Dünya

ABŞ Rusiyanın enerji müharibəsinin “uğursuzluğa düçar olduğunu” bildirir

Çərşənbə axşamı Bayden Administrasiyasının enerji siyasətinə nəzarət edən baş diplomatı bildirib ki, Vladimir Putinin enerji resurslarından silah kimi istifadə etmək cəhdi “uğursuzluğa düçar olub” və Avropa artıq Rusiyanın enerji resurslarını almayacaq, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

Bunun əvəzinə ABŞ və Avropadakı müttəfiqləri Mərkəzi Asiya, Xəzər və Şimali Afrika ölkələrini bərpa olunan enerji mənbələrinin istehsalında və enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm potensial tərəfdaşlar olaraq görür.

“Avropa üçün Azərbaycan qazının tədarükü bu məsələnin mühüm hissəsinə çevrilib”, deyə ABŞ dövlət katibinin enerji resursları üzrə köməkçisi Ceffri Payett Turan-ın müxbirinə bildirib.

“… Biz, əlbəttə ki, prezident Əliyev və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında Azərbaycandan qaz idxalının artırılması haqqında sazişi alqışlayırıq və mən bilirəm ki, artıq Cənub Qaz Dəhlizi ilə tədarükün artırılması üzrə tədbirlər görülüb və Aİ bu boru kəməri şəbəkəsinin ötürmə qabiliyyətinin artırılması üzərində işləyir”, deyə o bildirib.

Payett Dövlət Departamentinin Vaşinqtondakı Xarici Mətbuat Mərkəzində keçirilən brifinqdə jurnalistlərlə söhbət edib. Aİ-ABŞ Enerji Şurasının bu yaxınlarda Brüsseldə keçirilən iclasının yekunlarına toxunan Payett qeyd edib ki, Brüsseldə “Avropanın Rusiyadan enerji resursları təchizatından ayrılması və Avropanın energetika iqtisadiyyatının etibarlı qlobal tərəfdaşlara yönəlməsi” məsələləri müzakirə olunub. “Onlar arasında ABŞ, habelə Şimali Afrika, Xəzər regionu ölkələri və digər ölkələr var”.

Turan-ın müxbirinin Azərbaycanın rolu haqqında sualına cavabda Payett deyib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri kimi ölkələrin resursları dünyada enerji daşıyıcılarının ümumi tədarükünə “mühüm töhfə” verir.

O, əlavə edib ki, qlobal energetika bazarına verilən töhfə “minimum karbon izinə” malik olmalıdır, bu da iqlimə dağıdıcı təsiri minimuma endirmək üçün ətraf mühitin çirklənməsinə qarşı mübarizəyə əlavə investisiyalar deməkdir.

“Şərqi Aralıq Dənizindən əlavə qaz həcminin tədarükü variantlarını dəstəkləməkdən şadıq. Əlbəttə, Amerika şirkətləri də bu regiona böyük vəsait yatırıb. Mənim Kipr, İsrail, Misir nümayəndələri ilə belə danışıqlarım olub.

Daha bir ölkə artıq mövcud olan infrastruktur vasitəsilə Avropaya ixracın sürətlə artırılması üçün böyük qaz potensialına malik olan Əlcəzairdir. İtaliyanın Liviyadan idxal imkanlarını artırmaq üçün atdığı addımları da dəstəkləyirik”.

“Buna görə, yaxın bir neçə ildə biz Avropanın Rusiya tədarükündən imtinasının davamını görəcəyik”, deyə o, sözünə davam edib.

Bir şey aydındır: Rusiyanın öz resurslarını silaha çevirməsi Avropada bərpa olunan enerji mənbələrinə investisiyaları sürətləndirib. Bundan başqa, maye qaz Avropa İttifaqı, eləcə də ABŞ üçün üçün keçid dövrünün mühüm yanacağı olaraq qalacaq. “Amma biz bu qazın karbon izini azaltmaq üçün bütün dünyada birgə işləməliyik, çünki bəzi ölkələrdə hələ də çıxarılan metanın böyük hissəsi atılır və ya yandırılır”, deyə o bildirib.

Bənzər yazılar

Back to top button