İqtisadiyyatManşetSiyasət

Korrupsiya səbəbindən dövlət orqanlarının böyük əksəriyyəti qanuna riayət etmirlər (MÜSAHİBƏ)

Az müddət öncə sosial gündəmdə dövlət qurumlarının yeni binalarına tikilən binalara ayrılan vəsait müzakirə mövzusu idi. 2013-cü ildə Azərsu-ya 120 mln. dollara yeni bina tikmək qərarı verilmişdi. Bu günlərdə isə Azərsu-nun yeni binasını bəzəmək, son tamamlama işlərini görmək üçün daha 11 mln. manata yaxın pul ayrıldı. Bir sözlə, Azərsu-nun yeni binasına bu vaxta qədər bu günkü məzənnə ilə 215 mln. manat xərclənib. Bundan başqa Mərkəzi Bankın 450 milyon manata (218 milyon avro) başa gələcək yeni binasının tikintisinə də başlayıb. Yayılan məlumatlarda daha bir dövlət qurumunun- SOCAR-ın yeni binasının 306 milyon dollara başa gələcəyi qeyd olunur. Maraqlı məqamlardan biri odur ki, bu barədə məlumatlar ictimailəşəndən və cəmiyyət arasında qınaq obyektinə çevriləndən sonra Tarif Şurası sözügedən qurumların ikisinin – Azərsu və SOCAR-ın istehsal etdiyi məhsulların( dizel və su) qiymətini bahalaşdırdı. İndi ictimaiyyətdə belə fikirlər var ki, bu qurumlara tikilən binaların xərci sadə vətəndaşların cibindən əlavə yük olaraq alınacaq. Bəs bu qurumların yeni binaları dövlət büdcəsinə hansı xeyir verəcək? Hüquqşünas, maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov mövzu ilə bağlı ASTNA-ya danışıb.

***

-Əkrəm bəy, son vaxtlar dövlət qurumlarına tikilən binalar və eləcə də həmin qurumların istehsal etdikləri məhsulların Tarif Şurası tərəfindən qiymətlərinin qaldırılması cəmiyyətdə müzakirə olunan əsas mövzulardandır. Məsələn, SOCAR-ın binasına ayrılan pullar və dizelin qiymətinin qalxması. Və yaxud, Azərsu-ya tikilən bina, suyun qiymətinin qalxması. İndi insanlarda belə bir təsəvvür yaranıb ki, bu qurumlar üçün tikilən binalar üçün xərclənən vəsaiti hökumət qiymət bahalaşdırmaqla vətəndaşlardan toplamaq istəyir. İnsanların düşüncəsində məntiq varmı? Əgər belədirsə, dövlət qurumuna tikilən binaların pulunu niyə vətəndaş ödəməlidir?

Bütövlükdə dövlətin fəaliyyətini elə məhz vətəndaşlar maliyyələşdirməlidir. Əsasən ödədikləri vergi və rüsumlarla. Eyni zamanda dövlət bəzi dövlət malları və xidmətlərinin dəyərini ödəməklə. Təbii, bu əsnada dövlət qurumlarının maddi-texniki bazası, o cümlədən binalarının tikintisi və təmiri də həmin ödənişlər hesabına maliyyələşdirilməlidir. Yəni problem əslində bunda deyil. Problem vətəndaşların dövlətə ödədikləri vəsaitin səmərəli xərclənməməsindədir. Məhz buna görə də vətəndaşlarımızın üzərinə düşən yük artır. Bütün dünyada məmurların əksəriyyəti imkan düşdükcə dövlət vəsaitini mənimsəməyə, habelə lazımsız yerlərə xərcləməyə meyllidir. Səmərəli dövlət odur ki, bu imkanı minimuma endirə bilsin. Təəssüf ki, bizdə məmurların bu imkanı genişdir. Dövlət başçısının məmurların ünvanına söylədiyi son tənqid də bunu təsdiqləyir. Utanmadan Prezidentə zəng edib Şuşada lazımsız qərargahlar tikməyi təklif edirlərsə, təsəvvür edin ki, başqa məsələlərdə hansı miqyasda israfçılığa və maliyyə pozuntularına yol verirlər.

