Dünya

ABŞ Rusiyanı BMT Təhlükəsizlik Şurasında “peşəkarcasına davranmağa” çağırır

Bazar ertəsi Dövlət Departamenti Rusiyanı bu ay Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında planlaşdırılan sədrlik zamanı özünü peşəkarcasına aparmağa çağırıb, Turan-ın Vaşinqtondakı müxbiri bildirib.

“Ümid edirik ki, Rusiya planlaşdırılan sədrlik dövründə özünü peşəkarcasına aparacaq, Şura isə bütün dünyada sülh və təhlükəsizlik məsələləri üzrə mühüm işini davam etdirəcək”, – mətbuat katibinin müavini Vedant Patel brifinqdə bildirib.

“Bununla yanaşı biz Rusiyanın dezinformasiya yaymaq, diqqəti yayındırmaq və ya Ukraynadakı hərəkətlərinə haqq qazandırmaq üçün Şuradakı yerindən istifadə etməyə davam edəcəyini gözləyirik və buna hazırlaşırıq”, – Patel Turan-ın suallarını cavablandırarkən deyib. “Və buna görə də biz çox diqqətli olmağa davam edəcəyik və lazım gəldikdə müvafiq addımlar atacağıq”, – o əlavə edib.

Patelin şərhləri ötən həftə sonu Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin Ukrayna “yox olacaq, çünki heç kimə lazım deyil” söyləməsindən sonra səslənib.

“Medvedev yanılır”, – Patel cavabında deyib. “…Siz gördünüz ki, son bir il ərzində, hətta ondan əvvəl Birləşmiş Ştatlar ukraynalı tərəfdaşlarımızın özlərini Rusiyanın təcavüzündən qoruya bilməsi, öz ərazi bütövlüyünü və suverenliyini qoruya bilməsi üçün onları dəstəkləməkdən ötrü əlindən gələni etmək üçün ciddi tədbirlər görüb”.

Bənzər yazılar

Back to top button