İdman

“AFFA hansı klubu özünə uyğun görürsə, o da Premyer Liqaya buraxılır” – Musa Qurbanov

“Zaqatala” klubunun prezidenti Musa Qurbanov qol.az-ın suallarını cavablandırıb

– Birinci divizion klublarının çətinlikləri məlumdur. “Zaqatala”da durum necədir?

– Əslində hər kəs bu çətinlikləri bilir. Danışığım şikayət kimi çıxmasın. Lisenziya üçün bütün sənədləri hazırlayıb AFFA-ya təqdim etmişik. Vəziyyət göz qabağındadır. Əgər sponsor yoxdursa, 200 min manat ayrılan klubun vəziyyəti necə ola bilər?

– Bu gün “Zaqatala” birinci divizionda 8-ci pillədədir. Yəqin hazırkı şəraitdə komandadan hansısa nəticəni də tələb etmirsiniz.

– Mənim komandadan heç bir tələbim yoxdur. Demişəm ki, çalışın mövsümü başa vurun. Əlimdən gələn köməyi də etməyə çalışıram. Bacardığım qədər, imkan daxilində dəstək oluram. Mən komandanın qarşısına hansısa yer tutmaq tapşırığı qoya bilmərəm. Onlardan “niyə pis oynayırsınız, 1-2-ci yerdə deyilsiniz” deyə tələb etməyin düzgün olmaz.

– Yəni futbol haqda düşünmək ikinci plandadır?

– Bu şəraitdə futbol haqda nə düşünmək olar? Sadəcə, statistika xətrinə komanda birinci divizionda çıxış edir.

– Bu mövsüm “Kəpəz” və “Turan Tovuz” Premyer Liqaya buraxıldı. “Zaqatala”nın da bölgə klub olaraq elitaya gətirilməsi məsələsi futbol ictimaiyyətində müzakirə olunurdu. “Zaqatala” hansı meyarlara görə digər iki klubdan fərqləndi?

– Birinci divizonda bu meyarlara uyğun heç bir klub yoxdur. Sənəd hazırlamaqdırsa, biz də vermişik. Ən azından maliyyə meyarına görə heç bir divizion klubu elitada çıxış edə bilməz. Hələ mən infrastrukturu demirəm.

– “Zaqatala”nı elitaya buraxmamaqla sizə qarşı ayrıseçkilik edildiyini düşünürsünüz?

– Burada hər şey AFFA-nın istəyindən və hansı klubu uğyun görməyindən asılıdır. AFFA hansı klubu özünə daha uyğun görürsə, o da Premyer Liqaya buraxılır.

– Uyğunluq deyəndə nəyi nəzərdə tutursunuz?

– Bunu artıq onlardan soruşmaq lazımdır ki, siz hansı kriteriyalara görə filan klubu seçirsiniz. Onlar da əsaslandıra bilərlər ki, filan bölgədə futbol ənənəsi daha güclüdür, filan yerdə hava şəraiti yaxşıdır (gülür). Bu gün Premyer Liqanın bütün klublarında zaqatalalı futbolçu var. Zaqatalada o qədər də yaxşı şərait olmadığına görə valideynlər uşaqlarını Qəbələdəki futbol akademiyasına yönəldirlər. O akademiyadan xeyli zaqatalalı futbolçu çıxıb. İnfrastruktur isə bizdə bir çox bölgələrdən daha yaxşıdır.

– Bu gedişlə Zaqatalada futbolun gələcəyi necə olacaq?

– Yaxşı heç nə gözləmirəm. Mənim bunu düzəltmək üçün qüvvəm yoxdur. Kimin gücü, maliyyə imkanı varsa, bu sualı onlara vermək lazımdır. Mən çox sponsor axtardım, çox adamla görüşdüm, danışdım. Əslində Zaqatalanın özündə imkanlı şəxslər elə də çox deyil. Nə qədər çalışdımsa sponsor tapa bilmədim. Əgər belə davam etsə, lazımı qədər maliyyə vəsaiti ayrılmasa, yaxşılığa doğru heç nə olmayacaq. Normal futbol olması üçün ən azından uşaq futboluna ayrılan vəsasit çoxalmalıdır, meydançalar yenilənməlidir. Bu gün bizim bütün yaş qruplarından olan komandalarımız azdan-çoxdan çalışır, uşaq məşqçiləri işləyirlər. Amma maliyyə imkanın yoxdursa, axırı yaxşı olmur.

– AFFA-nın son Hesabat Konfransında divizion klublarına ayrılan vəsaitin artaraq 300 min olacağı qərarı verildi. Bu məbləğ klubu saxlamağa bəs edər?