-Tarif Şurası hər iki məhsulun qiymətinin bahalaşmasını həmin məhsulların maya dəyəri ilə əlaqələndirir və digər ölkələrdə həmin məhsulların qiyməti ilə müqayisə edir. Amma hər iki məhsul (su və dizel) yerli məhsullardır. Bundan başqa əgər həmin qurumlar zərərlə işləyirlərsə, onlara yeni binalar tikilməsi bu qədər vacibdirmi? Yəni həmin vəsaiti zərərin qarşısını almaq üçün istifadə edərək vətəndaşların cibinə düşünmək daha yaxşı olmazdımı?

-Ümumən tariflərin artırılması nəticəsində dövlətə daxil olacaq vəsait hətta qiyməti dəfələrlə şişirdilmiş bina tikintisinin xərcindən çox olacaq. Yəni tariflərin artırılması sırf bu binalara görə deyil. Tikilən və ya tikiləcək binalar bunun yalnız bir hissəsidir. Təbii ki, vacib məsələdir. Çünki insanların ilk növbədə gördüyü məsələdir. Əlbəttə ki, hazırda bu binalara ehtiyacın olması böyük sual altındadır. İndiyədək heç bir qurum çıxıb normal açıqlama verməyib ki, yeni bina niyə lazımdır. Buna görə də cəmiyyətimizdə belə fikir formalaşır ki, yeni binaların tikintisinin iki əsas səbəbi var: 1) məmurlar və qurumlar bir-biri ilə bəhsə girib (“Mənim binam hamısından ucadır, gözəldir və s. və i.a.!”); 2) dövlət vəsaitlərinin talanması (əsasən “otkat” yolu ilə). Deməli, bu tikintilər olmasaydı, yəqin ki, tariflər də bu qədər artırılmazdı. Təsadüfi deyil ki, ölkə başçısı da son çıxışında xalqa müraciət edərək ictimai nəzarəti gücləndirməyə səslədi. Yəni insanlarımızın fəallığı birbaşa ciblərinə təsir edir. Dövlət qurumlarının xərclərinə ictimai nəzarət nə qədər güclü olsa, vergilər, rüsumlar və tariflər də bir o qədər az artar.

-Yeri gəlmişkən, müzakirəsi gedən qurumlardan biri də Mərkəzi Bankdır. Daha doğrusu Mərkəzi Bank üçün yeni tikilən binaya ayrılan vəsait. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov isə mediaya açıqlamasında bildirdi ki, bu vəsait Mərkəzi Bankın öz vəsaitidir. Mərkəzi Bankın öz vəsaiti varmı və bunu bina tikintisinə yönəldə bilərmi?

-Konstitusiyaya görə Mərkəzi Bank müstəsna olaraq dövlətə mənsubdur. Deməli, onun əmlakı da dövlətindir. Sadəcə dövlətin təyinatından və maliyyələşmə mənbəyindən asılı olaraq bir neçə cibi var. Mərkəzi Bank o ciblərdən biridir. Elman Rüstəmov sadəcə onu demək istəyib ki, tikinti dövlətin əsas cibi olan – dövlət büdcəsi hesabına həyata keçirilməyəcək. Xatırladıram ki, dövlət büdcəsi əsasən vergilər, rüsumlar, dövlət şirkətlərinin dividendləri və s. hesabına formalaşır. Digər böyük cib Dövlət Neft Fondudur: neft gəlirləri hesabına formalaşır və təyinatı gələcək nəsillərin rifahıdır. Mərkəzi Bankın gəlirləri isə pul emissiyası (hər buraxılan əskinasın maya dəyəri onun nominal dəyərindən qat-qat azdır) və bankların kreditləşdirilməsindən əmələ gəlir. Faktiki olaraq bütün dünyada olduğu kimi bizim Mərkəzi Bank da xalqın ona verdiyi inhisarçı səlahiyyəti həyata keçirərək havadan pul qayırır. Amma təbii onun vəsaiti də xalqındır. Buna görə də əlbəttə ki, Mərkəzi Bank da xalq qarşısında şəffaf və hesabatlı olmalıdır. Amma Elman Rüstəmovun Şuşada filial açmaq istəyindən görünür ki, bu qurum da xalqdan çox uzaqdır.

