ManşetSiyasət

Prezident İlham Əliyev: “Avropanın enerji təhlükəsizliyində Azərbaycan və Gürcüstanın rolu artacaq”

Azərbaycan və Gürcüstan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdir və bu rol getdikcə artacaq. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Qəbələdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşdən sonra bildirib.

Əliyev qeyd edib ki, 2023-cü ildə Azərbaycan qazının ümumi ixracı 24,5 milyard kubmetr olacaq. 2027-ci ilədək Azərbaycan təkcə Avropaya 20 milyard kubmetr ixrac edəcək.

“Biz həmçinin enerji əməkdaşlığının yeni istiqamətləri üzrə fəal əməkdaşlıq edəcəyik”, – Əliyev deyib. O, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl enerji” ixracına dair sazişi xatırladıb.

Əliyev “Orta dəhliz” layihəsinin həyata keçirilməsində Azərbaycan və Gürcüstan arasında əməkdaşlığı, vahid tarif siyasətinin, yüklərin daşınması məsələlərinin müzakirəsini və həllini qeyd edib.

İkitərəfli danışıqların gündəliyinə müdafiə sənayesi, təhsil, mədəniyyət, turizm, kənd təsərrüfatı, qarşılıqlı ticarət sahələrində əməkdaşlığın inkişafı da daxildir, Əliyev deyib.

Öz növbəsində Qaribaşvili qeyd edib ki, “Gürcüstan etibarlı tranzit tərəfdaş ölkədir”.

O, “yaşıl enerji”nin istehsalı və Qara dəniz vasitəsilə Avropaya nəqli üçün Azərbaycanla Gürcüstanın böyük potensialının olduğunu deyib.

“Orta dəhliz”in inkişafına toxunan Qaribaşvili Gürcüstanda yeni dəniz limanının tikintisini, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun buraxılış qabiliyyətinin genişləndirilməsini qeyd edib.

Qaribaşvili bildirib ki, Əliyevlə Ukraynadakı vəziyyəti də müzakirə edib.

“Risklər, çağırışlar var. Elə çağırışlar var ki, İkinci Dünya Müharibəsi başa çatdıqdan bəri olmayıb. Bizim əsas məqsədimiz sülhün və sabitliyin təminatıdır. Çünki bunsuz heç bir inkişaf və rifah ola bilməz”,-baş nazir deyib.

Bənzər yazılar

Back to top button