Siyasət

Azərbaycan AİHM qərarlarını ən pis icra edən ölkədir – Rəqəmlər

Avropa Şurası 2022-ci il üçün Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrası haqqında hesabat yayıb.

AŞ mətbuat xidmətindən Turan-a daxil olan sənəddə deyilir ki, 2022-ci ildə AŞ Nazirlər Komitəsi AİHM-dən icrasına nəzarət üçün 49 iş qəbul edib.

2021-ci ildə belə işlərin sayı 46, 2020-ci ildə isə 51 olub.

31 dekabr 2022-ci il tarixinə olan məlumata görə, Azərbaycanda AİHM-nin 285 qərarı icrasını gözləyirdi.

Beləliklə, AİHM hökmlərinin icrasını gözləyənlərin sayı artır. Belə ki, 2021-ci ildə onların sayı 271, 2020-ci ildə isə 235 olub.

Yekunlaşmamış işlər arasında “Məmmədli Azərbaycana qarşı” qrupunun işi var. Bu işdə məşhur fəallar Anar Məmmədli, İntiqam Əliyev, Xədicə İsmayılova, Leyla Yunus, Arif Yunus, Qiyas İbrahimov və Bayram Məmmədova qarşı işlər birləşdirilib.

Azərbaycan hakimiyyəti indiyədək bu işlər üzrə hökmləri ləğv etməyib və ərizəçilərə bəraət verməyib.

Yeddi iş söz azadlığının pozulmasına, üçü ölüm və ya amansız rəftarın səmərəli araşdırılmamasına, iki iş sərbəst toplaşmaq və birləşmək azadlığının pozulmasına və bir iş əsassız deportasiyaya aid idi.

Bununla belə, Avropa Konvensiyasının 18-ci maddəsi üzrə bir iş bağlanıb, ərizəçilərə (fəallar Məmməd Əzizov və Şahin Novruzlu) qarşı ittiham hökmləri ləğv olunub.

Hakimiyyət AŞ NK-yə qərarların icrasına dair ümumilikdə 47 fəaliyyət planı, fəaliyyət haqqında hesabat və məlumat təqdim edib.

2022-ci ildə AİHM-nin təyin etdiyi ədalətli təzminatlar 38 halda tam ödənilib. Məhkəmənin müəyyən etdiyi müddətin başa çatmasına baxmayaraq, 45 iş üzrə ərizəçilər təzminatın tam ödənilməsini gözləyir.

Bənzər yazılar

Back to top button