GündəmHadisə

Fazil Mustafa daha bir əməliyyat keçirib

Silahlı hücum nəticəsində yaralanmış Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafa üçüncü cərrahi əməliyyat keçirib. Bu barədə o, öz Facebook səhifəsində yazıb, aprelin 7-də üç saatdan çox çəkən əməliyyat keçirdiyini bildirib.

“Dünən üç saatdan artıq çəkən son əməliyyatdan sonra yaralarıma tikiş qoyuldu. Həmd olsun Allaha ki, hər şey yaxşılığı doğru gedir”, deyə o qeyd edib.

Müalicə və reabilitasiya prosesi davam edir. “İnşallah yaxın vaxtlarda yenə də qaldığımız yerdən mübarizəmizə davam edəcəyik. Allah millətimizi və dövlətimizi qorusun”, deyə Mustafa qeyd edib.

Martın 28-də Mustafayev yaşadığı evin qarşısında silahlı hücuma məruz qalıb. Hücum nəticəsində o, çiynindən və budundan güllə yaraları alıb. Deputat iki dəfə əməlliyyat olunub.

DTX siyasətçiyə qarşı hücumu terror aktı kimi qiymətləndirib.

KİV-də yayılan məlumata görə, silahlı hücumda birbaşa iştirak edən 4 nəfər saxlanılıb. Onların İran xüsusi xidmət orqanları və dini dairələri ilə əlaqəsi olduğu bildirilir.

Hüquq-mühafizə orqanları bu məlumatları təkzib etməyib. Azərbaycan parlamentinin bir çox deputatları azərbaycanlı siyasətçiyə qarşı terror aktında birbaşa İranı ittiham ediblər.(Turan)

Bənzər yazılar

Back to top button