tərtər işi” üzrə zərərçəkənlər ali hərbi rütbəlilərin məhkəməyə gəlməsini tələb edirlər

“Tərtər işi” ilə bağlı hərbi qulluqçulara işgəncə verməkdə ittiham olunanların işi üzrə məhkəmə prosesində zərərçəkənlərin ifadə verməsi başlayıb.

Xatırladaq ki, məhkəmə qarşısında hərbi hissənin keçmiş komandiri, polkovnik Vüsal Ələsgərov, keçmiş qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, keçmiş kəşfiyyatçı Ramil Qarayev və müddətdən artıq hərbi xidmət qulluqçusu, çavuş Rüstəm Ələsgərov dayanıb.

Onlara Azərbaycan Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrumetmə, ölümlə nəticələnən), 293.2-ci (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə), 341.2.1-ci (bir qrup şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadəsi və ya vəzifə səlahiyyətlərini aşma) maddələrilə ittiham irəli sürülüb. Rüstəm Ələsgərov həmçinin Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) və 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ölümlə nəticələnən) maddələrilə ittiham olunur.

İttiham aktına görə, hərbi hissənin komandiri Vüsal ələsgərov “yuxarı komandanlıq qarşısında öz nüfuzunu artırmaq məqsədilə” bir qrup zabitdən “düşmənə işləyən hərbi qulluqçuları ifşa etmək üçün” istifadə etdi. Bu məqsədlə günahsız hərbçilərə çoxsaylı işgəncə veriblər.

Zərərçəkən Rəcəb Teymurov bildirib ki, saxlanıldıqdan sonra onu dərhal korpus komandiri Hikmət Həsənovun yanına aparıblar və dörd nəfər onu tutaraq yerə çırpıb.

“Bütün günü bizə işgəncə verdilər. Çörək verəndə də təhdid edirdilər. Korpusun hüquqşünası Fuad Ağayev üzümə elə zərbə vurdu ki, beyin sarsıntısı keçirdim. Məni Hikmət Həsənovun qarşısında da döydülər, şəxsən o, məni təhqir etdi”, – Teymurov deyib.

Ölənə qədər işgəncə verilmiş bölmə komandıri Süleyman Kazımovun xanımı Zülfiyyə Kazımovanın ifadələri də səslənib. O, başdakı komandirlərin məsuliyyətə cəlb olunmasını tələb edib.

“Mən Hikmət Həsənovun və cinayətkar əmrlər verən digərlərinin cəlb olunmasını tələb edirəm. Niyə Hikmət Həsənov heç vaxt istintaqa çağırılmayıb?”,- Kazımova deyib.

O, həyat yoldaşının ölümündən 9 may 2017-ci ildə xəbər tutub. Əvvəlcə ona deyiblər ki, həyat yoldaşı şəhid olub, Sonra deyiblər ki, o, qəzada həlak olub. “Həyat yoldaşının cəsədini gətirənlərin arasında Babək Səmidli (korpus komandirinin müavini) də vardı. O, məni boş kağız parçasına imza atmağa məcbur etmək istədi”,- Kazımova deyib.

İşgəncə nəticəsində həlak olan digər leytenant Təmkin Quliyevin atası Nizami Quliyev deyib ki, ailəyə bildiriblər zabit pnevmoniyadan ölüb. İstintaqın yenilənməsindən sonra və atasının təkidilə eksqumasiya aparılıb və cəsəddə işgəncə izləri aşkar edilib”, – Quliyev deyib.

İstintaq zamanı ölən Elçin Quliyevin anası Validə Əhmədova müttəhimlərə müraciət edərək deyib: “Biz bilirik ki, siz əmrlərə tabe olmusunuz, amma həqiqəti söyləmək lazımdır. Bu cinayətlərin başında Hərbi Prokurorluğun rəhbərləri də durur. Hərbçilərin ölümü mayın 3-dən sonra, cinayət işi açılandan sonra başlayıb. Ona görə də hərbi prokuror Xanlar Vəliyev, Şəfahət İmranov və başqaları cavab verməlidirlər. Oğlumun ölümündə icraçılarla yanaşı Teymur Məmmədov və Hikmət Həsənov da günahkardır.