-Məsələnin ikinci tərəfi isə odur ki, bu müzakirələr çıxandan sonra bayaq dediyim kimi müzakirəsi gedən qurumların istehsal etdikləri məhsulların qiyməti qaldırıldı. Mərkəzi Bankın məhsulu isə manatdır. İndi qorxu budur ki, həmin vəsaiti vətəndaşlardan çıxarmaq üçün yaxın vaxtlarda Mərkəzi Bank devalvasiyaya gedə bilər. Bunu gözləmək olarmı?

-Bu ehtimal azdır. Ona görə ki, Mərkəzi Bank pul kütləsini artmağa qoymur. Yəni banklara az kredit verir. Pandemiya şəraitində insanların gəlirləri düşdüyü üçün dollara tələbat azdır. Üstəlik dolların dünyada məzənnəsi də sual altındadır. Neftin qiyməti də artma meyllərini göstərir. Nəhayət, dövlət qaz, dizel və suya tarifləri artırmaqla (manat kütləsinin daha çox dövlətdə cəmləşməsinə aparır) onsuz da maliyyə otpimallaşdırılmasını edir və yəqin ki, hələ edəcək də. Belə şəraitdə devalvasiyanın olması ehtimalı azdır.

-Maraqlısı odur ki, bu qurumların bir çoxu dövlət büdcəsindən dotasiya alır. Belə bir vəziyyətdə dövlət büdcəsindən dotasiya alan, zərərlə işləyən dövlət qurumlarına niyə binalar tikilir? Niyə saxlanılır ümumiyyətlə?

-Ümumən görünən odur ki, tariflərin artırılması yekunda dotasiya modelinə son qoyacaq. Dövlət şirkətlərinin İnvestisiya Holdinqinin çətiri altında birləşdirilməsi də məhz buna dəlalət edir. Dövlət şirkətləri xərclərini gəlirləri hesabına həyata keçirməlidir. O cümlədən tikinti-təmir işlərini də.

-Siz nə təklif edərdiniz? Ümumiyyətlə bu qurumlar niyə özəlləşdirməyə çıxarılmır? Niyə dövlətin yükü azaldılmır?

-İnhisarçı dövlət şirkətləri özəlləşdirilə bilməz. Xüsusən bizim kimi kiçik ölkədə. Nəinki bu şirkətlərin, ümumiyyətlə dövlət orqanlarının və bütün dövlət qurumlarının maliyyə intizamının gücləndirilməsinin bir yolu var: dövlət satınalmaları haqqında qanunvericiliyin təkmilləşdirilməsi və ona riayət edilməsi, bu sahədə ictimai nəzarətin təşkil edilməsi. Hazırda mövcud olan “Dövlət satınalmaları haqqında” Qanun çox anlaşılmaz bir aktdır. Onunla işləmək çox çətindir. Həm buna görə, həm korrupsiya məramı ilə dövlət qurumlarının mütləq əksəriyyəti o Qanuna heç əməl də etmirlər. Məsələn, illik planlarını dərc etmirlər, açıq tenderləri satınalma portalı vasitəsilə elektron qaydada həyata keçirmirlər və s. İctimai nəzarət isə dövlət qurumlarının öz büdcələrinin azı həftəlik hərəkəti barədə saytlarında məlumatı əsasında olmalıdır. Alınan qələmin belə qiyməti görünməlidir. Mən hələ bir yerin neçə dəfə sökülüb tikilməsini demirəm.

Bənzər yazılar

Back to top button