Hadisə

Əvəz Zeynallı prokurorluğu məhkəməyə verib

“Xural TV” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı Baş Prokurorluğun İstintaq İdarəsini məhkəməyə verib.

Bu barədə onun həyat yoldaşı Məlahət Zeynalova məlumat yayıb.

Həyat yoldaşının bildirdiyinə görə, prokurorluğa qarşı şikayətin səbəbi Əvəz Zeynallının görüş və telefon danışıqlarına qadağa qoyulmasıdır.

İki aya yaxındır ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında saxlanılan “Xural TV” rəhbəri ailə üzvlərilə nə görüşə, nə də telefonla əlaqə saxlaya bilir.

Bununla bağlı müraciətlərə cavab olaraq bildirilib ki, Əvəz Zeynallının yaxınlarıyla əlaqəsinə Baş Prokurorluğun İstintaq İdarəsinin qərarı əsasında məhdudiyyət qoyulub.

Əvəz Zeynallının işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.

Telefon danışıqları və görüş qadağasının aradan qaldırılması üçün Əvəz Zeynallının vəkillərinin vəsatətinə Binəqədi Rayon Məhkəməsində baxılacaq.

Məlahət Zeynalovanın verdiyi məlumata görə, bu iş üzrə məhkəmə iclası noyabrın 4-nə təyin edilib.

Əvəz Zeynallı sentyabrın 10-da Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə həbs edilmişdi.

Sentyabrın 21-də ona qarşı Cinayət Məcəlləsinin 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə – nüfuz alveri) maddəsilə yenidən ittiham elan edilib.

Rüşvət ittihamı “Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovla bağlıdır.

“Xural TV” rəhbəri 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.

Əvəz Zeynallı ona qarşı irəli sürülmüş ittihamların heç birini qəbul etmir.

O, sifarişlə həbs edildiyini bildirir.

“Xural TV” rəhbərinin sözlərinə görə, onu jurnalist fəaliyyətinə, tənqidlərinə görə cəzalandırmaq üçün belə ssenarilər qurulur.

Sentyabrın 10-da Əvəz Zeynallı ilə yanaşı, vəkil Elçin Sadıqov da eyni cinayət işi üzrə həbs olunub.

O, Rasim Məmmədovun vəkili idi. Elçin Sadıqov rüşvətə vasitəçilikdə ittiham olunur.

Elçin Sadıqov sentyabrın 17-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Elçin Sadıqov da özünü təqsirli bilmir, həbsini peşə fəaliyyətilə əlaqələndirir.

Onun sözlərinə görə, həbsinin əsl səbəbi ictimai-siyasi fəalların hüquqlarını müdafiə etməsidir.(Meydan TV)

Bənzər yazılar

Back to top button