İdman

Emin Mahmudov “Neftçi”nin milyon yarımlıq təklifini rədd etdi

Emin Mahmudovun “Neftçi” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. İl başlayandan “ağ-qaralar” kapitanı ilə yeni sözləşmə imzalamaq üçün danışıqlar aparır.

Aut.az-ın əldə etdiyi məlumata görə, ancaq “Neftçi” rəhbərliyi Eminlə heç cür ortaq məxrəcə gələ bilməyib. Futbolçuya ən son təklif edilən məvacib isə aylıq 35 min dollardır (59500 manat). Ancaq Mahmudovun cavabı mənfi olub. O, dəyəri 840 min dollar (1 milyon 420 min manat) olan 2 illik sözləşməyə qol çəkməyib.

Bundan sonra “Neftçi” rəhbərliyi çıxılmaz vəziyyətdə qalıb. Çünki daha yaxşı müqavilə təklif etmək üçün klubun sponsoru ilə danışıqlar aparmağa ehtiyac yaranıb. Yeni mövsümdə iddialı komanda qurmağı hədəfləyən rəhbərlik üçün Emin Mahmudov prioritet hədəf hesab edilir. Yeni mövsümün komandası məhz onun ətrafında qurulacaq.

Emin Mahmudov “Neftçi”nin təklifini niyə qəbul etmir? Bu sualın cavabı odur ki, çempionluğa əsas namizəd “Qarabağ” və avrokuboklara vəsiqəni təmin edən “Sabah” ona yaxşı şərtlərlə müqavilə təklif edir. Daha əvvəl də məlumat verdiyimiz kimi, “bayquşlar” milli üzvünə illik 1 milyon manat məvacib təklif edir. Eminə ölkə xaricindən də maraq var. Bu səbəblərdən “ağ-qaralar” kapitana daha yaxşı şərtlərlə müqavilə təklif etmək məcburiyyətində qalıb.

Bənzər yazılar

Back to top button