GündəmManşetSiyasət

İranın 4 diplomatı persona-non-qrata elan olundu – Bakını tərk etmək üçün 48 saat vaxt verildi

Iranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı “persona-non-grata” elan edilib.

Bu barədə aprelin 6-da Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat İdarəsi məlumat yayıb.

Nazirlik İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin XİN-ə çağrıldığını əlavə edib: “Görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib”.

“İran Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb. Onların 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib”, – deyə nazirlik qeyd edib.

Aprelin 3-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə (XİN) çağırılmışdı.

Nazirliyin sözçüsü Ayxan Hacızadə səfirə İran mediasında Azərbaycan əleyhinə yayılmış bir sıra məqalələrin siyahısı təqdim olunduğunu demişdi.

Aprelin 5-də İran İslam Respublikasının parlamenti Azərbaycanın İsraillə münasibətlərini qətiyyətlə pisləyən bəyanat qəbul edib.

Məlumatı İranın “mehrnews.com” saytı yayıb.

“Azərbaycan hökuməti küfr və İslam dünyasının maraqlarına zidd hərəkət edərək, sionist rejim və işğal olunmuş Qüdsün mərkəzində səfirlik açıb və öz səfirini saxta rejimə təqdim edib”, – bəyanatda belə deylir.

İranlı deputatlar İsraildə səfirlik açılmasını Fələstinə qarşı hərəkət kimi qiymətləndirərək, ərəb və islam dünyasını bunu pisləməyə çağırıblar.

Parlament üzvləri həmçinin İran Xarici İşlər Nazirliyini bütün İslam ölkələrinə bəyanat göndərərkən lazımi diplomatik tədbirlər görməyə çağırıblar.

Martın 31-də İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Azərbaycandan izahat tələb etmişdi.

Səbəb kimi İsrailin xarici işlər naziri Eli Kohenin azərbaycanlı həmkarı Ceyhun Bayramov mətbuat konfransında söylədikləri idi.

Nasir Kənani demişdi ki, İsrailin xarici işlər nazirinin Azərbaycan xarici işlər naziri ilə imzaladığı birgə bəyanat “İrana qarşı birləşmiş cəbhə”dir: “Sionist rejimin xarici işlər nazirinin vahid anti-İran cəbhəsinin yaradılması ilə bağlı təklifi, eləcə də Azərbaycan xarici işlər nazirinin “Azərbaycan və sionist rejim arasında strateji tərəfdaşlığın yeni mərhələsi” adlı bəyanatı anti-İran yönümlülüyün üstüörtülü təsdiqidir. Ona görə də Azərbaycan hakimiyyətindən izahat tələb edirik”.

Bənzər yazılar

Back to top button