Cəmiyyət

Nazirlik xaricdə təhsillə bağlı proseduru saxtalaşdırır? – Açıqlama

Media eksperti Rizvan Qənbərli Elm və Təhsil Nazirliyinin Dövlət Proqramı ilə xaricdə təhsil almaq üçün dərc etdiyi dünya universitetlərinin siyahısını saxtalaşdırdığını iddia edib.

Səsləndirilən iddialarla bağlı Elm və Təhsil Nazirliyindən Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirilib ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 9.1-ci bəndinə uyğun olaraq Azərbaycan vətəndaşlarının xaricdə bakalavriat və magistratura təhsili səviyyəsində təhsil alacağı prioritet ixtisas sahələrinə uyğun nüfuzlu xarici ali təhsil müəssisələri üzrə proqramlarının ilkin siyahısı aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq 05.11.2022-ci il tarixində ictimaiyyətə təqdim edilib. Eyni zamanda, proqramların müvafiq siyahısına əlavə və dəyişikliklərin olacağı barədə qabaqcadan xüsusi bildiriş verilib:

“Ötən dövr ərzində, sözügedən siyahıya əlavələrin edilməsi ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən Nazirliyə təkliflər daxil olub. Həmin təkliflər dəyərləndirilərək, aidiyyəti digər dövlət qurumlarının rəyi əsasında siyahıya əlavələr edilib. Bu xüsusda siyahı hazırlanarkən heç bir subyektiv maraq əsas götürülməyib. Növbəti tədris ili üçün ali təhsil müəssisələrinin siyahısı universitet və ixtisas vəhdəti üzrə müəyyən edilib.
Eyni zamanda bildiririk ki, xarici ölkələrin ali təhsil müəssisələrinin həm bakalavriat, həm də magistratura proqramlarının siyahısına daxil edilməsi ilə bağlı vahid yanaşma müəyyən edilib. Belə ki, növbəti tədris ili üzrə təsdiq olunmuş proqramların siyahısına müvafiq beynəlxalq reytinq sistemlərində “universitetlər üzrə top 10”da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan, Dövlət Proqramının 6.1-ci bəndi ilə müəyyən olunmuş prioritet ixtisas istiqamətlərinə uyğun təhsil proqramlarına qəbul almış şəxslər təqaüd üçün müraciət edə biləcəklər.

Bildiyiniz kimi, Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edir. Bu məqsədlə, ilk açıqlanan və cari siyahıda müvafiq ölkələrin nüfuzlu ali təhsil müəssisələrinin məhz magistratura proqramları öz əksini tapıb.

Fürsətdən istifadə edərək bildiririk ki, bəzi xaricdə təhsil şirkətlərinin xidmətlərindən istifadə edən vətəndaşlar üzləşdikləri çətinlik və mənfi hallarla bağlı Elm və Təhsil Nazirliyinə mütəmadi müraciət edirlər. Təəssüf ki, belə şikayətlər xüsusilə, Dövlət proqramları, eyni zamanda hökumətlərarası təqaüd proqramları çərçivəsində xaricdə təhsil müsabiqələrinin keçirildiyi dövrdə daha intensivləşir. Bununla əlaqədar bildirmək istərdik ki, Elm və Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusən də qeyd edilən proqramlar ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə heç bir məsuliyyət daşımır. İddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd sözügedən proqramlara seçim zamanı heç bir rol oynamır. Eyni zamanda, belə şirkətlərin vasitəçiliyi ilə Elm və Təhsil Nazirliyinə təqdim edilən sənədlər seçim zamanı heç bir xüsusi üstünlüyə malik olmur. Bu cür vədlərlə qarşılaşdıqları halda Elm və Təhsil Nazirliyinin 146 – 6 “Çağrı Mərkəzi”nə məlumat vermək tövsiyə edilir”.

Qeyd edək ki, R.Qənbərli bildirib ki, Elm və Təhsil Nazirliyi ötən ilin noyabr ayında Dövlət Proqramı ilə təqaüdlü təhsil alına biləcək universitetlərin siyahısını konkret ixtisaslar üzrə elan edib. Nazirlik rəsmi səhifəsində elan etdiyi sənəddə dünya universitetlərinin TOP siyahısına liderlik edən ABŞ, Kanada kimi ölkələrin və universitetlərin adını bakalavr siyahısına daxil etməyib. Lakin Nazirlik mart ayının sonunda ötən ilin noyabr ayında elan etdiyi həmin siyahıya iki əlavə edib. Buna görə ABŞ-ın Texas A&M Universitetinin ekologiya mühəndisliyi, neft mühəndisliyi ixtisasları, Michigan Universitetinin dəniz mühəndisliyi ixtisası və Ayova Universitetinin baytarlıq elmləri bakalavr pilləsi üzrə təqaüd siyasına daxil edilib.

Bənzər yazılar

Back to top button