Dünya

ABŞ dörd gürcüstanlı hakimə qarşı korrupsiyaya görə sanksiyalar tətbiq edib

Çərşənbə günü Dövlət Departamenti külli miqdarda korrupsiyada iştirak edən dörd gürcüstanlı hakimə qarşı viza sanksiyaları tətbiq edib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

Dövlət katibi Entoni Blinken öz bəyanatında onların adlarını açıqlayıb: Mixail Çinçaladze, Levan Murusidze, İrakli Şengelia və Valerian Tsertsvadze.

“Bu şəxslər məhkəmələrin sədrləri və Gürcüstan Ali Ədliyyə Şurasının üzvləri olaraq öz mövqelərindən sui-istifadə ediblər”, deyən Blinken əlavə edib ki, Vaşinqton demokratiya, qanunun aliliyi və hesabatlılıq nöqteyi-nəzərdən gürcüləri dəstəkləməyə davam edəcək.

Dövlət katibi bildirib ki, Vaşinqton demokratiyanın və qanunun aliliyinin möhkəmləndirilməsində Gürcüstan vətəndaşlarını dəstəkləməyə və dövlət hakimiyyətindən şəxsi məqsədlərlə sui-istifadə edənləri məsuliyyətə cəlb etməyə davam edəcək:

“Biz qərəzsiz və müstəqil şəkildə fəaliyyət göstərmək cəsarəti və dürüstlük nümayiş etdirən bütün hakimləri dəstəkləyirik”.

Gürcüstanın məhkəmə sistemi nüfuzlu Ali Ədliyyə Şurasının nəzarəti altındadır. Şuranın avrointeqrasiya üçün tələb olunan islahatların qarşısını aldığı hesab olunur.

Bənzər yazılar

Back to top button