Öz növbəsində, müttəhim Rüstəm Ələsgərov bildirib ki, müddətdən artıq hərbi xidmət qulluqçusu olduğu üçün hərbi hissənin mühafizəsilə məşğul olub, işgəncə və qətllərdə əli yoxdur.

“Bütün qətlləri mənim üzərimə qoyublar. Halbuki, bununla heç bir əlaqəm yoxdur. Mənim yerimdə Teymur Məmmədov (o vaxt korpus komandirinin müavini) oturmalıdır”, – müttəhim deyib.

Zərərçəkən Zamin Yusifov bildirib ki, general Hikmət Həsənov onu şəxsən təhqir edib və ona işgəncə verilməsi barədə göstəriş verib.

“Mən and işdim ki, satqın deyiləm, amma o göstəriş verdi ki, məni etiraf etməyə məcbur etsinlər. Məni döydülər, üstümə su tökdülər və bədənimə cərəyan verdilər. Bədənimdə sağlam yer qalmadı. Bu dəfələrlə təkrarlandı və huşumu itirdim. Digər hərbçi Mehman Hüseynovu hətta aqoniya vəziyyətində ikən döydülər”, – Yusifov deyib.

Zərərçəkən Vaqif Abdullayev danışıb ki, onu döydükdən sonra müttəhim Vüsal Ələsgərovun ayağının altına atıblar. “Hərbçilərə eyni vaxtda bir neçə otaqda işgəncə verirdilər. İsabala Məmmədovu öz poqonlarını yeməyə məcbur etdilər. Hikmət Həsənov dedi ki, kim xəyanəti etiraf etməsə, onu mina sahəsinə göndərəcəklər”, – Abdullayev deyib.

Hikmət Həsənov onu qəfəsə salmaq əmri verib. “O dedi ki, lazım gələrsə, məni Qarabağ kanalına atacaq, şahidlər isə təsdiq edəcəklər ki, mən satqın kimi özümü vurmuşam”, – Abdullayev deyib.

O, Həsənovun və digər yüksək vəzifəli şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edib: “Müdafiə naziri, Xanlar Vəliyev, Hikmət Həsənov buraya gəlməlidirlər”.

Proses davam edir.

* 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycanda hərbiçilərin kütləvi şəkildə istintaqa cəlb edilməsinə başlanıb, bu proses “Tərtər işi” adını alıb. Həmin vaxt Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanatda həbsləri şübhəlilərin Ermənistanın xeyrinə casusluqda iştirakı ilə əsaslandırmışdı.

2017-ci ilin may-iyun aylarında saxlanılan şəxslərə verilən kütləvi işgəncələrdən ictimaiyyət 2019-cu ildə xəbər tutub. Hüquq müdafiəçilərinin məlumatına görə, 100-dən çox əsgər və zabit işgəncəyə məruz qalıb, 25 nəfər uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, ən az doqquz nəfər işgəncələr nəticəsində dünyasını dəyişib.

Qurbanların ailə üzvlərinin çoxsaylı etirazlarından və hüquq müdafiəçilərinin tələblərindən sonra hakimiyyət təhqiqatı bərpa etmək məcburiyyətində qalıb.

2022-ci ilin dekabrında “Tərtər işi” üzrə həbs edilən 19 nəfər azadlığa çıxıb. Onlardan 10-na bəraət verilib, digər işlərə bəraət hökmü çıxarılmadan xitam verilib.

Bu cinayətlərə görə bir general daxil olmaqla, bir neçə nəfər həbs edilib və azadlıqdan məhrum edilib. Amma Müdafiə Nazirliyinin və Hərbi Prokurorluğun yüksək rəhbərliyi məsuliyyətə cəlb olunmayıb.(Turan)

Bənzər yazılar

Back to top button