Siyasət

Sayt rəhbəri Ombudsmandan “Media haqqında” qanunun tətbiqinə müdaxilə etməsini istədi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilindən “Media haqqında” qanunun tətbiqinə müdaxilə etməsi istənilir. 24saat.org və az24saat.org saytlarının təsisçisi Vüqar Ələkbəroiv bununla bağlı ombudsman Səbinə Əliyevaya müraciət edib.

“Biz dəfələrlə Media Agentliyinə müraciət etmişik. Təsisçisi olduğum saytlar hətta yeni qanunun mürtəce tələblərinə də cavab verir. Ancaq bizim onlayn mediaların media reyestrinə daxil edilməsindən heç bir ağlabatan əsas gətirmədən imtina olunub”, V.Ələkbərov Turan-a bildirib.

Onun sözlərinə görə, agentliyin qərarından məhkəməyə şikayət ediblər, ancaq həmin şikayətə 4-5 aydır ki, hələ də baxılır. “Ombudsmana müraciət etdim. Xahiş etdim ki, “Media haqqında” qanunun ölkə Konstitusiyasının müddəalarına uyğunluğunun yoxlanılması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərsin. Ümid edirəm ki, müraciətimə müsbət cavab veriləcək”, jurnalist bildirib.

Adı çəkilən medialara hüquqi məsləhətlər verən Xalid Ağaliyev Turan-a açıqlamasında ombudsmanın məsələyə müdaxiləsinin yerində ola biləcəyini bildirib. “Yeni qanunun qəbul olunmasından xeyli vaxt keçib. Qanun nə Konstitusiyaya, nə də Azərbaycanın tərəf olduğu beynəlxalq müqavilələrə uyğun deyil. Bunu Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlar da dəfələrlə vurğulayıblar. Konstitusiya aydın şəkildə qanunların beynəlxalq müqavilələrə uyğun olmasını nəzərdə tutur. Belə durumlarda Konstitusiya Məhkəməsinin müdaxiləsi çox vacibdir. Əslində belə durumlara müdaxilə etmək, rəy vermək bu məhkəmənin əsl işidir. Məhkəmədən rəy verilməsini istəmək həm də ombudsmanın səlahiyyətlərindən biridir. Ona görə, fikirləşirəm ki, ombudsmanın Konstitusiya Məhkəməsindən qanuna rəy istəməsi qanun ətrafındakı gərgin duruma faydalı təsir göstərərdi”.

Bənzər yazılar

Back to top button