Dünya

ABŞ Rusiyanın sanksiyalardan yayınmaq cəhdlərinə qarşı qlobal tədbirlər görəcək

Bayden Administrasiyası bildirir ki, Kremlin Ukraynadakı hərbi maşınını maliyyələşdirmək üçün ehtiyacı olan texnologiya və pulu əldə etməsinə imkan verməmək məqsədilə Rusiyanın sanksiyalardan yayınmaq cəhdlərinin qarşısını almaq üçün əlindən gələni edəcək, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

Gələn həftə dünya maliyyə sisteminin liderləri Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik görüşlərində iştirak etmək üçün Vaşinqtonda toplaşacaqlar. Bu qurumlar ABŞ Maliyyə Nazirliyinin məmurlarına Rusiyanın sanksiyalardan yayınmaq cəhdlərində əsas rol oynayan ölkələrə təzyiqi gücləndirmək imkanı verəcək.

“Bizim mesajımız aydındır: şirkətlər və ölkələr sanksiyalardan yayınaraq Rusiyaya hərbi əməliyyatlara dəstək üçün materiallar satmağa davam edəcəksə, onlar bizim koalisiyamızın iqtisadiyyatına çıxış əldə etməyəcəklər”, deyə yüksək vəzifəli Amerika məmurları jurnalistlərə bildiriblər.

Bu arada, ABŞ hökuməti də gələn həftə Vaşinqtonda keçiriləcək birinci ABŞ-Ukrayna Tərəfdaşlıq Forumunda Ukrayna üçün imkanları səfərbər edəcək.

Bu birgə tədbir “Ukraynaya Amerika investisiyalarının sürətləndirilməsinə və Ukrayna iqtisadiyyatının bərpası üçün əməkdaşlığın planlaşdırılmasına yönəlib”, deyə cümə günü Dövlət Departamenti bildirib.

“Tədbirdə maraqlı tərəflər arasında investisiyaların stimullaşdırılması, Ukraynanın bazar potensialının müəyyən edilməsi, normativ-hüquqi baza və bərpa olunan enerji mənbələri hesabına sabit gələcək qurulması mövzularında yüksək səviyyədə müzakirələr aparılacaq”, deyə Dövlət Departamentinin məlumatında bildirilir.

Bənzər yazılar

Back to top button