Hadisə

Heyvan haqlarını müdafiə edən ictimai fəalın saxlandığı bildirilir

Heyvan haqlarının müdafiəsilə məşğul olan ictimai fəal Nicat İsmayıl saxlanılıb.

Bu barədə onun özü sosial şəbəkə hesabında yazıb.

“Saxlanıldım, harasa aparılıram”, – deyə o bildirib.

Daxili İşlər Nazirliyindən Yeniavaz.com-a bildirilib ki, bu barədə qurumda məlumat yoxdur.

Meydan TV-yə məlumat verən yaxınlarının sözlərinə görə, aprelin 7-də saat 11 radələrində o, Sabunçu rayonu, Zabrat qəsəbəsində avtomobildə gedərkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb:

“Avtomobilin açarı alınıb. Saxlayanlar üç nəfər mülki geyimli olub. Onlar Nicata qarşı zor tətbiq ediblər. Onu başqa bir maşına mindirib, Respublika Narkoloji Mərkəzinə gətiriblər. Saat 12:30 radələrində oradan çıxarıb aparıblar. Saxlanma səbəbi məlum deyil”.

Sahibsiz itlərə qarşı sərt rəftara etiraz edən, bununla bağlı aksiyalarda iştirak edən ictimai fəal bundan öncə də 15 gün inzibati həbs cəzası alıb. Heyvan haqlarının müdafiəsilə bağlı etiraz aksiyasında saxlanılıb, haqqında həbs qərarı verilən ictimai fəal azadlığa buraxılandan sonra sosial media hesabında yazırdı ki, “Toplanın dustağı” ləqəbilə 15 gün həbsdə qalıb:

“Mən “sahibsiz itlərə işgəncə etməyin” deyib, bu qətliamlara etiraz edirdim. Bir də ayıldım ki, mənə də işgəncə edirlər sən demə illərdir, xəbərim yoxmuş. Orada 15 gün necə keçir, nələr yaşayır insan, məncə, ancaq orada yatanlar bilər”.

Bundan başqa, Nicat İsmayıl heyvan haqlarının müdafiəsilə məşğul olan bir neçə ictimai fəalla birlikdə “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi haqda fikirlərinə görə məhkəmə hökmü ilə 3 min manat cərimələnmişdi.

“Toplan”ın baytar-həkimləri onlara qarşı 100 min manatlıq mülki iddia qaldırıb, özlərinin də Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını tələb edirdi. Məhkəmə 4 nəfər ictimai fəalı təqsirli bilsə də, onlardan ikisini 1000, birini 1500, Nicat İsmayılı isə 2000 manat cərimə cəzasına məhkum eləmişdi.
100 min manatlıq mülki iddiaya gəlincə, gənc fəallardan ikisi, o cümlədən Nicat İsmayılın üzərinə 1000 manat, birinin 700, daha birinin isə 500 manat kompensasiya ödəmək öhdəliyi qoyulmuşdu.

Bənzər yazılar

Back to top button