– O 300 minlə keçənilki 200 minin heç bir fərqi olmayacaq. Bizim stadion Gənclər və İdman Nazirliyinin nəzdindədir. Biz hər il stadion üçün 50 min manat icarə pulu ödəyirdik. Əslində heç 50 min manat da onları razı salmırdı. Çünki xərci daha çox çıxır. Bu il birtəhər, xahişlə həmin 50 mini ödəməmişik. Amma gələn il o pulu da ödəməliyik. Adama bir il hörmət edərlər. Qazı, suyu kəsmə, işığı söndürmə… Belə birtəhər çalışırıq ki, mövsümü başa vuraq. Xeyli komunal borclar yaranıb. Gələn il məşqlərə başlayanda bu borclar ödənilməsə, bizi ora buraxmayacaqlar. Yəni 50 mini bayaq dediyim kimi, əvvəldən ödəməliyik. Qalır 250 min manat. Biz özümüz də elə 250 minə yaxın pul xərcləmişik. Ona görə deyirəm ki, həmin ayrılan 300 minin əvvəlki 200 minlə heç bir fərqi olmayacaq. Bu pulu klublara ayıran hansı məntiqlə hesablama aparıb. O xərcləri necə hesablayıb, başa düşə bilmirəm. Məncə, 300 minlə də heç nə edə bilməyəcəyik. Daha çətin olacaq.

– Bəs klubu saxlamaq üçün illik nə qədər vasait lazımdır?

– Heç olmasa 500 min, 800 min manat. Yəni nə qədər çox olsa, azdır. Həm də bu, AFFA-nın klublardan nə istəməyindən asılıdır. Əgər kütləvi formada futbolun işkişafını arzulayırıqsa, lap kiçik yaşlı uşaqların da yarışlarda iştirakını istəyiriksə, 500 min də azdır.

– “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ötən gün mətbuat konfransında bildirdi ki, futbolçularına ölkə xaricindən gələn təkliflər işlərinə çox mane olur, komanda qurmağa çalışır, amma gözlənilmədən hansısa aparıcı legioner xarici kluba gedir. Bu durumla bağlı fikirlərinizi bilmək istərdik. Bunun qarşısı necə alına bilər?

– Legionerlər daha yaxşı çempionatlara can atırlar. Futbolçuları qınamaq olmur. Daha yaxşı çempionatdan, özü də sərfəli təklif gəlirsə, getməlidir. Futbolçu niyə legioner həyatı yaşayır? Pul qazanmaq, yaxşı çempionatda oynamaq, daha yaxşı karyera qurmaq üçün. Çempionatımız daha da inkişaf etsə, klub sayı artsa, rəqabət olsa, onda fərqi görərik. İndiki məqamda legionerin bizim klubları tərk edib, başqa ölkəyə getməsində təəccüblü heç nə yoxdur.

– Uzun illərdir ki, Premyer Liqamızda bombardirlər siyahısına legionerlər başçılıq edirdi. Bu mövsüm isə qardaşınız oğlu Musa Qurbanlı 20 qolla çempionatın ən yaxşı bombardiridir. İkinci sırada olan Ramil Şeydayev də yerli oyunçudur. Bu məqam və Musa Qurbanlının çıxışı ilə bağlı fikirlərinizi öyrənək.

– Sevindiricidir ki, öz futbolçularımız daha çox qol vurur. İstərdik ki, bu ənənə davam etsin. Futbolda qol vurmaq vacib şərtlərdən biridir. Musanın çox yaxşı hücumçu keyfiyyətləri var. Çalışqan uşaqdır. Həmişə öz üzərində çalışır ki, ustalığını artırsın. Atasının nəzarətindədir. Qurban da futbolla böyüyən insan olub. Mən də bacardığım qədər kömək edirəm. Söhbətlər edirik. İnanıram ki, Musa daha da inkişaf edəcək. Özünün də, bizim də məqsədimiz odur ki, daha yaxşı çıxış etsin.

– Musa Qurbanlının adı bəzi Avropa klubları ilə hallanır. Sizcə, onun göndərilməsi düzgün olar, yoxsa “Qarabağ”da davam etməsi?

– Bu, artıq gələn təkliflərdən asılıdır. Uyğun olarsa, bu gün gedəcək. Yəni onun inkişafına xeyir verə biləcək təklif olsa, gedə bilər. Burada məqsəd ancaq Musanın daha yaxşı inkişaf etməsidir. Elə bir uyğun çempionatdan və klubdan təklif olarsa, inanıram ki, gedər. Atası ilə bu barədə danışırıq. Gələn təklif bayaq dediyim amillərə görə dəyərləndiriləcək. Hansısa yaxşı klubdan təklif gəldi, buraxaq getsin, belə bir şey yoxdur. Onun gələcək karyerasına yaxşı mənada təsir edəcək təklif gələrsə, yalnız o halda dəyərləndiriləcək.

– Milli komandamızın Avro-2024-ün seçmə mərhələsində uğursuz startı haqda nə deyə bilərsiniz?

– Qurbanın millidən kənarlaşdırılmasından sonra milli komanda ilə bağlı danışmaq istəmirəm. Buna görə də indi milli komanda ilə bağlı şərh verməyim düzgün olmaz.

Bənzər yazılar

Back to top button